Saytımızı qiymətləndirin


 
 

Naxçıvanda nə baş verir? - 8 suala cavab
Tarix: 09-12-2022 | Saat: 11:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

Naxçıvanda nə baş verir? - 8 suala cavab

Naxçıvan Muxtar Respublikasında ardıcıl iki dövlət qurumu ləğv edilib və əvəzində birbaşa Bakıya tabe olan yerli idarələr yaradılıb. Bunlardan biri, Naxçıvan Dövlət Təhlükəsizlik Xidməti daha əvvəl ləğv edilmişdi, bu həftənin əvvəlində isə ölkə Prezidenti Naxçıvanın Dövlət Gömrük Komitəsinin ləğviylə bağlı sərəncam verib.

BBC News Azərbaycanca Naxçıvan ətrafında baş verən hadisələrlə bağlı yaranan suallara cavabları toplayıb.

Hadisələr necə başladı?

Muxtar respublikada iki yerli qurumun ləğvi Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Naxçıvanda əməliyyat aparması və bir neçə yüksək vəzifəli məmurun milyonlarla manat dəyərində mənimsəmədə ittiham edilməsi və həbs olunması ilə bağlı ölkə mediasında xəbərlərin yayılması ilə eyni vaxtda baş verib.

Ölkə mətbuatı Bakının Səbail rayon məhkəməsində Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rəfael Əliyevin və Naxçıvan Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərovun 4 ay müddətinə həbs edildiyini yazıb. Hər ikisi külli miqdarda mənimsəmədə təqsirli bilinir. 

Onların bu ittihamlara münasibətləri bəlli deyil.

Azərbaycan hüquq-mühafizə orqanları bu məlumatları təkzib etməyib.

Baş Prokurorluqdan BBC-yə bildirib ki, Naxçıvanda həbslə bağlı əməliyyatları Dövlət Təhlükəsizlik Xidməti aparıb və "məlumatlı qurum odur". Amma BBC News Azərbaycanca DTX-i ilə əlaqə saxlaya bilməyib.

BBC-yə danışan bəzi təhlilçilərə görə, həbslərlə bu dövlət qurumlarının ləğvi arasında bağlılıq yoxdur, həbslər ölkənin bir çox digər dövlət qurumlarında və ya icra strukturlarında baş vermiş qanunsuz halların üzə çıxarılması prosesinin tərkib hissəsidir. Müsahiblərimizin fikrincə, nazirlik statusundakı qurumların baş idarəylə əvəzlənərək mərkəzi quruma tabe etdirilməsində məqsəd Naxçıvanın Azərbaycan daxilində "dövlət içində dövlət status"nu ləğv etməkdir.

BBC News Azərbaycanca Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyindən səslənən iddialarla bağlı cavab ala bilməyib. Milli Məclisin Naxçıvandan olan deputatları da muxtar respublika ətrafında baş verənlərdən danışmaq istəməyiblər.

Baş verənlərlə Naxçıvanın statusu arasında əlaqə varmı?

Siyasi təhlilçi Sülhəddin Əkbərin fikincə, Naxçıvana Azərbaycan daxilində muxtar respublika statusunun verilməsi "hüquqi non-sens olub", çünki Azərbaycan öz konstitusiyasına görə unitar dövlətdir.

"Bir dövlət daxilində başqa dövlət necə ola bilər?"- Sülhəddin Əkbər deyib.

O hesab edir ki, İkinci Qarabağ müharibəsindən sonra "regionda yaranmış yeni reallığı nəzərə alaraq" bu, aradan qaldırılmalıdır.

"Azərbaycan buna Konstitusiya dəyişikliyi yolu ilə də gedə bilərdi, amma, görünür, hakimiyyət Prezident səlahiyyəti ilə bu məsələyə yanaşır, ona görə də ayrı-ayrı qurumlar ləğv edilir. Nəticədə de-fakto bir vəziyyət yaranacaq, status ortadan qaldırılacaq, ondan sonra da formal baxımdan Konstitusiya dəyişiklik üçün referendum keçiriləcək", - Sülhəddin Əkbər bildirib.

