Saytımızı qiymətləndirin


 
 

II Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi olub
Tarix: 31-07-2022 | Saat: 22:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

II Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi olub

Azərbaycanda II Milli Yaylaq Festivalı keçirilir.

Qarabaginfo.az-ın məlumatına görə, milli-mənəvi dəyərlərimizin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə keçirilən II Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi baş tutub.

Rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, “Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti, II Milli Yaylaq Festivalının layihə rəhbəri Müzadil Həsənov, Millət vəkilləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Mərasimində qonaqları simvolik olaraq Dədə Qorqud qarşılayıb, söz söyləyib, xeyir-dua verib. Sonra nağaraçılar və igidlərin “Qılınc” rəqsi nümayiş olunub.

Qonaqlar etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır Meydanı, “Yaylaq (k/t) bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı” (k/t heyvanları üçün yerlər), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” (yaylaq kulinariyası) və digər müxtəlif mövzulu sahələrə baxış keçirib, etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış olublar.

Qeyd edək ki, İkinci Milli Yaylaq Festivalı “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun və “Kap.az” – Fərqli Turizm MMC–nin təşəbbüsü, Mədəniyyət Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gənclər və İdman Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Azərbaycan Dövlət Televiziyası, AZƏRTAC və digər dövlət və özəl qurumların tərəfdaşlığı və dəstəyi ilə keçirilir.



Xəbəri paylaş

1210 dəfə oxunub.

Digər xəbərlər