Saytımızı qiymətləndirin


 
 

Bizi ayıran tikanlı məftillər Tağı Kərimli
Tarix: 27-10-2022 | Saat: 17:20
Bölmə:Karusel / Yazar | çapa göndər


Bizi ayıran tikanlı məftillər
Ötən il jurnalist həmkarım Rəhman Bayramovla İrana-Təbriz şəhərinə işgüzar səfərə getmişdik. İran İslam Respublikasının Bilasuvar şəhərində taksiyə əyləşdik. Taksi sürücüsndən xahiş etdik ki, avtomobilin arxa hissəsində olan sərnişin yerinin pulunu biz veririk, arxaya başqa adam götürməsin. Gənc taksi sürücüsü bizimlə razılaşıb yola düşdü.

Yazın təzə girməsinə baxmayaraq hava çox isti idi. Haradasa 200 km yol getdikdən sonra ana yolun məsafəsini yaxınlaşdırmaq üçün kəsə yoldan keçməyə başladıq. Qabaqda bir ağsaqqal kişi gedirdi. Ağsaqqal asta-asta gedir, hərdən geriyə çönüb arxadan gələn maşınlara baxırdı. Başında sovet dövrü Azərbaycanda dəbdə olan “panama” var idi. Qarşımızda gedən “maşınlar” kimi bizim sürücü də bu ağsaqqalın yanından “şütüyüb” keçdi. Rəhmanla mən sürücüyə avtomobili saxlamağı xahiş etdik. Dedik, bu ağsaqqalı da götürək. Ağsaqqal yaşına uyuşmayan cəldliklə bizə tərəf qaçdı. Mən ağsaqqala yerimi verib, özüm ortada oturdum. Yaşlı kişi bizə minnətdarlığını bildirib əyləşdi. Peşə fəaliyyətimiz burada da özünü göstərdi. Kişini sual atəşinə tutduq.

Həmin ərazini mən yaxşı tanıyırdım. Ona görə də kişidən soruşdum:

-Dayı, hansı kənddənsən?

Ağsaqqal cavab verdi ki:

-Muradlı kəndindənəm.

-Bu yaxında Zərgar kəndi var, tanıyırsan?

-Hə, bizim qonşu kənddir.

Rəhman tez söhbətə qoşuldu:

-Dayı, neçə yaşın var?

-90

-Maşallah, maşallah-deyə Rəhman təccübünü gizlətmədi.

-Dayı, bu Zərgar kəndi haqqında nə bilirsən?- mən dilləndim.

-Bala, o kənd Muğandan gəlmələrin kəndidir. Mənim yaşımdan da qabağın söhbətidir. Bir ailə o zaman gəlib bura, elə o vaxtdan burada yaşayıblar. İndi də böyük kənddir. Onlar siz tərəfin adamlarıdır.

-Hə, bizim tərəflərdə də Zərgar kəndi var (Füzuli rayonunun Zərgar kəndini nəzərdə tuturdum).

-Siz də oradan gəlmisiniz?-Rəhman soruşdu.

-Yox, biz dədə-babadan buralıyıq.

Rəhman əbəs yerə bu sualı vermirdi. Ağsaqqal təmiz Qarabağ ləhcəsində danışırdı. Bəlkə də İranda yox, Bakıda qarşısına çıxsaydı elə bilərdin ki, Füzulinin, Ağdamın, Şuşanın hansısa bir kənd sakinidir.

Nurani qoca bizdə çox xoş təssürat yaratdı. Eyni millətin övladlarıyıq, amma bizi tikanlı məftillər ayırır bir-birimizdən. Qocanı kəndlərinin yanında düşürüb yolumuza davam etdik.

Yolu boyu, sonralar da həmişə Rəhmanla o kişini xatırlayıb dərindən köks ötürürük. Bu millət, bu əzab-əziyyətə, doğmalarının həsrətinə məhkum edilməyə layiqdirmi? İkiyə, üçə, dördə bölünmüş Azərbaycanı kim, nə vaxt birləşdirəcək? Biz bunu görə biləcəyikmi? İraqa, İrana, Rusiyaya, Ermənistana, Gürcüstana birləşdirilmiş torpaqlarımızı bir yerdə, bir bayraq altında görə biləcəyikmi? ÇƏTİN! Amma yenə də ümidim var. Ümid isə ən vacib amildir...



Xəbəri paylaş

1178 dəfə oxunub.

Digər xəbərlər