Baş verən hadisələrdə İranın və Türkiyənin rolu varmı?

Siyasi təhlilçi Sülhəddin Əkbərə görə, Naxçıvan ətrafında baş verənlərdə aparıcı amil onun statusu məsələsi ilə bağlı olsa da, yan faktorlar da var. Onun fikrincə, buna Azərbaycanda aparılan oliqarxsızlaşdırma siyasətini, xarici faktorları, İranın təsirləri, Türkiyənin təzyiqlərini əlavə etmək olar.

"Naxçıvanda yerli hakimiyyətin İranla sıx əlaqələri var və bu bölgənin gömrüyü İrana sanksiyalardan yayınmaqda sanki bir cənnətdir. Bundan başqa, burada qaçaqmalçılıq və narkotrafik kimi məsələlər də var. Amma, görünür, son damla İran xüsusi xidmət orqanlarının guya Naxçıvanın İrana birləşməsi haqqında hazırladığı təxribat olub. Bu ərəfədə də İranla Azərbaycan hakimiyyəti arasında gərginlik hökm sürür", - Sülhəddin Əkbər deyib.

Onun fikrincə, Naxçıvan hakimiyyəti Türkiyə ilə İrana nisbətən daha soyuq əlaqələrə malik olub və bu da birincini narazı salıb.

Siyasi təhlilçi hadisələri qabaqlamaq istəmir, amma, düşünür ki, gələcəkdə Naxçıvan rəhbərliyi hakimiyyətdən uzaqlaşdırlmasa belə, onun bütün qanuni, hüquqi və biznes imkanları maksimum məhdudlaşdırılacaq.

Türkiyənin Naxçıvana təhlükəsizlik qarantı qalırmı?

Sülhəddin Əkbərin fikrincə, Azərbaycan daxilində Naxçıvanın statusunun dəyişdirilməsi kimi addımlar atılarsa, bu, Naxçıvana Türkiyənin təhlükəsizlik qarantiyası verən Qars və Moskva müqavilələrinin təsirinə mane olmayacaq.

Onun sözlərinə görə, qüvvədə olan müqavilələrlə Türkiyə Naxçıvana üçüncü dövlətin hücumu olduğu halda təhlükəsizlik qarantiyası vəd edir, amma bu məsələnin onun Azərbaycan daxilində statusunun necə olmasından asılılığı yoxdur: "Müqavilələrdə Naxçıvanın üçüncü bir dövlətin tərkibinə verilə bilməyəcəyi müddəası var".

1921-ci il martın 7-də Moskvada və 1921-ci il oktyabr 13-də Qarsda imzalanan müqavilələr ilə Naxçıvanın Muxtar Respublika statusunda Azərbaycanın tərkibində qalması təsbit olunub. Birinci müqavilə yalnız Sovet Rusiyası ilə Türkiyə arasında imzalansa da, ikinci müqaviləni Türkiyə və Rusiyadan başqa, həm də sovet respublikaları olan Azərbaycan, Ermənistan və Gürcüstanla birgə imzalayıb.

Sülhəddin Əkbər deyib ki, Türkiyə ilə Azərbaycan arasında ötən il imzalanmış Şuşa bəyannaməsi artıq Naxçıvan da daxil bütün ölkə üçün təhlükəsizlik qarantı sayıla bilər.

Moskva və Qars müqavilələrində nə deyilir?

"Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi, Türkiyədə isə istiqlal mübarizəsi imperialist dövlətləri qıcıqlandırır və bunları qəbul etmirdilər. Hətta İstanbul müttəfiq qüvvələri tərəfindən tutulmuşdu və belə vəziyyət Rusiya ilə Türkiyəni birgə mübarizə üçün yaxınlaşdırdı", - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yazıb.

Buna görə 1921-ci ilin fevral-mart aylarında Moskvada Rusiya-Türkiyə konfransı keçirilmiş və yekun olaraq 1921-ci ildə "Dostluq və qardaşlıq haqqında" Moskva müqaviləsi 16 maddədən və 2 əlavədən ibarət qəbul edilib.

