Laçın-Xankəndi yolunda etiraz aksiyası 11-ci günə keçdi. Bir şey artıq gün kimi aydındır: Azərbaycan addım-addım da olsa, öz hədəfinə doğru gedir. Geri dönüş, güzəşt olmayacaq, çünki söhbət “qırmızı xətt”imizdən gedir. Əks halda, ərazi bütövlüyümüz və suverenliyimizi gərək bazarlığa çıxaraq. Bu da istisnadır!
Deyəsən, ermənilər də yavaş-yavaş gerçəyi anlamağa başlayıblar. Xəbis qonşular artıq etiraf edirlər ki, onların budəfəki hay-küyünə beynəlxalq miqyasda yetərli reaksiya yoxdur. BMT TŞ-dəki srağagünkü müzakirələr də onların gözləntisini tam doğrultmayıb. Əsasən ümumi ifadələr, hər iki tərəfə dialoqu, sülh prosesini davam etdirməklə bağlı çağırışlar səslənib. Heç bir sənəd qəbul olunmayıb. Azərbaycana adresli ittihamlar səslənməyib. Necə deyərlər, yığışıblar, danışıblar, dağılışıblar.
Daha bir səbəb Azərbaycanın haqlı mövqeyinin qlobal miqyasda, hər halda, eşidilməsi və “blokada” sözünün beynəlxalq hüquq baxımından Azərbaycan daxilində tətbiqinin qeyri-mümkünlüyü ilə bağlıdır. Nədən ki, “blokada”, “işğal” - başqa (qonşu) dövlətə qarşı istifadə olunan hüquqi anlayışdır. Azərbaycan isə öz ərazisini blokadaya ala, işğal edə bilməz, yalnızca güc tətbiqi ilə öz pozulmuş hüququnu və ya ərazi bütövlüyünü bərpa edə bilər. Necə ki, elə bununla məşğuldur.
Eyni səbəbdən Rusiya da Azərbaycana sərt etiraz edə bilmir. Moskva həmçinin fərqindədir ki, 10 noyabr kapitulyasiya sənədi Qarabağ üzərində Azərbaycanın suverenliyini azaltmır, azalda bilməz. Kreml 22 fevral 2022-ci il Moskva bəyannaməsi ilə, başqa bir sənədlə yazılı şəkildə təsdiqləyib də. Bu o deməkdir ki, Rusiya sülhməramlı qüvvələrinin arxasında gizlənən separatçı kriminal ünsürlər, o sırada Vardanyan çaplı dələduzlar ərazimizdə nə istəyir onu edə, sərvətlərimizi rahatca çapıb-talaya bilməzlər.
Rusiyanın əl-qolunu bağlayan sözsüz ki, həm də bu reallıqdır. Üstəgəl, Ukrayna amili bizim xeyrimizə işləyir...
*****
“Rusiya öz maraqlarından çıxış edərək Artsaxda bəzi öhdəliklər götürüb. Ancaq açıq-aydın görünür ki, Ukrayna hadisələrinə görə bu öhdəlikləri bizim görmək istədiyimiz dərəcədə yerinə yetirə bilmir”.
“Yeni Müsavat” xəbər verir ki, bu sözləri erməni analitik Arqişti Kiviryan yerli mediaya müsahibəsində bildirib.
Moskvanın Azərbaycana qarşı mümkün təzyiq alətləri ilə bağlı suala cavabında Kiviryan deyib: “Rusiyanın üç yolu var: biri diplomatiya, ikincisi hərbi yol, üçüncüsü isə hibrid variant. Rusiya Ukraynada ondan ötrü həyati önəm kəsb edən müharibə aparır. Masanın üstünə Rusiyanın varlıq və ya yoxluq məsələsi qoyulub. Rusiyanın Artsaxda 2 minə yaxın sülhməramlısı, Ermənistandakı Gümrü hərbi bazasında isə təxminən 4-5 min nəfər var. Bu, Azərbaycana qarşı hərbi əməliyyatların aparılması üçün gülünc rəqəmdir. Qarşıdurma olarsa, sülhməramlılar qrupu cəmi bir neçə saat ərzində məhv ediləcək - Rusiya hərbi bazasının əsgərləri Ermənistandan köməyə gəlsə belə”.
Kiviryana görə, Rusiya Azərbaycana qarşı uğurlu hərbi əməliyyat aparmaq üçün Azərbaycana Dağıstandan girməli olacaq: “Yəni sülhməramlılarını qorumaq üçün ən azı 300 min insan Dağıstandan Artsaxa köçməlidir. Rusiya isə hazırda Ukrayna cəbhəsindən nəinki 100 min, hətta heç 10-20 min insanı çıxarıb başqa yerə göndərə bilməz. Ukraynada vəziyyət davam etdikcə, Moskvanın kəskin addımlardan qaçacağı aydındır”.
