Hər ilin sonunda abonentlər qazın limitinin yenilənməsini gözləyirlər.
Bu proses gecikdikdə isə abonentlər tərəfindən narazılıqla qarşılanır. Qeyd edək ki, bugünlərdə Milli Məclisdə millət vəkili Vüqar Bayramov da çıxışında qaz limitlərinin vaxtında sıfırlanması ilə bağlı məsələyə toxunub:
“2022-ci il sona çatır və 2023-cü ilin əvvəlində qaz limitləri yenidən sıfırlanacaq. Ancaq 2022-ci ildə qaz limitlərinin sıfırlanması 10 gün yubanıb. Daha məqsədəuyğun olardı ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən limitlərin sıfırlanması vaxtında həyata keçirilsin, problem olmasın. Çünki bütün hallarda ilin sonuna doğru insanlar qaza görə daha yüksək limitlərlə ödəniş edir. Limitlərin sıfırlanması yubandığı halda onlar yeni ildə də mavi qazdan istifadəyə daha yüksək ödəniş etməli olurlar”.
Artıq cari ilin başa çatmasına sayılı günlər qalıb və abonentləri düşündürən də saygacların nə zaman sıfırlanacağıdır. Bu il sayğaclar nə zaman sıfırlanacaq və gecikmələr olacaqmı?
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev Cebhe.info-ya bildirdi ki, “Smart-kart” tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə, yəni 00.01-dən etibarən sıfırlanır:
“Daha doğrusu limit yenilənir. Yenilənmə dedikdə istehlak olunan qazın 1 kubuna görə ödənişlə bağlı 3 mərhələ təsdiq olunub.
Belə ki, birinci mərhələ 1200 kuba qədərdir və bu rəqəmə qədr sərf olunan hər bir qazın 1 kubuna görə abonent 12 qəpikdən ödəyir. 1200-dən 2500 kubmetrə qədər olan aralıqda işlənən qazın hər bir kubuna görə abonent 20 qəpik ödəyir. 2500-dən daha artıq istifadə olunan qazın hər bir kubuna görə 25 qəpik ödəyir.
Beləliklə, “Smart-kart” tipli sayğaclar gecə saat 00.01-dən etibarən 1200 olan mərhələyə qədəm qoyacaq və 12 qəpikdən ödənişlər edəcək. Digəri, sonradan ödənişli sayğacların yenilənmə prosesi də yanvarın 1-dən etibarən həyata keçiriləcək.
İstər regionlarda, istərsə də Bakı-Abşeronda əməkdaşlarımız sıfırlanma prosesini ciddi şəkildə icra edəcəklər. Güman edirəm ki, abonentlərin böyük bir hissəsi 3-4 gün ərzində ilkin limitlə qazı istifadə edə biləcəklər. Lakin elə olur ki, biz mənzillərə daxil ola bilmirik, ev sahibləri evdə olmur, bayram ərəfəsində istirahətə də gedirlər, bU, az sayda təşkil edir. Ümumilikdə hər il olduğu kimi yanvarın 10-dək limitlərin yenilənməsi prosesini həyata keçirəcəyik”.