Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Mərkəzi Bankı ötən il 724,3 mln. manat mənfəət əldə edib
Tarix: 02-06-2026 | Saat: 22:17
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycan Mərkəzi Bankı ötən il 724,3 mln. manat mənfəət əldə edib

Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci il üzrə maliyyə hesabatı açıqlanıb.

Qarabaginfo.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, Mərkəzi Bank ötən il 724 milyon 321 min mənfəət əldə edib. Bu göstərici 2024-cü illə müqayisədə 0,4% çoxdur.

Hesabata görə, bu il yanvarın 1-ə Mərkəzi Bankın cəmi aktivləri 34 milyard 836,5 milyon manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 1 milyard 683,4 milyon manat və ya 4,6% azalıb. 2025-ci ilin yanvarın 1-ə bu rəqəm 36 milyard 519,9 milyon manat idi.

Hesabat dövründə AMB-nin pul vəsaitləri 2024-cü illə müqayisədə 4 milyard 631,3 milyon manat və ya 53,9% azalaraq 3 milyard 957,4 milyon manata düşüb. Eyni zamanda Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar da 28,3 milyon manat və ya 2,5% azalaraq 1 milyard 101,1 milyon manat olub.

Ötən il Mərkəzi Bank banklara və bank olmayan kredit təşkilatlarına kredit qoyuluşu həyata keçirməyib. 2024-cü ildə bu kredit portfeli müvafiq olaraq 13,8 milyon manat və 648 min manat təşkil edirdi. Əmanətlərin Sığortalanması Fonduna verilmiş kreditlərin həcmi isə 35,1% azalaraq 163,9 milyon manatdan 106 milyon manata enib.

Digər tərəfdən, AMB-nin qeyri-maddi aktivlərində artım müşahidə olunub. Qeyri-maddi aktivlər 1,4% artaraq 39,5 milyon manat, investisiya mülkiyyəti isə cüzi azalaraq 36,1 milyon manat olub. Mərkəzi Bankın torpaq, tikili və avadanlıqlarının dəyəri isə 22,5% artıb.

Öhdəliklərə gəlincə, 2025-ci ildə Mərkəzi Bankın cəmi öhdəlikləri 32 milyard 675,6 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1 milyard 847,3 milyon manat və ya 5,4% azdır.

Dövriyyədə olan kağız və metal pulların həcmi 12,3% artaraq 19 milyard 563,4 milyon manata yüksəlib. Rezident bankların qısamüddətli depozitləri isə təxminən iki dəfə artaraq 1 milyard 268,5 milyon manatdan 2 milyard 765,7 milyon manata çatıb.

Qurumun hökumət idarələri qarşısında öhdəlikləri isə kəskinazalıb. Bu göstərici bir il ərzində 4 milyard 564 milyon manat və ya 57,1% azalaraq 7 milyard 990,1 milyon manatdan 3 milyard 425,1 milyon manata düşüb. Kredit təşkilatları qarşısında öhdəliklər də 16,9% azalaraq 5 milyard 167,1 milyon manata bərabər olub. Bu il yanvarın 1-nə AMB-nin buraxdığı qiymətli kağızlarının ümumi dəyəri 365,749 milyon manat olub. Bu isə illik müqayisədə 159 milyon 837 min manat və ya 77,6% çoxdur. Beynəlxalq Valyuta Fondu ilə əməliyyatlar üzrə öhdəliklər 5,5% artaraq 1 milyard 240.2 mln manata, beynəlxalq maliyyə institutları qarşısında öhdəliklər 1.2 mln manatdan 1.6 mln manata çatıb.

2025-ci ilin sonuna AMB-nin cəmi kapitalı 2 milyard 160,9 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 163,8 milyon manat və ya 8,2% çoxdur.

Hesabat dövründə AMB-nin effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri illik müqayisədə 190,1 milyon manat və ya 34,8% azalaraq 546,1 milyon manatdan 356 milyon manata düşüb. Ötən il xalis faiz gəlirləri 493,3 milyon manat olub. 2024-cü ildə bu göstərici 498,8 milyon manat idi ki, bu da illik müqayisədə 1,1% azalma deməkdir. Haqq və komissiya gəlirləri cüzi artaraq 27,8 milyon manat təşkil edib. Qurumun xarici valyuta əməliyyatları üzrə xalis gəliri isə illik müqayisədə 303 min manat və ya 24,9% artararq 1,218 min manata çatıb.



Xəbəri paylaş

35 dəfə oxunub.

Digər xəbərlər