Moskvanın diplomatik təzyiq üsuluna gəlincə, erməni politoloq hesab edir ki, Azərbaycan özünü çox güclü hiss edir: “Xüsusən də Ukraynadakı müharibə səbəbindən Rusiya Azərbaycan-Türkiyə dünyasından asılı vəziyyətə düşüb”.
Onun sözlərinə görə, Azərbaycan yaxşı anlayır ki, Moskva ondan asılıdır. “Təbii ki, Rusiya Türkiyədən daha çox asılıdır, lakin Türkiyədən asılılıq müəyyən mənada Azərbaycandan asılılığa qədər uzanır. Bakı və Ankara yaxşı bilir ki, Moskvanın diplomatik rıçaqları yoxdur”, - deyə o əlavə edib.
*****
Bu üzdən Kremlin “Vardanyan layihəsi” də faktiki boşa çıxıb, bir işə yaramır. Bəllidir ki, Azərbaycan Prezidenti bu zat haqda qəti fikrini söyləyib: Rusiyanın konkret gündəliyi ilə Qarabağa göndərilmiş R.Vardanyanla heç bir danışıq olmayacaq! Bu xüsusda tanınmış erməni bloger Roman Baqdasaryanın öz bədnam soydaşı haqda şərhi də maraq doğurur. Bu barədə o, “Qafqazdan xəbərlər” kanalının aparıcısı Gela Vasadzenin verilişində danışıb.
Baqdasaryan deyir: “Vardanyanın necə bir insan olduğunu anlamaq üçün illərlə onunla işləmiş, onu beş barmağı kimi tanıyan insanları tapdım. Onlar mənə dedilər ki, Ruben Vardanyan yaxşı yaşamağı, dadlı yeməkləri sevən biridir. Bu o adam deyil ki, belə imkanları ilə gedib qarmaqarışıqlığın hökm sürdüyü Qarabağda otursun. Ən cəsarətli və vətənpərvər insan belə öncə milyon dəfə düşünəcək: dalana dirənmiş bir işi öz üzərinə götürməyə dəyərmi? Vardanyan 100% Rusiyadan göndərilib. Sadə səbəbə: o, bütün biznesini Rusiyada qurub”.
Erməni bloger ardınca bildirir: “Aydındır ki, bu adam Rusiyada onun qanunsuz sövdələşmələrini ört-basdır edən yüksək çinli məmurlarla işləyib. Rusiyada Kremldən və ya FTX-dən olan böyük adamların himayəsinə sığınmadan böyük işlər görmək mümkünsüzdür. Keçmişdə və ya indi sizə kim göstərişlər veribsə, gələcəkdə bundan sizə qarşı istifadə edə bilər. Özünü yaxşı aparmasan, bu sənə hətta həyatın bahasına başa gələ bilər. Rusiyada nə qədər yüksək rütbəli, hətta rus millətindən olanlar ailələri ilə birlikdə həyatları ilə vidalaşıb. Cənab Vardanyan aşağıdakıları başa düşəcək qədər ağıllı adamdır: a) "yox" demək olmaz; b) dünyanın heç bir yerində səni asanca tapanlardan gizlənmək mümkün deyil".
Baqdasaryan daha bir maraqlı detala diqqət yönəldir: “Vardanyanın Rusiya və Ermənistan mətbuatına verdiyi müsahibələrinə baxsanız, çox ilginc bir şey tapa bilərsiniz. Belə ki, onun mimikalarına və jestlərinə diqqət edəndə heç yerdə onun özünə inamlı, gülərüz, nikbin görünmədiyi məlum olur. Əksinə, bütün kadrlarda ümidsiz və çaşqın baxışları var. Artıq bir aydır ki, o, Qarabağdadır, 9 "nazir"i işdən çıxarıb, amma nə dəyişib? Mən heç vaxt görməmişəm ki, Vardanyan əminliklə desin ki, bütün problemlərə baxmayaraq, Qarabağı ayağa qaldıracağam".
Baqdasaryan gələcəkdə Vardanyanın Ermənistanın baş naziri postunda Paşinyanı əvəzləməsini də mümkünsüz sayır: “Bu 4 ayda Vardanyan Qarabağda nə edib ki, Ermənistanda da nə etsin? Biz hələ də ondan sülhlə bağlı "yol xəritəsi" haqda heç nə eşitməmişik. Niyə Rusiyadan bir nəfər də olsun nüfuzlu erməni kişisi və ya qadını onun ardınca Qarabağa köçmədi? Vardanyanın dostlarından da heç kəs Rusiyadan Qarabağa köç etməyib. Yalnız söz-söhbətlər...", - deyə o fikrini tamamlayıb.
Beləcə, Kremlin Azərbaycana qarşı hibrid variantı fiasko sayıla bilər...