Saytımızı qiymətləndirin


 
 

"Türkiyə vətəndaşları seçimlərdə məhz bu amillərə görə Ərdoğana üstünlük verəcəklər..."
Tarix: 26-10-2022 | Saat: 10:17
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oktaybrın 13 - də Astanadakı görüşünun bu iki dövlət başçısının rus qoşunlarının Ukraynaya soxulmasından sonra neçənci olduğunu bəlkə də analitiklər saymaqda çətinlik çəkərlər, amma əminliklə vurğulamaq olar ki, son yarım əsrdə heç bir dövlət başçısı Ərdoğanla Putin qədər bir-birinə bu qədər hava-su kimi möhtac olmayıb. Bu mənada vaxtilə "Mehriban düşmən" adlandırılan bu iki dövlətin başçısını bu gün "Qədər ortaqları" adlandırmaq daha doğru olardı. Putinin durumu və Rusiyanı gözləyən aqibət ortada. Hamı bu şər imperiyasının nə zaman çökəcəyini və ya ən azından Ukraynada törətdiyi cinayətlərə görə haqq etdiyi şəkildə cəzalandırılacağı günü, maksimalist və utopik düşüncə tərəfdarları isə hətta Putinin fiziki olaraq tarix səhnəsindən silinəcəyi günü gözləyir. Amma yaşananlar onu göstərir ki, bu xəmir hələ çox su aparacaq və Ukrayna savaşının əslində mütləq qalibinin olacağı heç inandırıcı görsənmir.
Ərdoğanın da vəziyyəti o qədər qənaətbəxş deyil. Doğrudur, onun durumu heç bir halda Putininki ilə müqayisə edilə bilməz. Amma gələn ilin iyununda keçirilməsi nəzərdə tutulan seçkilərdə təkcə Türkiyənin deyil, Ərdoğanın aqibətinin, taleyinin müəyyən ediləcəyi kimsədə şübhə doğurmur. Nəzərə alsaq ki, bu gün Türkiyədə çox ciddi iqtisadi problemlər yaşanır və əhalinin sosial durumu yumşaq ifadə edilsə, heç də ürəkaçan deyil, bahalıq və işsizlik addımbaşı AKP iqtidarının üzərinə bir kara kabus kimi çökməkdə, bu üzdən əhali Ərdoğana qəzəblidir. Ona görə də iyun seçkilərinin Ərdoğan üçün sadəcə bir marafon deyil, ölüm-dirim savaşı olacağı bəllidir.
 
İndi hamı haqlı olaraq bir sual ətrafında baş sındırır, Ərdoğanın şanslarını necə qiymətləndirmək olar?
 
Bəri başdan əminliklə söyləmək olar ki, Ərdoğanın nəinki tərəfdarları, hətta özünün belə, qarşıdakı seçkilərin mütləq qalibi olacağına inamı yoxdur. Yuxarıda qeyd edildiyi kimi daxili siyasətdə əhalini qəzəbləndirən çoxsaylı problemlər nəinki qalmaqdadır, ötən hər gün vəziyyət daha da pisləşməyə doğru gedir. iqtisadi tənəzzülün və türk lirəsinin dəyərsizləşməsinin qarşısını almaq üçün görülən önləyici tədbirlərin yetərli olmadığı və iqtisadi böhranın tormozlanma alətlərinin keçərsiz olduğu da ortada.
Amma Ərdoğanın xarici siyasət kursu haqqında ağızdolusu danışmaq üçün çoxsaylı səbəblər var və Ərdoğan əslində son illər xarici siyasətdə sərgilədiyi bir sıra uğurlu gedişlərə sığınaraq türk seçicisinin simpatiyasına ümid edə bilər. Doğrudan da etiraf edilməlidir ki, hələ Ukrayna böhranından öncə də Ərdoğanın apardığı çevik xarici siyasət Qərbdə birmənalı qarşılanmasa, bəzi hallarda qəzəb və qıcıq doğursa da Ərdoğanın xarici siyasət kursunu uğurlu hesab etmək mümkündür və bu siyasətin Türkiyənin regional gücdən qlobal oyunçuya çevriləcəyinə xidmət etdiyini hətta onun vicdanlı rəqibləri də dana bilməz. Ukrayna böhranında isə Türkiyənin oynadığlı rolu ayrıca qeyd etmək lazımdır və təkcə vasitəçilik səyləri deyil, eyni zamanda konfliktin eskalasiyasını nisbətən səngitmək, vəziyyətin dramatikləşərək qlobal fəlakətə çevrilməməsi üçün Ərdoğanın səylərini yüksək qiymətləndirmək lazımdır. Bu səylər hələlik ciddi nəticələrə səbəb olmasa belə prosesin mövcudluğunun özü nikbinliyə əsas yaradır
 