Müqavilənin 3-cü maddəsinə əsasən göstərilib ki, Naxçıvan vilayəti həmin müqavilənin 1(C) əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın himayəsi altında, Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi kimi qalır.

1921-ci ilin payızında imzalanan Qars müqaviləsinin Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi təsbit edən 5-ci maddəsini, əvvəllər ərazi iddiası olmasına baxmayaraq, Sovet Ermənistanı da daxil bütün tərəflər tanıyıblar.

Başlanğıcda, Naxçıvan Muxtar Respublikası yaradılarkən Naxçıvan və Türkiyə arasında ümumi sərhəd yox idi. Mustafa Kamal Atatürk İran şahı Rza Pəhləvi ilə danışaraq ərazi dəyişikliyinə razılaşıb, tarixçi Harun Yılmaz qeyd edir.

Bu dəyişiklik 1930-cu illərdə Türkiyə ilə Azərbaycan arasında 11 kilometrlik sərhəd xəttinin yaradılmasına imkan verib.

Bu məqsədlə Türkiyə kompensasiya olaraq özünün cənubdakı bəzi torpaqlarını İrana verib.

Beləliklə, 1921-ci ildə bağlanmış Qars müqaviləsi ortaq Türkiyə-Azərbaycan sərhədinin yaradılması istiqamətində ilk addım idi.

Prezident Naxçıvanda qurumları ləğv edə bilərmi?

Konstitusiya hüququ üzrə mütəxəssis Qulamhüseyn Əlibəyliyə görə, Naxçıvanda nazirliklərin ləğv olunması və onun əvəzində Azərbaycan nazirliklərinin baş idarələrinin yaradılması tamamilə qanunauyğundur.

"İcra hakimiyyəti sistemi yuxarıya tabeçilik əsasında qurulub. Hazırkı vəziyyət də budur ki, Naxçıvan MR-da eyniadlı nazirliklər Azərbaycan Nazirliklərinin bir növ sisteminə daxildir. İcra hakimiyyəti sisteminə də Prezident rəhbərlik etdiyi üçün icra hakimiyyəti orqanlarının yaradılması, ləğv olunması da Prezidentin səlahiyyətinə aid olan məsələ kimi qiymətləndirilməlidir", - Qulamhüseyn Əlibəyli bildirib.

Cənab Əlibəyli deyib ki, Azərbaycan Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə əsasən qanunvericilik və məhkəmə orqanının səlahiyyətinə aid edilməyən digər məsələləri ölkə prezidentinin icra qaydasında həll etmək səlahiyyəti var.

O deyib ki, Naxçıvanın muxtar respublika formatı Azərbaycan və Naxçıvan MR konstitusiyalarına əsasən tənzimlənir. Onun sözlərinə görə, bu bölgənin muxtar statusu beynəlxaql hüquqi əsaslarla, Qars və Moskva müqavilələri ilə 1923-cü ildə təşkil olunub.

Cənab Əlibəyli bildirib ki, müqavilələr bağlanan dövrdə Ermənistanın Naxçıvanla bağlı iddiaları olub.

"Qars Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə arasında bağlanan, Moskva müqaviləsi isə Türkiyə-Rusiya arasında bağlanan sənədlərdir. Həmin müqavilələrə görə, Naxçıvan Azərbaycanın tərkiibində muxtar statusa malik ərazi kimi saxlanılır və Azərbaycan onu hər hansı bir dövlətə vermir", - Qulamhüseyn Əlibəyli deyib.

Naxçıvan ətrafındakı son hadisələr "unitar dövlət" məsələsidirmi?

Millət vəkili Fazil Mustafa hesab edir ki, Naxçıvanda qurumların ləğv edilib Bakıya birbaşa tabeçiliyi yaratmaq "dövlətin unitar quruluşuna uyğunlaşdırma prosesidir, şəxslərlə bağlı məsələ deyil".

