Tarix: 30-04-2020 | Saat: 10:36
Bölmə:Karusel / Sosial | çapa göndər
Bütün dünyanı cənginə almış koronavirus pandemiyası ilə bağlı mübarizə tədbirləri davam etdirilməkdədir.
Qarabaginfo.az xəbər verir ki, hələ ki, virus əleyhinə vaksin tapılmadığı üçün yoluxmaların və dünyasını dəyişənlərin sayında sürətli artım müşahidə olunmaqdadır. Azərbaycanda isə vəziyyət digər ölkələrlə müqayisədə ürəkaçandır. Belə ki, ölkəmizdə bu günə kimi 1766 nəfərdə koronavirusa yoluxma faktı müəyyən edilib. Onlardan 1267 nəfər müalicə olunaraq sağalıb, 23 nəfər vəfat edib, 476 nəfərin isə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Yoluxma sayının az olması ölkədə aparılan qabaqlayıcı tədbirlərin nəticəsində baş verib. Belə ki, artın 24-dən aprelin 20-sinə qədər ölkədə xüsusi karantin rejimi elan edilib. Daha sonra bu rejimin mayın 4-nə kimi davam etdirilməsiylə bağlı qərar verilsə də, aprelin 27-dən etibarən ölkədə karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılıb. “ASAN Xidmət” başda olmaqla bəzi iş yerləri açılıb, icazə SMS-nin müddəti 3 saata qədər artırılıb.
Görülən işlərin nəticəsində ölkədə ən az koronavirusa yoluxma faktı aprelin aprelin 19-u və 25-i tarixində müşahidə edilib. Aprelin 19-u 25 nəfər virusa yoluxsa da, 122 nəfər sağalıb, cəmi 6 gün sonra isə 25 nəfərdə virusa yoluxma, yoluxmadan iki dəfə çox yəni, 67 sağalma faktı qeydə alınıb.
26 aprel tarixində bu rəqəm 28 yoluxma, 59 sağalma ilə müşahidə edilib.
Qeyd etdiyimiz kimi, 27 aprel tarixindən xüsusi karantin rejimində tətbiq edilən məhdudiyyətlərin bir qismi aradan qaldırılıb. Təəssüf ki, bu tarixdən sonra koronavirusla bağlı müşahidə edilən statistikada mənfiyə doğru dəyişikliklər qeydə alınıb.
27 aprel 33 yoluxma, 23 sağalma
28 aprel 39 yoluxma, 59 sağalma
29 aprel 49 yoluxma, 46 sağalma
Statistikadan da göründüyü kimi, həmin tarixdən sonra yoluxmaların sayında artım müşahidə edilməkdədir. Son 3 gün ərzində 121 yoluxma, 128 sağalma faktı müşahidə edilib.
Bu da o deməkdir ki, insanlar arasında arxayınlaşma yaranıb. Onlar məhdudiyyət tədbirlərinin yumşaldılmasından sonra virusla mübarizədən qorunmaq istəmirlər. Elə dünən fotoqrafımızın paytaxtın mərkəzi küçəsi olan “Tarqovı” da çəkdiyi şəkillərdən də bunu görmək mümkündür. Göründüyü kimi, ehtiyac oldu olmadı küçəyə axışan insanların sayı çoxalıb.
Mütəxəssislər hələ pandemiyanın uzun müddət davam edəcəyini vurğulayırlar. Bu məqamda istər əhali, istərsə də sahibkarlar tələb edilən qaydalara riayət etməlidirlər. Əgər qaydalara riayət edilməsə, yəqin ki, yenidən sərtləşdirmə halları baş verəcək.
Bunu ölkə başçısı öz çıxışında da vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, karantin müddətində daim monitorinq aparılacaq:
"Əgər bu yumşalmadan sonra görsək ki, vəziyyət mənfi istiqamətə gedir, məcbur olub yenə də sərtləşdirəcəyik. Ona görə bir daha demək istəyirəm ki, əsas məsələ vətəndaşların sağlamlığıdır, onların həyatıdır".
Bu arada qeyd edək ki, qonşu Gürcüstanda fövqəladə vəziyyət rejimi mayın 22-dək , Ermənistanda isə mayın 20-dək uzadılıb. Rusiyada məhdudlaşdırıcı tədbirlər mayın 11-nə kimi davam edəcək. Türkiyədə isə, məhdudlaşdırıcı tədbirlərlə yanaşı, bəzi günlərdə küçəyə çıxmaq qadağası da tətbiq olunmaqdadır. “Qafqazinfo”
Digər xəbərlər