Ərdoğanın Azərbaycana yönəlik siyasətinə də ayrıca yer ayrılmasına ehtiyac var. 44 günlük savaşda və sonrakı dönəmdə Azərbaycana diş qıcayan beynəlxalq güclər və erməni havadarlarına qarşı birmənalı davaranış sərgiləyən Ərdoğanın ölkəmizdəki pərəstişkarlarının sayı haqlı olaraq xeyli çoxalıb. Heç şübhəsiz, yüz il öncə Nuru paşanın xilaskar obrazı kimi bu dəfə də Ərdoğanın Azərbaycan xalqının haqlı davasında onun yanında olması Türkiyə seçicisinin də qəlbində iz buraxmamış deyil və kiçicik olsa belə iyun seçkilərində Ərdoğanın lehinə 44 günlük Vətən müharibəsi savaşından da pay düşmüş olacaq. Üstəlik, Azərbaycan çox böyük ehtimalla Ərdoğanın bu qardaşlıq jestinə borclu qalmayacaq və İlham Əliyev Ərdoğanın seçilməsi üçün mümkün olan və qanunla qadağan olunmayan bütün alətlərdən istifadə edəcək. Türkiyədə sevilən Azərbaycanın məşhur simalarının seçkiqabağı kampaniyalarda iştirakından tutmuş digər vasitələr də bu mənada keçərli hesab oluna bilər.
 
Bir məqama da diqqət yetirilməsi vacibdir. Adətən analitiklər və siyasi təhlilçilər bir məsələdə durumu real qiymətləndirə bilmirlər. Tutaq ki, Ərdoğanın rəhbərlik etdiyi partiya və ya ittifaq bələdiyyə və parlament seçkilərində iri meqapolislərdə rəqiblərinə uduzub və ölkənin İstanbul, Ankara. İzmir, Adana, Antalya kimi çoxmilyonlu şəhərlərində CHP və digər müxalif partiyalar Ərdoğanın namizədlərinə qalib gəlib. Bu o deməkdirmi ki, həmin seçkilərdə Ərdoğanın namizədlərinə səs verməyən seçicilərin hamısı prezident seçilərində də eyni mövqedən çıxış edəcəklər? Əlbəttə, xeyr. Nəzərə almaq lazımdır ki, prezident seçkilərində durum xeyli fərqlənir və xeyli sayda müxalif partiya tərəfdarlarının məhz Ərdoğanın xarici siyasətdəki çoxgedişli uğurlu kombinasiyalarına rəğbətini ona səs verməklə ifadə edəcəyi qaçılmazdır. Yəni tutaq ki, müxalifdüşüncəli seçici AKP-nin bələdiyyə və parlament seçkilərindəki namizədinə nifrət etmiş olsa belə, eyni davranışı Ərdoğana münasibətdə etməyəcək. Bu baxımdan hesab etmək olar ki, qarşıdakı dönəmdə kritik gəlişmələr yaşanmsa, Ərdoğanın bu savşadan qalib çıxma ehtimalı çox olmasa belə qalmaqdadır. Nəzərə almaq lazımdır ki, "6-lı masa" adlanan "Millət ittifaqı"nda da işlər qaydasında deyil və bu ittifaqın seçkilərə vahid namizədlə qatılacağı ehtimalı yüksək deyil, qatılsalar belə, Ərdoğanla müqayisə ediləcək namizədin olmadığını da vurğulmaq lazım. Yəni Millət ittifaqının irəli sürəcəyi heç bir vahid namizəd tutaq ki, Putinlə, Baydenlə, dünyanın digər nəhəng dövlət və hökumət başçıları ilə Ərdoğan kimi iddialı danışıqlar apara bilməz və bu iddia heç bir halda Ərdoğan heyranlığı deyil, hər kəsə gün kimi aydın olan reallığın etirafıdır.
 
