Saytımızı qiymətləndirin


 
 

Paşinyanın qeyri-dəqiq mina xəritələrini alver predmetinə çevirmək cəhdi - TƏHLİL
Tarix: 13-05-2022 | Saat: 18:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Nikol Paşinyan

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini getdiyi, Bakının bu istiqamətdə qətiyyətli addımlar atdığı bir vaxtda Baş nazir Nikol Paşinyan növbəti dəfə absurd iddialarla çıxış edib.

Sonuncu Niderland səfəri zamanı keçirdiyi görüşlərdə Azərbaycanın ərazilərini 30 il işğalda saxlayan, minlərlə günahsız azərbaycanlının ölümünə, itkin düşməsinə, milyonlarla soydaşımızın qaçqın və köçkünə çevrilməsinə səbəb olan ölkəsi Ermənistanın humanist addımlarından dəm vuran Baş nazir özündə Azərbaycanı qeyri-humanist mövqe tutmaqda ittiham etmək cəsarəti də tapıb.

Bu dəfə də o, mina məsələlərini alver predmetinə çevirməyə cəhd edib, mina xəritələrini Azərbaycana təqdim etdiklərini bəyan edərək, bunun müqabilində xüsusi dividentlər əldə etməyə çalışıb.

Əslində, Paşinyan anlamalıdır ki, onun iddiaları özünü gülünc vəziyyətə salır. Ermənistanın mina xəritələrini təqdim etməsi heç bir halda humanitar jest sayıla bilməz. Çünki 10 noyabr bəyanatını imzalamış Paşinyan üzərində beynəlxalq humanitar hüquq öhdəliyi götürüb, minadan təmizlənmə də bu öhdəliyin tərkib hissəsidir.

Məhz Ermənistanın və onun rəhbərlinin bu öhdəliyi yerinə yetirməməsi səbəbindən Vətən müharibəsindən sonra da Azərbaycan vətəndaşları işğaldan azad edilmiş ərazilərdə minaların qurbanı olmağa davam edirlər.

Müharibə bitəndən – 10 noyabr 2020-ci ildən 10 may 2022-ci ilədək 219 nəfər minaya düşüb. Nəticədə 38 nəfər həlak olub (onlardan 31 nəfəri mülki şəxs, 7-si hərbçi), 181 nəfər yaralanıb (onlardan 67 nəfəri mülki şəxs, 114-ü hərbçi).

Təkcə son bir ayda - aprelin 7-dən mayın 10-a kimi isə işğaldan azad edilmiş ərazilərdə 10 mina hadisəsi baş verib. Nəticədə bir mülki şəxs həlak olub, 6 mülki şəxs və 3 hərbçi yaralanıb.

Ermənistanın humanitar jestlərin ilə öyünən Paşinyan bu rəqəmlərə baxıb, bu jestlərin nə dərəcədə humanitar olduğunu görə bilər. Digər məqam isə ondan ibarətdir ki, Ermənistanın təqdim etdiyi mina xəritələrinin qeyri-dəqiqliyi artıq heç kimdə şübhə doğurmur. Azərbaycan dəfələrlə bu məsələni beynəlxalq səviyyədə diqqətə çatdırıb ki, Ermənistanın təqdim etdiyi xəritələrin dəqiqliyi ən yaxşı halda 25% təşkil edir. Xəritələrinin maksimum dəqiqliyi 25% faiz təşkil edən ölkənin Baş nazirinin bununla öyünməsi, üstəlik Azərbaycanı buna qarşılıq verməməkdə ittiham etməsi, sadəcə, gülüncdür.

İşğaldan azad edilmiş ərazilərdə son vaxtlar mina hadisələrindən ölənlərin və xəsarət alanların sayının azalmasına gəlincə, bəli, bu belədir. Lakin bu fakt Ermənistanın “humanist jesti” kimi xəritələr təqdim etməsi ilə yox, başqa səbəblərlə bağlıdır. İlk növbədə, Azərbaycanda minalarla bağlı güclü maarifləndirmə və təhlükəsizlik tədbirləri görülür. Bununla yanaşı, ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi üçün külli miqdarda vəsait, texnika, canlı qüvvə cəlb edilib. Məqsəd minalanmış ərazilərin mümkün qədər tez təmizlənməsidir. Bundan başqa, işğaldan azad edilmiş ərazilərə giriş-çıxış hazırda sərbəst deyil, mina təhlükəsi ilə əlaqədar minlərlə insan öz torpaqlarına sərbəst şəkildə gedib-gələ bilmir.

Bütün bunları nəzərə alaraq, onu demək olar ki, N. Paşinyanın Azərbaycanı humanist addım atmamaqda günahlandırmasına heç bir mənəvi və hüquqi əsası yoxdur.

Bir məqamı da diqqətə çatdırmaq yerinə düşər ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdəki mina problemini, o cümlədən həm 30 ilə yaxın davam edən işğal müddətində sistematik şəkildə, həm də üçtərəfli bəyanat imzalandıqdan sonra əraziləri tərk edərkən Ermənistan tərəfinin məqsədyönlü şəkildə minalar basdırdığını, minaların bölgədə insan həyatına ciddi təhdid doğurduğunu, beləliklə də, mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün Ermənistana təzyiq edilməsi məsələsini qaldıranda Ermənistan, əvvəl, ümumiyyətlə, mina xəritələrinin mövcudluğunu inkar etmişdi. Daha sonra bu məsələdə beynəlxalq ictimaiyyətin tələbi ilə razılaşmaq məcburiyyətində qaldı, mina xəritələrini hissə-hissə Azərbaycana təqdim etdi.

Bir daha xüsusi olaraq vurğulamaq yerinə düşər ki, ümumiyyətlə, Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsini humanitar jest kimi qələmə vermək yanlışdır, çünki bu, üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliyidir ki, bu öhdəliyi də yerinə yetirmir.

Paşinyan Azərbaycanı qeyri-humanist addımlarda ittiham edərkən erməni əsirlərin qaytarılmaması məsələsinə diqqət çəkir. Lakin bu ittihamın absurdluğu çoxdan sübuta yetirilib. Azərbaycan erməni əsirləri müharibədən dərhal sonra Ermənistan tərəfinə qaytarıb. Hazırda Azərbaycanda saxlanılan ermənilər isə konkret cinayət əməllərində, diversiya-təxribat fəaliyyətində ittiham olunaraq məhkəmə qərarı ilə müxtəlif cəzalara məhkum ediliblər. Onlar 10 noyabr Bəyanatından sonra təxribat məqsədilə qeyri-qanuni olaraq Azərbaycan ərazilərinə keçib və hərbçilərimiz tərəfindən saxlanılıblar.

Belə olduğu halda, Ermənistan Baş nazirinin Azərbaycanı humanitar addımlar atmamaqda, saxlanılan erməni əsilli şəxsləri qaytarmamaqda ittiham etməsi yersiz və əsassızdır. Ermənistan rəhbəri yaxşı olardı ki, öncə Azərbaycan ərazilərinə qanunsuz şəkildə daxil olan erməni əsilli diversantların Azərbaycanda saxlanma səbəbini anlasın, vətəndaşlarına da anlatsın.

Şübhəsizdir ki, humanitar məsələlər, humanist addımlar iki ölkə arasında münasibətlərin normallaşmasının, sülh gündəliyinin önəmli tərkib hissəsini təşkil edir. Məhz bu səbəbdən Azərbaycan hər zaman humanizm prinsiplərini fəaliyyətində əsas götürür, hətta 44 günlük müharibə zamanı və müharibədən sonra birtərəfli qaydada humanitar addımlar atıb. Ermənistan tərəfi də, nəhayət anlamalıdır ki, sadədə, sülhdən danışmaq kifayət deyil, bunun üçün hərəkət etmək vacibdir.

“Humanist jestlərindən” başı gicəllənən Ermənistan Baş naziri yaxşı olar ki, ölkəsinin işğal müddətində törətdiyi vandallıqlar, müharibə cinayətləri, ekoloji terror əməlləri barədə də düşünsün. Onda bəlkə humanizm sözünü dilinə gətirməyə utanar. Amma çətin...



Xəbəri paylaş

1307 dəfə oxunub.

Digər xəbərlər