Saytımızı qiymətləndirin


 
 

Göy daş - Rəna İbrahimova yazır
Tarix: 03-09-2022 | Saat: 20:12
Bölmə:Karusel / Yazar | çapa göndər

Kölgə - Song Lyrics and Music by Aydın Sani arranged by 7MiracleN on Smule Social Singing app
Yollar müxtəlif olur, uzun, qısa, çala-çuxurlu, hamar, eniş-yoxuşlu, hər gün get-gəlli, unudulub ot basmış, rahat, asfaltlı... Həyat yolları görəsən bəznzəyirmi bu yollara? Görəsən harda oxşarlıq, harda ayrılıq, fərq var? Həyatı yaşayıb hiss edirik, yolları keçə-keçə, həyat bizdə yaşanır yollar bizdən keçə-keçə! Yaşanan ömürdə ömrə sığmayan yollar var. Bu yollar kilometrlərə, ölçü-biçiyə sığmaz. Hələ yarıda qalan yaşanmamış yolları demirəm.
İki məktəbli qız son vaxtlar eyni yolu yarıyadək bir gəlirdilər hərçənd evlərinin yolları fərqli istiqamətlərdə yerləşirdi. Söhbətləri çox yaxşı tuturdu. Əvvələr heç belə deyildi. Çox fərqli idilər. Biri uzun boylu, biri balaca boylu, biri yaxşı oxuyan biri çox zəif, biri kəndin bu başından, biri o başından, biri çox sakit, o biri... unutmuşam. Hələ dalaşdıqları bir vaxt da olub. Əməlli davakarlıq etmişdilər. Bir az böyük uşaqlarln əli vardı bu davada. Məhəllələr arası davalar silsiləsi misalı kimi. İndi hər şey unudulmuşdu. Fərqli iki ulduz barışmış möhkəm bağlar yaranmışdı aralarında.
Yolu hər gün gəlib bir nöqtədə dayanırdılar. Bir dərə vardı, aradan su axırdı(amma bu qızların arasından heç su da keçmirdi). Dərənin sağ tərəfində yolun üstündə böyük bir göy daş vardı. Hansı səbəbdən burda idi qızlar bilmirdilər. Bu daşı artıq heç bir güclü sel, heç bir güc sahibi yerindən tərpədə bilməzdi. Bu bir dostluq rəmzinə çevrilmişdi elə bil. Danışılan sözlərin tək şahidi idi. Hardan səs çıxsa o daşdan səs çıxmazdı.
Bu yeniyetmələr həyatlarının ən gözəl, çiçəklənən çağında idilər. Həyat hər gün bir gözəllik bəxş edirdi onlara. Balaca boylu qızın qapqara uzun saçları vardı. Hər zaman açıq və dolaşıq olardı. Digərinin saçlarının uzunluğu dəyişərdi tez-tez. Uzanan saçlar qısalar yenidən uzanardı. Uzun saçlı Ay bənizli rəfiqəsinə baxıb yenidən saçlarını uzatmaq niyyətinə düşmüşdü. Parta yoldaşının da saçları uzun və şəvə kimi qara və cod idi. Hər gecə sevdiyi hər iki rəfiqəsinin saçlarına çatmaq üçün saçlarını yuyurdu. Uzun saçlarının arzusunda o qədər yatardı gecələr də yuxusunda saçlarının uzandığını görərdi.
Beləliklə arzuları böyüyər, artıb çoxalardı gün-gündən. Bir gün Göy daşın üstündə oturub söhbət edəndə rəfiqəsi dedi:
-Gecə yuxuda saçlarımı kəsdiyimi gördüm. Nənəmdən soruşanda bu nə yuxudu, başını bulayıb, saç kəsmək yaxşı əlamət deyil heç. Ömürdən kəsərsən, :-dedi.
-Heç ürəyinə salma! Mən həmişə elə düşünürəm mənim də ömrüm qısadır.
-Niyə elə deyirsən? Elə demə.
Qızı qəhər boğdu. Rəfiqəsinə acıdı kiçicik ürəyi.
-Mən yayda həkimdə olmuşdum, ürəyimdə problem var, dedilər.
Ayrılıb getsələr də rəfiqəsi hələ də Aynurun dediklərinin təsiri altında idi.
İl keçdi amma yenə Göy daşın üstünə gəldilər. Yay tətilini başa vurub yeni dərs ilinə başlamışdılar. Böyümüşdülər artıq, arzularıyla birgə. Yayda az-az görüşdüklərindən söhbətlər də çox olurdu. Qəlbləri daha sürətlə döyünür, görkəmləri daha nəzərə çarpacaq dərəcədə dəyişmişdi. Danışdıqca danışırdıar, evə gecikirdilər amma nədəsə tələsirdilər də -böyüməyə əlbəttə. İlk vurğunluqlarından danışmağa, arzularının qanadlarında uçmağa başlamışdılar.
