Saytımızı qiymətləndirin


 
 

Deputat: Ermənistanın iki ölkənin sərhədlərini minalaması onların əsl xislətindən xəbər verir
Tarix: 02-08-2022 | Saat: 18:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Vüqar İskəndərov

“44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edən Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad etdi. Artıq işğaldan azad olunan torpaqlarda bərpa-quruculuq işləri gedir. Lakin bu məqamda da Ermənistanın işğalçılıq, cinayətkarlıq xislətindən irəli gələn problemlərlə üzləşirik. Bunlardan biri də minalanmış ərazilər məsələsidir”.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Avqustun 2-də minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsinə münasibət bildirən deputat deyib ki, bu, Ermənistanın Azərbaycana qarşı gizli müharibəsi, terror siyasətinin davamıdır.

Onun sözlərinə görə, baxmayaraq ki, 44 günlük müharibədən ötən 2 ildən artıq vaxt keçib, mənfur qonşularımız bu qanlı siyasətlərindən əl çəkmirlər: “Məlum olduğu kimi, Ermənistan 30 il ərzində işğal altında saxladığı bütün ərazilərimizi minalayıb. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. Hazırda Ermənistanın iki ölkənin sərhədlərini minalaması onların əsl xislətindən xəbər verir. Cənab Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Bu, eyni zamanda, Ermənistanın cinayətkar əməli ucbatından hələ də vətəndaşlarımızın həlak olması deməkdir. Artıq müharibədən sonra yüzlərlə insan minaların qurbanı olub”.

Deputat onu da deyib ki, bu gün sülh müqaviləsindən boyun qaçıran, bütün sülh təşəbbüslərini sabotaj edən Ermənistan regionda təhlükəsizliyi təhdid edən ölkə olaraq qalır: “Bu gün Ermənistan digər ərazilərin mina xəritələrini verməkdən boyun qaçırır. Belə olan halda isə əsas məsuliyyət Ermənistanla yanaşı, beynəlxalq ictimaiyyətin üzərinə düşür. Yəni, beynəlxalq ictimaiyyət vaxt itirmədən Ermənistanı təzyiq göstərməlidir. Dünya birliyi Ermənistanı azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana verməyə məcbur etməlidir”.



Xəbəri paylaş

1190 dəfə oxunub.

Digər xəbərlər