Saytımızı qiymətləndirin


 
 

Deputat onu bulvara buraxmayan rəisin istefasından danışdı: “Bir neçə gün öncə...”
Tarix: 30-03-2023 | Saat: 11:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Deputat onu bulvara buraxmayan rəisin istefasından danışdı: “Bir neçə gün öncə...”

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Razi Nurullayevə bulvarda müsahibə verməyə icazə verilməyib. 

Hadisədən sonra sosial şəbəkə hesabında bu barədə yazan deputat bu qadağaya etiraz edib və üzr gözlədiyini bildirib. 

Ötən gün isə Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidmətinin rəisi öz ərizəsi ilə işindən azad olunub. O, Əmək Məcəlləsinə uyğun olaraq öz ərizəsi ilə işindən ayrılıb. 

Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan millət vəkili Razi Nurullayev xaricdə səfərdə olduğu üçün məsələdən xəbəri olmadığını bildirib:

“Bulvar İdarəsinin mühafizə xidmətinin rəisinin işdən çıxmasından xəbərim yoxdur, amma bilirəm ki, bu məsələyə yüksək səviyyədə maraq göstərildi və məsələ həll olundu. Əslində, məlum oldu ki, bu, lokal xarakterli məsələlər imiş. Hər halda, şükür ki, həll olundu. Amma heç kimin vəzifəsindən getməsini, istefa verməsini, stress yaşamasını da istəməzdik”. 

Deputat qeyd edib ki, tənqiddən bu cür sivil yolla nəticə çıxarıldığını görməkdən məmnundur:

“Mən öncə dövlət orqanlarına, bu məsələ ilə maraqlanan, deputatı, dövləti müdafiə edən hər bir vəzifəli şəxsə, ölkə rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Doğurdan da bu məsələ ictimailəşəndən sonra həm media, həm də ayrı-ayrı dövlət qurumları tərəfindən ilgi göstərildi, məsələ aydınlaşdırıldı və öz həllini tapdı. Mən buna görə yanımda olan hər kəsə təşəkkürümü bildirirəm. Mənim özümə xeyli zənglər olub və bunu yüksək qiymətləndirirəm. Eyni zamanda, Bulvar İdarəsinin rəisi də mənimlə danışdı, hələ bir neçə gün öncə məsələləri aydınlaşdırdıq. İnanıram ki, bundan sonra artıq bu cür hallar baş verməyəcək. Biz hamımız dövlətimizə, xalqımıza xidmət edirik. Bulvar İdarəsi də bu xalqa xidmət edir, amma bəzi məsələlər var idi ki, bu məsələlər artıq aydınlaşmalı və öz həllini tapmalıydı. Çox yaxşı ki, bu məsələ həll oldu. Əslində, tənqidə bu cür reaksiya verilməsi, həll edilməsi ölkəmizin doğru yolda inkişafını göstərir. Demək ki, ölkəmiz mədəniləşir, sivilləşir, dəyərlər üzərində qurulmağa başlayır. Mən buna görə sevinirəm, çox şadam”. 



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər