Saytımızı qiymətləndirin


 
 

“İlham Əliyev Cənubi Azərbaycan türkləri tərəfindən yüz faiz dəstəklənir” – Piruz Dilənçi
Tarix: 11-11-2022 | Saat: 11:52
Bölmə:Karusel / Region | çapa göndər

“İlham Əliyev Cənubi Azərbaycan türkləri tərəfindən yüz faiz dəstəklənir” – Piruz Dilənçi

Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının (CAMAH) sədri Piruz Dilənçinin “Yeni Sabah”a müsahibəsi:

-  Son günlər İranla Azərbaycan əlaqələrinin gərginləşməsi, yəqin sizin də nəzərinizdən qaçmayıb. Proseslərin gedişatını necə qiymətləndirirsiniz?

-  Gənclərimizin bəlkə də son 30 ildə İran dövlətinin Azərbaycan Respublikasında nələr etdiyindən elə də xəbəri yoxdur. Təbii ki, o dönəmi yaşamayıblar. İran dediyiniz bu şər ocağının başda “Ettelaat” və SEPAH olmaqla, bir çox təxribat və casusluq orqanları və təşkilatları din pərdəsi altında, fərqli yollarla Əbülfəz Elçibəy dönəmindən bu günə qədər Azərbaycanda min-bir oyundan çıxıblar.

Heydər Əliyevin Prezidentliyi zamanında İran etdikləri üçün müxtəlif yollarla az da olsa, cavabını alırdı.

Çox səmimi deyim ki, indiki iqtidarın hakimiyyəti illəri içərisində İranın etdiklərinə ciddi rəsmi münasibətlər və misilləmələrin olmaması bizi narahat edirdi. Bu barədə dəfələrlə də Azərbaycan dövlətinə fikirlərimizi və narahatlığımızı bildirmişdik...

Şükürlər olsun ki, Qarabağ zəfərindən sonra, nəhayət, dövlətimizin başı açıldı və İran adlanan bu mikrobla məşğul olmağa başladı!

Bu barədə, başda hörmətli Prezidentimiz cənab İlham Əliyev olmaqla dövlətimiz tam haqlıdır. Hətta az edir!

Bundan əmin olun ki, nə olursa-olsun, 40 milyon Cənubi Azərbaycan türkü dövlətimizin yanındadır və sonuna qədər də olacaq!

Milli-siyasi bir təşkilatın rəhbəri olduğum üçün son bir ayda, özəlliklə də son bir həftədə cənubdan hər gün yüzlərlə e-mail və mesajlar alıram. Onların 90 faizi rejimə qarşı, hətta silahlı savaşa da hazır olduqlarını yazırlar. Deyirlər ki, Azərbaycan Prezidenti əmr etsin, biz şəhərləri oda-atəşə çəkərik!

-  İranın “Səhər” televiziyasının Azərbaycana qarşı hədyan dolu çıxışlarına münasibətiniz?

- Öncəliklə çox qəribə olan bir məsələni deyim: həmin TV kanalının başında olan şəxslərdən biri mənim çox yaxın qohumumdur və daha da maraqlısı burasındadır ki, bu gün onun bu qədər gözəl Azərbaycan türkcəsində yazıb-oxuya bilməsində şəxsən mənim müəllimlik rolum olmuşdur. 30 il öncə Tehranda yaşadığım zaman bu şərəfsizə aylarla, hər gün bir-iki saat Azərbaycan dili və ədəbiyyatı dərsi keçirdim. Məgər sonu satqın olacaqmış...

Adını çəkdiyiniz kanal birbaşa İranın Xarici İşlər Nazirliyi, “Sepahe Pasdaran” və “Ettelaat”ın əmrində çalışır.

Bu kanalı cənubda heç izləyən yoxdur. İnanın, şəxsən mənim özüm vaxtımı, hətta türk kanallarında serial seyr etməyə həsr edirəm, amma bu kanala yarandığı ilk gündən bu günə qədər, hətta 5 dəqiqə də olsun baxmamışam!

Onlar barədə sadəcə bu prinsiplə davranıram: “it hürər, karvan keçər”...

Bunların hədyan söhbətlərinin səbəbi təbii ki, İran dövlətinin uğursuzluğundan irəli gəlir. Sərhədlərimizdə güc göstərmək istədilər, şanlı ordumuz misilləməsi ilə cavabını verdi! Dolayı yollarla Azərbaycana “söz soxma” istədilər, lakin İlham Əliyevdən birbaşa cavablarını aldılar!

Artıq molla rejimini yıxmaq üçün tək daxildəki ciddi etirazlar aksiyası deyil, bütün dünya əl-ələ verib. Türkiyədə möhtəşəm bir atalar sözü var: “Eceli gelen köpek, cami duvarına ...”

İndi İran rejimi də dəqiqliklə eynisini etməkdədir. Əcəli gəlib, Azərbaycanı sərhədlərində olmayan gücünü göstərmək istəyir.