Tanınmış ermənişünas alim, Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı da hesab edir ki, qarşıdakı seçkilərdə Ərdoğanın aqibətini daha çox xarici siyasətdəki uğurları müəyyənləşdirəcək:
 
"2023-cü ilin iyun ayında keçirilməsi nəzərdə tutulan Prezident seçkiləri ərəfəsində Türkiyədə siyasi gərginlik müşahidə olunmaqdadır. Ölkə iqtisadiyyatında baş verən təlatümlər, inflyasiya və qiymət artımı, xalqın güzəranının günü-gündən pisləşməsi, ayrı- ayrı ölkələrlə yaşanan anlaşmazlıqlar iqtidarda olan Ərdoğan hakimiyyətini çətin sınağa çəkmişdir.   Ölkədəki siyasi təşkilatlar seçkiyə ittifaqlar halında gedəcəklər. Bəzi partiya rəhbərlərinin də bu seçkiyə müstəqil namizəd kimi qatılacağı  ehtimalları var. AKP, MHP və Böyük Birlik Partiyasının birləşdiyi “Cumhur İttifaqı”nın növbəti seçkiyə birlikdə gedəcəyi görünməkdədir. Bu ittifaqın vahid namizədi artıq elan olunub. Bu, indiki prezident Rəcəp Tayyip Ərdoğandır. 
 
Məlumdur ki, prezident Rəcəp Tayyib Ərdoğan ittifaqı genişləndirmək və qələbəsini  bir daha təmin etmək üçün səy göstərir, onun digər siyasi güclərdən dəstək alması,  AKP-nin seçki ittifaqını genişləndirməsi  çox da asan görünmür.
 
Bu seçkilərdə müxalif qanadın - CHP və İYİ Partiyanın rəhbərlik etdiyi “Millət İttifaqı ” nın  “gücləndirilmiş parlament sistemi”  girişimlərinin nəticə verməməsindən sonra artıq bir müddətdir ki, 6 siyasi təşkilatı bir araya gətirərək siyasi seçki əməkdaşlığını genişləndirməyi hədəfləyir. Əvvəllər Millət İttifaqında olan Demokrat Partiyası və Səadət Partiyası ilə yanaşı, seçki zamanı Əli Babacanın rəhbərlik etdiyi DEVA Partiyası və Əhməd Davudoğlunun rəhbərlik etdiyi Gələcək Partiyasının da Millət  İttifaqına daxil olma ehtimalı yüksəkdir. “6-lı masa“ deyilən bu ittifaq əslində qurulmuşdur, amma Ərdoğanın qarşısına kimin çıxarılacağı ilə bağlı uzun müddətdən bəri bir razılığa gəlmək mümkün olmur, həm prezidentliyə ortaq namizəd, həm də ittifaq üçün onun şərti “keçid prosesi” prinsipləri üzərində razılaşmaq hələ ki, mümkün olmur.
 Bu ittifaqların kənarında qalan bəzi siyasi güclər də prezident seçkilərində kimi dəstəkləyəcəklərini hələ ki, müəyyən etməmişlər.  CHP-nin  və “Millət İttifaqı“na daxil olan digər partiyaların ölkədəki kürd seçicilərinin səsini almaq təşəbbüsləri hələ ki, nəticə vermir. Mövcud ittifaqlarda yer almamaqda qərarlı olan HDP sol partiyalarla ittifaqa isti münasibət bəsləyir. Bu kontekstdə HDP-nin liderliyində bəzi sol və sosialist partiyaların iştirakı ilə “üçüncü ittifaq” da gündəmdədir.
 
