Saytımızı qiymətləndirin


 
 

Rusiyanın xilas yolu Çindən keçir - ŞƏRH
Tarix: 17-12-2022 | Saat: 11:34
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiyanın xilas yolu Çindən keçir - ŞƏRH

 

Rusiya Qərbin sanksiyalarının təsirini azaltmaq üçün Asiya ölkələri ilə əlaqələrini genişləndirməyə və yeni bazarlar axtarmağa çalışır. Əsas bazar Çindir.

 

Qarabaginfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiyaya qarşı yeni sanksiyaları şərh edərkən deyib. 

 

Onun fikrincə, pandemiyadan sonra Çin-Rusiya sərhədində daşınmaların həcmi artıb. Rusiyanın Baş naziri Mixail Mişustinin sözlərinə görə, iki ölkə arasındakı ticarətin təxminən yarısı milli valyutalarla həyata keçirilir. Hər iki ölkə dollardan imtina etməyə çalışırlar:

 

"Rusiya Səudiyyə Ərəbistanından sonra Çinin ikinci neft ixraçatçısına çevrilib. Moskva və Pekin siyasətdə olduğu kimi iqtisadiyyatda da çoxqütblü dünyanın formalaşdırılmasına çalışırlar. 2022-ci ilin 10 ayında iki ölkə arasında ticarətin həcmi 150 milyard dollara yaxınlaşıb. Bu, ötənilki göstəricidən çoxdur. Hədəf ticarət mübadiləsinin həcmini 200 milyard dollara çatdırmaqdır. Rusiya və Çinin maliyyə institutları dollardan maksimum qədər imtina etməyə çalışırlar.

 

Bundan əlavə, Rusiya Çinlə ortaq enerji layihələrinin reallaşmasına da çalışır. Mixail Mişustin Çinə yalnız neft və qazın ixraçı ilə kifayətlənmək istəmir, iki ölkə arasında böyük enerji layihələri üzrə çalışmaların başlanılması hədəfdədir. Rusiya Çində atom elektrik stansiyaların tikintisi ilə məşğuldur. Rusiya Çinə neft, qaz və kömürlə yanaşı, elektrik nəqlini də artırıb. Bu sahədə 23 faiz artım var.

 

Rusiya Çinlə yük daşımalarının, o cümlədən yeni lojistik mərkəzlərin tikintisinin artırılmasını istəyir. Amur çayı üzərində yeni körpülər, dəmir və avtomobil yolları tikilir. Mixail Mişustin Çin şirkətlərinin Rusiyada çalışmalarının miqyasını artırmaq üçün yeni imkanlar yaradacaqlarını bildirib. Misal üçün Rusiyanın Tula bölgəsində Çinin ildə 40 min avtomobil istehsal edən zavodu tikilib. İki ölkə arasında 80 yeni ortaq layihə üzərində iş gedir. Planlanan yatırımların həcmi 160 milyard dollardır".

 

 

E.Şahinoğlu xatırladıb ki, Çin rəhbərliyinin uzunmüddətli məqsədi ölkənin enerji bazasının resurs imkanlarının, sənaye metalı və ərzaq məhsullarının həcmini artırmaqdır. Artan iqtisadiyyat və əhalinin tələbatı artıb. Ona görə də Çin bu sahələrdə Rusiya ilə əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verir. Çin liderinin keçən həftə Səudiyyə Ərəbistanına səfəri və “Çin - ərəb ölkələri” sammitində iştirakı da bununla bağlıydı.

 

"Rusiya Çinlə əməkdaşlığı genişləndirməyə çalışmaqla Qərbin təzyiqlərindən qurtulmağa çalışır. Ancaq Çindən asılılıq Rusiya üçün daha böyük təhlükə yaradacaq. Çin Rusiyaya yatırımlarını artırmaqla, Sibirdə yeni zavod və fabriklər yaratmaqla Moskva istər-istəməz Pekinin siyasi istəklərini də nəzərə alacaq", - politoloq deyib.

 

Qeyd edək ki, Avropa İttifaqı (A) ölkələri Moskvaya qarşı doqquzuncu sanksiyalar paketi barədə razılığa gəlib. Nəticədə MKB və Uzaq Şərq Bankına, həmçinin “Roskomnadzor”a (Rusiya rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarət üzrə Federal Xidməti), Liberal Demokrat, Kommunist, Ədalətli Rusiya və Yeni İnsanlar partiyalarına qarşı sanksiyalar tətbiq edilib.

 

“Rusiya İmperator Hərəkatı”, “Rusiç” təşkilatı və Donbas Könüllüləri İttifaqı məhdudiyyətlərə məruz qalıb.

 

 

Bundan başqa, Rusiyanın yeddi qubernatoru, Çeçenistan rəhbəri Ramzan Kadırovun qızları Aişat və Karina, ifaçı Qriqori Leps, teleaparıcı Boris Korçevnikov, rejissor Nikita Mixalkov, Aleksandr Jukov və Anastasiya Udaltsova daxil olmaqla Rusiya parlamentinin 40 deputatı, mədəniyyət, elm və təhsil nazirləri “qara siyahı”ya salınıb.

 

Sanksiyalar çərçivəsində Avropa İttifaqı Rusiyanın NTV, “Rossiya-1”, “REN TV” və “Birinci Kanal” televiziya kanallarının yayım lisenziyasını dayandırıb.

 

Doqquzuncu sanksiyalar paketi çərçivəsində Rusiyaya oyuncaq dronların (kvadrokopterlər), noutbuk kompüterlərinin, radionaviqasiya sistemlərinin, kompüter komponentlərinin, radionəzarət avadanlıqlarının, təyyarə mühərriklərinin və bir sıra digər sənaye sistemlərinin tədarükünü qadağan edilib. Eyni zamanda sanksiya siyahısında Rusiyanın 168 şirkəti və hərbi sənaye sektoruna aid müəssisələr də yer alıb.(Modern.az)



Xəbəri paylaş

1132 dəfə oxunub.

Digər xəbərlər