Ən önəmlisi də bilirsinizmi nədir? Həmin bu rejimin ordusundan tutmuş SEPAH-ına qədər 50 faizdən çoxu Azərbaycan türkləridir. Əmin olun, əgər sabah bir savaş filan başlasa, bunların çoxu silahlarını qoyub-gedəcək, bir dəstəsi də, hətta Azərbaycan ordusunun yanında olacaq!

Üstəlik, bütün sərhəd boyunca yaşayanların hamısı, istisnasız olaraq Azərbaycan türkləridir. Onların özü heç belə bir həyasızlığa izin verməzlər.

-  Təbrizdə və digər şəhərlərdə cənublu soydaşlarımız bu barədə nə düşünür?

- Bu mövzu bir az qarışıq və qloballaşdırılmış məsələdir. Buna görə də bu barədə danışmaq üçün nə qədər də qısaltsaq, ən azı bir saat zaman lazım olacaq. Onun üçün də sadəcə üstündən keçəcəyəm.

Son iki aya yaxın zamanda İranın bütün əyalətlərində “başladılan” aksiyaların, əslində, milli hərəkatımızla heç bir əlaqəsi yox idi. Bu olaylar xaricdə planlaşdırılmış bir oyun idi. Amma sonra oyun içində oyuna döndü.

Nüvə anlaşması ilə əlaqədar İranla razılaşa bilmədiklər üçün “xox” gəlib, İranın imzasını almaq istədilər. Bölgədəki maşaları olan PKK və “Komole” kimi kürd silahlı terror təşkilatlarını bu işə təyin etdilər. Amma sonra necə deyərlər, “ipin ucu əllərindən çıxdı”. Yəni 43 illik zülmdən bezmiş, aclıq, fəlakət və səfalət içində yaşayan bütün İran ayağa qalxdı.

Onlar bu qədərini nə istəmirdilər, nə də düşünməmişdilər.

Özü də kürd təşkilatları birliyinin sözcüsü bunu açıq-aşkar söyləyir.

Mövzu uzandıqca, bütün əyalətlərdə olduğu kimi, Cənubi Azərbaycan da bu aksiyalara qatıldı. Cənubi Azərbaycanda küçələr çıxanların yarısı milli istiqlal istəyirsə, o biri yarısı sadəcə rejimdən narazıdır.

Çox qısa deyim, əgər indiki zamanda molla rejimi yıxılırsa, kürd ağırlıqlı bir mərkəzi İran dövləti qurulacaq və bu da heç bizim xeyrimizə olmayacaq.

Cənubi Azərbaycanda, daha dəqiq desək Qərbi Azərbaycan vilayətində bizim kürdlərlə çox ciddi problemimiz var: torpaq problemi. Çünki onlar Qərbi Azərbaycan əyalətini Kürdüstan kimi görür. Bu barədə Elçibəylə də çox danışmışdıq. Mən hələ 1993-cü ildə söyləmişdim: “İndidən düşünüb, lazımı tədbirlər görməsək, yaxın gələcəkdə ikinci bir Qarabağ problemi, Qarabağdan da daha dəhşətli bir problem: Qərbi Azərbaycan problemi, Urmuda kürd problemi ilə üzləşəcəyik”.

İndi zaman o zamandır! Yəni molla rejimi yıxılsa, iqtidar kürd terror təşkilatlarına tapşırılacaq və onlar da Cənubi Azərbaycana divan tutacaqlar...

- İran və Azərbaycan arasında dəfələrlə belə anlaşılmazlıqlar olub. Sizcə, bir müddət sonra hər şey yenə də sakitləşə bilər?

-  Bu dəfə çox fərqlidir. Bu dəfə İran rejimi olduqca zəifləyib, dağılmaq və çökmək ehtimalı çox güclüdür. Bu dəfə onların qarşısında Qarabağda zəfərin dadını dadmış enerjili və qalib bir İlham Əliyev var. Bu dəfə Cənubi Azərbaycan türkləri tərəfindən yüz faiz dəstəkləndiyini bilən bir İlham Əliyev var. Bu dəfə dünyanın ən güclü ordularından biri olan türk ordusu Azərbaycandadır! Bu dəfə İranın bir nömrəli düşməni olan İsrail var gücü ilə Azərbaycanın arxasındadır! Və bu “Bu dəfə”lərin sayı çoxdur, lakin bəzilərini açıqlamaq istəmirəm.

Buna görə də bir müddət sonra ya rejim dağılacaq, ya da dağılmasa, Azərbaycanla olan münasibətlərində həmişəki kimi yuxarıdan aşağı deyil, aşağıdan yuxarı baxmaq məcburiyyətində olacaq! Yəni tarixdə saymadığı və hesablaşmadığı qədər bundan sonra Azərbaycanı sayıb, onunla hesablaşmalı olacaq.

Təbii ki, başqa mövzular da var, amma hələlik açıqlanmaması daha uyğundur.

Şimali Azərbaycandakı canlarımız əmin olsunlar ki, qələbə Azərbaycanın olacaq! Mən buna əminəm!



Xəbəri paylaş

1121 dəfə oxunub.

Digər xəbərlər