Tarix: 20-07-2022 | Saat: 18:59
Bölmə:Karusel / Gündəm | çapa göndər
Qeyri-hökumət təşkilatları intihar halları ilə bağlı xəbərlərin yayılmasına dair bəyanat yayıb.
Qarabaginfo.az xəbər verir ki, bəyanatda deyilir:
“İntihar mövzusu son zamanlar demək olar ki, hər gün səslənən istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, gündəmdə olan mövzulardan biridir. Xüsusən azyaşlı və yeniyetmələr arasında intihar halları bütün cəmiyyəti narahat edir. İntiharın müxtəlif səbəbləri var. Bəzən insanlar öz qarşılarına gücü və potensialına uyğun olmayan məqsədlər qoyurlar. Müəyyən zaman keçdikdən sonra bu məqsədlərə çatmayanda və ya arzularını reallaşdıra bilməyəndə onlarda ruh düşkünlüyü yaranır və çıxış yolunu intiharda görürlər.
Bundan əlavə televiziya və internet resurslarda nümayiş olunan əksər film və seraiallarda, həmçinin cinayətlə bağlı verilişlərdə ölüm hadisələrinin motivləri aşkar özünü biruzə verir. Bəzən intihar hadisəsi ilə bağlı məlumatlar kütləvi informasiya vasitələrinə sosial şəbəkələrdən daxil olur. Zorakılıq, intihar və s. bu kimi insanların sağlamlığına və təhlükəsizliyinə dair mənfi təzahürlərlə bağlı məlumatlar adekvat tərzdə işıqlandırılmalı, onların təbliğinə və təsir gücünün artırılmasına yol verilməməlidir. Öz təsdiqini tapmayan informasiyanın cəmiyyətə çatdırılması yanlış addım kimi qiymətləndirilir və qeyri-peşəkarlığın bariz nümunəsidir.
Dünya təcrübəsi və aparılan tədqiqatlar bunu deməyə əsas verir ki, mürəkkəb fenomen olan intihar hallarına qarşı yalnız komlpeks mübarizə tədbirləri səmərə verə bilər. Profilaktika və mübarizə tədbirləri isə bütövlükdə cəmiyyət tərəfindən dəstəkləndiyi təqdirdə təsirli olur. İntihar hallarına qarşı mübarizə və profilaktik tədbirlərə dəstək verilməsi məqsədilə vətəndaş cəmiyyəti üzvlərini, qeyri hökumət təşkilatlarını, media nümayəndələrini və digər aidiyyatı qurumları aktiv olmağa və bu sahədə öz töhfələrini verməyə çağırırıq!
Biz birlikdə güclüyük!”
Digər xəbərlər