Saytımızı qiymətləndirin


 
 

3 ABŞ universitetinə qəbul olunan BANM tələbəsi: “Nə edəcəyimi hələ bilmirəm”
Tarix: 03-03-2023 | Saat: 19:53
Bölmə:Karusel / Təhsil | çapa göndər

3 ABŞ universitetinə qəbul olunan BANM tələbəsi: “Nə edəcəyimi hələ bilmirəm”

 

 

“BANM kimya mühəndisliyi üzrə abu-havası, araşdırma şəraiti və s.-ə görə Azərbaycanda yüksək səviyyəli universitetdir. Bütün bunlar xaricdə təhsil üçün çox böyük fayda verdi. Universitetin karyera imkanları, ingilis dilində tədris, kimya mühəndisliyi ixtisası üzrə yüksək keyfiyyətli təhsil şəraiti məni BANM-a gətirdi.  Amerikaya qəbul olmağımda universitetimin qazandırdığı ingilis dili bazası çox böyük rol oynadı.  Universitetimiin bu üstünlükləri abituriyent vaxtı mənə çox cəlbedici gəlmişdi”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında ABŞ-ın 3 nəhəng universitetinin doktorantura pilləsinə qəbul olunan tələbə Fəxrəddin Eminli deyib.

 

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Fəxrəddin Eminli ABŞ-nin 3 universitetinə tam təqaüdlə birbaşa doktorantura səviyyəsinə qəbul olub. Universitetin rektoru Elmar Qasımov özünün şəxsi feysbuk səhifəsində də tələbəsini bu uğur münasibətilə  təbrik edib.  F.Eminli əldə etdiyi uğurda BANM-ın yerini xüsusi olduğunu  vurğulayıb:

 

“Həm abituriyent,  həm də tələbə vaxtı dərslərə tək hazırlaşmağı sevmirdim. İmtahanlara da, xaricdə təhsilə müraciətdə də dostlarımla bir yerdə hazırlaşmağı sevirdim. Tək hazırlaşmaq mənə sıxıcı gəlirdi, həmişə ətrafıma çalışmaq üçün dostar yığırdım. Onların mənə kömək olacağına əmin idim. Bu baxımdan, BANM-ın tələbə kollektivi çox kömək oldur”.

 

“Günün təxminən 2 saatını dərslərə ayrırıdım”

 

F.Eminli açıqlamasında onu uğura aparan hazırlıq sistemindən də  bəhs edib:

 

“Günün təxminən 2 saatını dərslərə ayırırdım. Dərslərimi adətən saat 8-9-dan sonra hazırlayırdım. Sosial həyatıma dərslərdən sonra bir saat ayırırdım. Tam boş vaxtım olanda isə fəlsəfə və tarixlə bağlı kitab oxumağa, gitara çalmağa, idmanla məşğul olmağa çalışırdım. Bir də musiqi dinləyərək gündə 1 saat tək piyada gəzməyi çox sevirəm.

 

Amerikadada təhsil üçün 5 universitetə müraciət etmişdim  hələlik üçündən cavab gəlib. Seçimimi etmişəm - Urbana-Şampeyn İllinoys Universitetində təhsil alacağam. Qalan 2 universitetdən cavab gəlsə də artıq seçimi etmişəm.  Hələ universitetləri araşdırarkən bura mənə ən cəzbedici gəlmişdi.

Amerikanı seçməyimdə əsas faktor ixtisasım idi. Universitetə qəbul olmamışdan əvvəl biotexnologiya mənə çox maraqlı gəlirdi. Avropada kimya mühəndisliyi üçün belə bir şərait yaradılmırdı. Onlar daha çox müəyyən kreditlər tələb edirdilər. Bunun üçün müxtəlif kurslar götürmək lazımdır. Amma Amerikada  biotexnologiya kimya mühəndisliyinin bir sahəsi kimi qəbul edildiyi üçün  mənə çox cəzbedici gəldi.  Gələcəkdə akademik karyera qurmaq istədiyimdən, eyni zamanda, ixtisasım üzrə araşdırma üçün Amerikada imkanlar daha çox idi.

 

Urbana-Şampeyn İllinoys Universitetinə qəbul mənim üçün gözlənilməz oldu. Təsdiq cavabını gördükdə hədsiz sevindim. Bu universitetin həm ölkədəki prestiji, həm də mənim ixtisasım üzrə imkanları çox böyükdür”.

 

“Planlarda dəqiq olmaq lazımdır”

 

Həmsöhbərimiz açıqlamasında xaricdə təhsil almaq istəyənlərə də öz məsləhətlərini bildirdi:

 

“Xaricdə təhsil almaq istəyən tələbələr plan və motivasiyalarını düzgün müəyyən etməlidirlər. Bakalavriaturaya qəbul olunduğum gündən xaricdə təhsil alacağımı planlamışdım.  5 il ərzində də xaricdə təhsil almaq üçün oxuduğunu düşünürdüm.   Bir də planlarda dəqiq olmaq lazımdır. Mən keçən ilin ortalarından Amerikada təhsilə qərar vermişdim və o vaxtdan bu yana məqsədim üzrə çalışmağa başladım. Qərarı dəqiq vermədikdə  müəyyən çaşqınlıqlar yaranır, bu da nəticəyə mənfi təsir göstərir.  Xaricdə təhsil üçün əsas məqamları xarici dil biliyi və elmi tədqiqatdır. Bunlar üçün bizim universitetdə yaxşı imkanlar var. 

 

Biotexnologiya həmişə diqqətimi çəkib. Bu ixtisası gələcəkdə ekoloji problemlərə, aclıqla mübarizəyə və s. həll tapa biləcək ixtisas düşünmüşəm.  İxtisasıma marağım elmlə məşğul olmağa motivasiya verib.

Düzü, təhsili bitirdikdən sonra nə edəcəyimə hələ dəqiq əmin deyiləm. Gələcəklə bağlı planım akademik sahədə irəliləməkdir. Gələcəkdə ixtisasım üzrə ölkəmizdə şərait yaranarsa,  burada fəaliyyət göstərmək istəyərəm. Hələlik dəqiq qərar verə bilməmişəm”.

 

Qeyd edək ki, onun  Ohayo Universiteti, Tuleyn Universiteti və Urbana-Şampeyn İllinoys Universitetində Kimya və biomolekulyar mühəndislik ixtisasında tam təqaüdlü doktorantura təhsili üçün müraciətinə müsbət cavab verilib.

 

Fəxrəddin təhsilini Urbana-Şampeyn İllinoys Universitetində (University of İllinois Urbana-Champaign) davam etdirmək niyyətindədir. BANM tələbəsinin bu universitetdən qazandığı illik təqaüdün məbləği 74,5 min ABŞ dolları təşkil edir. Fəxrəddin Bakı Ali Neft Məktəbinə 690 balla daxil olub.

 



Xəbəri paylaş

1129 dəfə oxunub.

Digər xəbərlər