 
Rəcəp Tayyip Ərdoğanın şəxsində iqtidar seçkini qazanmaq üçün təbliğatını bir neçə istiqamətdə aparır. İqtisadi çətinliklərdən xalqın aztəminatlı kəsiminin etkilənməməsi üçün və ya  ona az təsir göstərməsi üçün sosial proqramlar irəli sürür və onları həyata keçirir. Xalqın önəmli ölçüdə etimadını da qazanmaqdadır.  Amma seçki zamanı bunların müsbət rol oynayacağı ehtimalları haqqında öncədən bir söz demək olmur. Qarşdan gələn qış mövsümündə inflyasiya bu templə davam edərsə, bu, sosial və  insanların maddi durumunun yaxşılaşdırılması tədbirlərinin müsbət nəticə verəcəyinə inam azdır. Yeni layihələrin həyata keçirilməsi və xarici siyasətdə Türkiyənın başarılı addımları da seçkilərdə rol oynayacaqdır.  Türkiyədə Ərdoğanın beynəlxalq basqılar qarşısında dik duruşu, onun özünün xarizması, ölkənin  bölgədə lider dövlətə çevrilməsi kimi faktorlar seçki prosesinə təsir edəcək amillərdir.  
 
 
Müxalifətin ortaq namizədinin kim olacağı da seçkiöncəsi “Cumhur İttifaqı”nın manevretməyə imkan verəcək. Müxalifət tərəfindən ortaq aday məsələsində bir razılığa gəlinməməsi əslində Ərdoğanın işinə yarayır. CHP lideri Kamal Kılıçdaroğlunun namizəd olması durumunda qalib gəlmək şansı daha çox ola bilər. Sorğu anketlərində ortaq namizəd kimi düşünülən  Ankara Böyük Şəhər Bələdiyyə başkanı  Mansur Yavaşın namizədliyi durumunda seçkilərin ikinci turunun qaçılmaz olacağı ehtimalları da yüksəkdir. Seçkinin birinci turunda  heç kəsin 50+1 alacağı gözlənilmir. Hər şeyi ikinci tur həll edəcək. İkinci turda isə namizəd kim olursa olsun, Ərdoğanın qazanacağı muhtemeldir.  Amma hər şey Konstitusiyaya uyğun olmalıdır. Konstitusiyada heç bir şübhə yeri qoymayan aydın bir qayda var. Türkiyə TBMM 2023-cü ilə qədər ümumi üzvlərin beşdə üçü ilə prezident seçkilərinin yenilənməsinə qərar verərsə, o zaman Ərdoğanın üçüncü dəfə namizəd olması ehtimalı var. Amma gözlənildiyi kimi 2023-cü ildə seçkilər keçirilərsə, Ərdoğanın üçüncü dəfə namizəd olmaq hüququ yoxdur. Seçkilər ərəfəsində fövqəladə bir durum yaranarsa, iqtidar başqa bir variantı işə sala bilər. “Cumhur İttifaqı” başqa bir namizəd göstərə bilər. Selçuk Bayraktarın namizədliyinin də dəstəklənəcəyi ehtimalları üzərində durula bilər.
 
