Saytımızı qiymətləndirin


 
 

"Lavrov qəzəbli, Peskovsa xeyirxah "müstəntiq"dir..."
Tarix: 25-07-2022 | Saat: 17:55
Bölmə:Karusel / Region | çapa göndər

"Rusiya tammiqyaslı müharibəni uduzacaq..."
"Kreml üçüncü dünya savaşında Rusiyanın qalib gələ bilməyəcəyini anlayır..."
 
"Rusiyanın sərt ritorikası daxili auditoriya üçün nəzərdə tutulub..."
 
"Lavrov çoxdandır diplomat deyil, Moskva NATO-dan çəkinir": rusiyalı müxalifətçi qadın Kremlin oyunlarından danışıb
 
Kreml üçüncü dünya savaşını törətməyi planlaşdırmır, çünki bu savaşda Rusiyanın qalib gələ biməyəcəyini anlayır. Sərt ritorika isə istisnasız olaraq rusiyalılar üçündür.
 
Qarabinfo.az xəbər verir ki, bu barədə rusiyalı müxalifətçi qadın, Sankt-Peterburqdakı Birləşmiş vətəndaş fondu şöbəsinin rəhbəri Olqa Kurnosova "OBOZREVATEL" ("İçmalçı") nəşrinə verdiyi müsahibəsində deyib.
 
Rusiyanın baş diplomatının "Ukraynada coğrafiyanın dəyişilməsi" və Donetsk və Luqansk vilayətlərinin hüdudlarından kənardakı ərazilərin işğalı planları barədə bəyanatını şərh edərkən, Kurnosova qeyd edib ki, Lavrov çoxdandır ki, formal olaraq Rusiyanın xarici işlər naziri deyil.
 
"O, partiya nümayəndəsinə çevrilib və bu gün Kremlə lazım olam narrativləri səsləndirir. Biz yaxşı və pis müstəntiqin oyunlarını görürük. Şərti olaraq desək, Lavrov "qəzəbli müstəntiq", Peskov "xeyirxah müstəntiqdir", o, Lavrova nisbətən nəsə daha ağıllı sözlər danışır. Lavrovun etdikləri isə, ümumiyyətlə, diplomatiya deyil. Nədən bu yaşda o, bunu edir, bu, ayrıca məsələdir. Görünür, ona yaxşı pul verirlər", - Kurnosova deyib və əlavə edib ki, Qərbdə heç kim Rusiyadan ardıcıl mövqe gözləmir, məhz buna görə də Ukraynaya tədarük edilən silahların sayı artır.
 
Jurnalistin "Kremlin hərəkətləri üçüncü dünya savaşının törədilməsinə yönəlibmi?" sualına cavabında Kurnosova əmin edib ki, Moskva gözəl anlayır: NATO-ya qalib gəlmək mümkün olmayacaq.
 
"Məncə, bütün bu sərt ritorika ilk öncə Rusiyanın daxili istehlakçısına yönəlib ki, nədən "xüsusi əməliyyat"ın belə uzun müddət davam etməsini və əvvəldən vəd edildiyindən daha çox tammiqyaslı müharibəni xatırtlatdığını izah edə bilsinlər. Bir şeyi daxili auditoriya üçün izah etmək olar ki, onlar Ukrayna ilə deyil, bu qorxulu NATO ilə vuruşurlar. Ona görə də hər şey onlar üçün belə mürəkkəbdir. Biz axı bilirik, Kremlin konsepsiyasında Ukrayna, ümumiyyətlə, mövcud deyil. Putin gerçəklikdən nə qədər ayrı düşsə də, onun ətrafı anlayır ki, Rusiya tammiqyaslı müharibəni uduzacaq. Ona görə də mən düşünmürəm ki, onlar gerçəkdən üçüncü dünya savaşını törərmək istəyir", - ekspert sözlərinə yekun vurub.(Modrator)


Xəbəri paylaş

1210 dəfə oxunub.

Digər xəbərlər