Bir neçə gün öncə Xalq artisti Şəfiqə Məmmədovanın yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri seçilməsi ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.
İddia edilir ki, Şəfiqə Məmmədovanın sədr seçildiyi gün ARKİ-nin hər hansı qurultayı baş tutmayıb. Bu səbəbdən də ARKİ üzvləri Xalq artistinin özü-özünü sədr elan etdiyini bildiriblər.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov qurultayın keçirilmədiyini iddia edərək ötən gün mətbuata bir neçə açıqlama verib.
Qarabaginfo.az mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış kino-rejissor, Xalq artisti Oqtay Mirqasımov Şəfiqə Məmmədovanın əsasnamədə yazılan qaydada yenidən sədr seçildiyini bildirib:
“Bunlar hamısı bilməməzlikdən irəli gələn şeylərdir. Şəfiqə Məmmədova əsasnamədə yazılan qaydada seçildi və təsdiqləndi. Bizdə hər şey qurultayla həll edilmir. Konfransın bəzi şeyləri həll etmək hüququ var. Seçim məsələsi gündəmə gəldikdə fikirləşdik ki, hazırda Kinomatoqrafçılar İttifaqı elə vəziyyətdə deyil ki, qurultayı gözləyək”.
Onun sözlərinə görə, hazırda ittifaqın qurultay keçirə biləcək maliyyə vəsaiti yoxdur, buna görə sədr iclasda seçilib:
“Burada maliyyə məsələləri var, bizim büdcəmiz o qədər də güclü deyil. Hazırda çox gərgin vəziyyətdəyik, imkanımız məhduddur. Qurultayı yığmaq çox vəsait və hazırlıq tələb edir. Biz özümüz qərara gəldik ki, elə burada – iclasda seçək. İttifaqın hüquqşünasını çağırdılar ki, məsləhət etsinlər görək bu məsələdə hansı yol qanunidir. Vaqif Mustafayev ondan soruşdu ki, belə qayda varmı? Hüquqşünas isə əsasnaməyə baxaraq bunun qanuni olduğunu, amma iştirak edənlərin fikirlərini deməli olduğunu bildirdi. Biz isə hamımız xorla Şəfiqə Məmmədovaya səsimizi verdik. Bizim İttifaqda heç vaxt davakarlıq olmayıb, bundan sonra da olmayacaq”.
O.Mirqasınov həmkarı Şeyx Əbdülün bu cür fikirlər səsləndirməsindən təəssüfləndiyini qeyd edib:
“Şeyx Əbdülün belə fikirlər səsləndirməyinə heyfsləndim. Şeyx Əbdül “Yeddi oğul istərəm” filmində çəkilib, illərdir ki, onun adına başqa yerdə rast gəlməmişəm. 63 ildir ki, kino sahəsindəyəm, həmin filmdən başqa Şeyx Əbdül Mahmudbəyovun başqa iz qoyan işini yada sala bilmirəm. Nahaq yerə bu cür fikirlər səsləndirir. İclasa gələydi, gəlsəydi də yəqin ki, çox söz danışardı, çünki o, söz ustasıdır”.