 
Artıq namizəd kimi elan olunmuş və cəmiyyətin böyük bir hissəsi tərəfindən dəstəklənən Rəcəp Tayyip Ərdoğan seçilərsə Türkiyənin xarici və daxili siyasətində dəyişiklik olmayacaq. AKP-nin başlatdığı layihələr davam etdiriləcək və dünyada gedən proseslərə Ərdoğanın  təsir imkanları daha da artacaq. Bu mənada Ərdoğanın seçilməsi Azərbaycan üçün daha  yararlı olacaq, Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi davam edəcək. Ərdoğanın seçilməyəcəyi durumunda Azərbaycan münasibətin dəyişməyəcəyi və dəstəyin davam edəcəyini söyləyə bilərik. Çünki Türkiyə dövlətini siyasətini şəxslər deyil, dövlət sistemi müəyyən edir. Həmin sistemdə həm də Azərbaycanla bağlı uzun illərdən bəri müəyyənləşdirilmiş istiqamət  mövcuddur. Ərdoğanı əvəz edəcək prezidentin həmin sistemi dizayn etməyə gücü yetməz. Azərbaycanın bölgədəki rolü Türkiyə üçün prioritet məsələdir. Burada isə həm milli, həm də dövləti maraqlar ön planda olacaq.  
Altı partiyanın namizədinin iqtidara gələcəyi təqdirdə dövlət idarəçilik sistemində dəyişikliklər gözlənilir və onun bəzi konturları hətta 6 siyasi partiyanın toplantılarında cızılmışdır. Prezident seçkilərindən sonra “parlament sisteminə keçid üçün konstitusiya dəyişikliyinə qədər olan dövr” kimi ifadə edilən “keçid prosesi” planlaması olacaq və bu isə bəzi hallarda cəmiyyəti bir birinə qarşı qoyacaq.  Məsələyə müxalif adayın qalib gəlməsi kontekstindən baxsaq, prezidentin səlahiyyətlərinin necə tənzimlənəcəyi, müttəfiqlik tərəfdaşı olan partiyaların hökumətdə necə iştirak edəcəyi, “de-fakto parlament sistemi”nin tətbiqi üçün “yol xəritəsi” nə olacaq? İqtisadi islahatlar necə aparılacaq? Dövlət sistemi yenidən necə qurulacaq. “keçid prosesi”nin yol xəritəsini kimlər müəyyən edəcək? Bütün bunlar  ölkədə  qeyri- müəyyənliyə yol açacaq və birinci dərəcəli məsələ ilə onuncu dərəcəli məsələlər bir birinə qarışacaq. Müxalifətin ortaq namizədi hələlik olmadığından bu suallar da açıq qalır. Məncə Türkiyə xalqı bu seçkinin həmin qarışıqlıqlara səbəb olmamasına imkan verməmək üçün doğru seçimini edəcək. Doğru seçim, indiki durumda AKP hakimiyyətinin davam etməsidir və dünyada gedən mürəkkəb proseslərin fonunda Ərdoğanın xarizmasına hələ ehtiyac var.
 
 
"Türkiyədəki prezident seçkilərinin yüksək rəqabət ilə keçəcəyini düşünürəm"
 
 
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza da belə hesab edir ki, Ərdoğanın növbəti dəfə seçilmək şansı yüksəkdir. Sabiq səfirin fikrincə Türkiyədə keçiriləcək prezident seçkilərində əsas rəqabət hazırda iqtidarda olan partiya "AK Parti" və "CHP" arasında baş tutacaq
 
"Mən ümid edirəm ki, Türkiyənin hazırkı prezidenti Rəcəp Tayyip Ərdoğan gərgin keçəcək seçimlərin sonunda yenidən prezident seçiləcək. Xüsusən də, son zamanlar dünya düzəninin dəyişdiyi bir vaxtda onun xarici camiyədə sərgilədiyi balanslaşdırılmış siyasət maddi və mənəvi baxımdan Türkiyəyə xeyli avantaj qazandırıb."
 
Metyu Brayzanın sözlərinə görə Türkiyə hazırda nəinki Qərb üçün, eyni zamanda da Cənubi Qafqaz, Şərq və Rusiya üçün müstəsna əhəmiyyətli dövlətdir:
 
"Məhz Ərdoğanın yürütdüyü doğru və dəqiq siyasət nəticəsində Türkiyə təkcə öz yerləşdiyi regionda deyil, deyərdim ki, Avropada və dünyada söz sahibi olan dövlətlərdən birinə çevrilib. Həmçinin Ərdoğan xarici siyasət kursunda kifayət qədər ədalətli bir mövqe sərgiləməyə çalışır. Türkiyənin Ukrayna müharibəsindəki roluna nəzər saldıqda bunu daha dərindən anlaya bilərik. O, Rusiyanın Ukraynaya hücum etdiyi ilk günlərdən Ukraynanın ərazi bütövlüyünü dəstəklədi. Həmçinin Rusiya ilə danışıqlar apararaq Ukrayna taxılının avropaya çıxmasına nail oldu və bununla da Avropanı taxıl böhranından xilas etdi. Beləliklə o həm də, Qərb dairələrinin rəğbətini qazanmış oldu. Düşünürəm ki, Türkiyə vətəndaşları seçimlərdə məhz bu amillərdən dolayı Ərdoğana üstünlük verəcəklər".(moderator.az)


Xəbəri paylaş

1142 dəfə oxunub.

Digər xəbərlər