Ah, bu Göy daşın yerində olmağı kimlər arulamazdı! Bəlkə də iki qulaq,  iki göz də istəyərdilər. İki yeniyetmə gözəlin qəlb çırpıntıları, gözləridəki işıltı, əllərinin həyəcandan əsməsi, səslərinin titrəməsi... arzu yollarının getdikcə uzanmasına hər gecə yuxuda uzanan saçlarının da sürəti çatmazdı. Danışdıqca danışardılar. Heyran-heyran bir-birlırini dinləməkdən doymazdılar.
-Kaş bacı olardıq, bir evdə yaşayardlq, bir çarpayıda yatardıq, heç ayrılmayaydıq.
-Biz bir ananın qızları olmasaq da bir bacı kimiyik. Bizi heç kəs ayıra bilməz!
-Bax, Aynur, biz ali məktəbdə oxuyanda da ayrılmayacağıq a. Bakıda da bir-birimizi tapıb görüşəcəyik!
-Əlbəttə.
Hadisələr öz məcrasını dəyişmişdi. 20 Yanvar hadisəsindən sonra Xocalı hadisəsi baş verdi. Bu faciə hər gün şagirdlər arasında da danışılırdı. Valideyinlər göz yaşları içində aralarında bəzi şeyləri xısın-xısın danışırdılar. Hər gecə televizorun qarşısında oturub gündəlik xəbərləri dinləyir, dəhşətli görüntüləri, arada gəzən ağıla sığmaz hadisələri eşidib qorxuya düşmüşdülər. Məktəbə gələn şagirdlərin sayı azalır,ailələr qadlnları,qızları rayondan kənara çıxarırdılar. Köç başlamışdı-ilk kiçik köç!
Aynur dərsə gəlməmişdi. Rəfiqəsi özünə yer tapa bilmirdi. Digər günlər də gözü yolda qaldı. Xəbər biləndə ki,rəfiqəsi Bakıya qohumlarının evinə gedib çox təsirləndi. Vaxt keçirdi. Gedən ailələr geri qayıtmırdı. Hər yerdə bir boşluq yaranmışdı. İnsanların gözlərində inam, işıq sönmüşdü. Fidan demək olar ki, tək qalmışdı. Ən yaxın rəfiqəsi Aynurla bərabər sevdiyi rəfiqələri də köçmüşdü. Arzuları, istəkləri, xatirələri də köçmüşdü. Yolunu Göy daşın yanından salıb kövrəlib keçirdi. Yoluna davam etdikcə Aynur üçün darıxar,dönəcəyi günləri sayardı. Günlər uzanıb aya döndü. Artıq ümid yox idi. Eşitmişdi ki, Aynur Bakıda məktəbə gedir.
Yollar o qədər uzun,əlçatmaz idi heç yuxuda da çatmaq olmurdu. Yuxular da dəyişmişdi. Səhərlər də.
Bir səhər Fidanın da köçü başladı. Bu dəfə yol Göy daşın yanından deyil başqa yolla başqa yoldan başladı. Yol uzandıqca boynu geridə qalan Fidanın gözü arxada,arzuları gözündə,sözləri ürəyidə,sirləri Göy daşda qaldı.
Arxasınca böyük köç başlandı.
İllər keçib.Göy daş hələ də yerindədirmi görəsən? Yoxsa ona da düşmən əli dəyib. Yerini dəyişməyiblər görən?
Onun da sözü var yəqin daş da olsa dillənəcək bir gün! İki yeniyetmənin sirlərini saxlayıb,pünhanlarını qoruyub,üstündə mamırlar bitirib gizlənib bəlkə ələ keçməmək üçün. Sonrakı talelərinin həsrətiylə qızları gözləyir. O yeniyetmələr artıq övlad sahibi,yol yolçusu,yol yorğunu,illər ayrısıdılar. Hələ də qovuşmayıblar. Saçlarına dən, ürəklərinə qəm, çiyinlərinə dünyanın yükü düşüb Göy daşın özü boyda.
Gör nələr olub, nələr keçib. Necə yaşanmamış ömür, neçə yarıda qalmış uşaqlıq illəri, tutulmamış toylar, çalınmamış laylalar, oxşanmamış ağılar, qırıq-qırıq olmuş talelər, yarıda qalmış xəyallar, xəyal qırıqlıqları, sönmüş ocaqlar, külü qalmış obalar, sona qədər yaşlaşmamış ahıllıq, qədəm tutub büdrəyən uşaqlıq çağı qalıb. Göy daşınsa gözləri yolda qalıb.
Rəna İbrahimova


Xəbəri paylaş

1538 dəfə oxunub.

Digər xəbərlər