"Yerli idarəetmə ilə bağlı kommunal təsərrüfat xarakterli səlahiyyətlər Naxçıvanda qalır. Ancaq təhlükəsizlik, ictimai asayiş, gömrük və sair bu vahid bir siyasətə tabe olan məsələdir. Ancaq burada faktiki olaraq belə deyildi. Bu orqanlar ayrı-ayrı idi və hamısı da bir nazirlik statusunda idi. Bu işlər onların ali icra orqanının strukturuna daxil edilməsidir. Bir çox hallarda onlar müstəqil fəaliyyət göstərən qurumlar kimi tanınırdı. Yəni ki, hesabatı Naxçıvan Ali Məclisinə verirdilər. Amma indi faktiki olaraq onlar artıq tabeçiik qaydasında Bakıdan idarə olunacaqlar", - Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, Naxçıvanla bağlı kadr təyinatı, ora kadr göndərmək və başqa məsələlər əvvəllər Bakıda həll oluna bilməsə də, indi baş idarə statusunda bu qurumlar Bakıdan idarə olunacaqlar.

Fazil Mustafa hesab edir ki, Naxçıvanın muxtar respublika statusu onun "dövlət içində dövlət olması" demək deyil.

O bildirib ki, Naxçıvanın muxtar respublika statusu olsa da, mahiyyətcə ora muxtar dövlət deyil, orada hansısa fərqli bir etnik qrup yaşamır.

Fazil Mustafa son dəyişikliklərlə bağlı onu da deyib ki, bunlar heç də Naxçıvanın statusunun ləğvi deyil, "sadəcə muxtar respublikanın iç elementlərində dəyişiklik baş verir".

"Muxtariyyat o demək deyil ki, müstəqil xarici siyasətin olmalıdır, ya da müstəqil təhlükəsizlik sistemin olmalıdır. Azərbaycan bütöv dövlətdirsə, bir mərkəzdən idarə olunmalıdır", - Fazil Mustafa deyib.

Naxçıvanda ölkənin mərkəzi hakimiyyətinə tabeçilikdə yayınma halları olubmu?

Fazil Mustafa hesab edir ki, Naxçıvanla bağlı mərkəzi hakimiyyətdən yayınma, Azərbaycan qanunlarına ziddiyyət təşkil edən əməl o olub ki, Naxçıvan MR-da müstəqil xarici siyasətlə bağlı addımlar atılıb.

"Orada xarici əlaqələr komitəsi və başqa quruluşlar yaradılmışdı və onlar vasitəsilə bu addımlar atılırdı və bu da bir az məntiqli görünmür. İdarəetmə sferasında Azərbaycanın ali dövlət orqanlarına, icra strukturlarına birbaşa tabe olan bir idarəetmə sistemi formalaşmalı idi. İndi əslində baş verənlər bu istiqamətdədir".

Fazil Mustafa onu da deyib ki, Naxçıvanda baş verənlərin təfərrüatları haqqında geniş informasiyası yoxdur və növbəti addımların nə olacağını bilmir.

O, Naxçıvanın İranla münasibətlərini "məsafəli" qiymətləndirib və Türkiyə ilə də əlahiddə narahatlıq doğuracaq bir şey etmədiyini deyib.

Onun fikrincə, bu məsələlərə Qarabağ kontekstindən baxılmalıdır və unitar dövlət formasına uyğun müəyyən düzəlişlər edilməlidir.

"Konstitusiyanın müəyyən müddəaları daha da dəqiqləşdirilə bilər. Lakin, eyni zamanda Qarabağa muxtariyyat verilməsi tələbi Naxçıvanın muxtariyyatı ilə əsaslandırıla bilməz. Söhbət muxtar bölgədən gedir, dövlətdən yox. Naxçıvan azad iqtisadi bölgəsi, zonası da ola bilər. Naxçıvanla Qarabağın statusu eyni deyil, orada başqa xalq yaşamır. Naxçıvan əhalisi azərbaycanlılardan ibarətdirsə, onun Qarabağla müqayisəsi yerinə düşmür, Biz Qarabağı ancaq Ermənistanın tərkibində yaradılan muxtar bir qurumla müqayisə edə bilərik" , - Fazil Mustafa bildirib.

Millət vəkili ehtimal edib ki, bu proseslər gələcəkdə Konstitusiyaya dəyişikliklərə apara bilər.(Yenisabah.az)




131 dəfə oxunub.

Digər xəbərlər