Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın neft hasilatının azaldılması üzrə uzunmüddətli öhdəlikləri başa çatır
Tarix: 30-06-2022 | Saat: 18:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanın neft hasilatının azaldılması üzrə uzunmüddətli öhdəlikləri başa çatır

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 30-cu iclasında gündəlik xam neft hasilatının avqustda 648 min barel artırılması ilə bağlı qərarı Azərbaycan tərəfindən dəstəklənib.

Energetika Nazirliyindən verilən məlumata görə, avqust ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 11 min barel artırılaraq 717 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə yekunlaşması nəzərdə tutulur.

 

Bu, neft bazarının tənəzzülü şəraitində tələb-təklif tarazlığının bərpası məqsədilə 2020-ci ilin aprel ayında qəbul ediLmiş tarixi Razılaşmanın mərhələli icrası çərçivəsində “OPEC+” ölkələri üzrə gündəlik xam neft hasilatı ilə bağlı yekun ixtisarlardır. Bununla da Azərbaycan da daxil olmaqla “Əməkdaşlıq Bəyannaməsi” iştirakçılarının 2020-ci ilin may ayından qüvvədə olan, iki ildən artıq müddəti, ümumilikdə gündəlik xam neft hasilatının birinci mərhələdə 9,7 mln. barel, ikinci mərhələdə 7,7 mln. barel və üçüncü mərhələdə 5,8 mln. barelə yaxın azaldılmasını əhatə edən böyük həcmli öhdəlikləri bu ilin avqust ayının sonunda başa çatır.

Bu müddət ərzində “OPEC+” mütəmadi iclaslar zamanı qəbul edilmiş qərarlarla istehsal məhdudiyyətlərini davamlı düzəlişlər etməklə tədricən həyata keçirdi. Yeni qərarla “Əməkdaşlıq Bəyannaməsi” iştirakçısı olan ölkələrin avqustda gündəlik 43 854 min barel həcmində xam neft istehsal etməsi nəzərdə tutulur. Bu isə hasilatın ixtisarların aparıldığı 2018-ci ilin oktyabr ayındakı səviyyədə bərpasına imkan yaradır.

Xatırladaq ki, “OPEC+” ölkələri üzrə 5,8 mln. barelə yaxın ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda qəbul edilmişdi.



Xəbəri paylaş

1240 dəfə oxunub.

Digər xəbərlər