Tarix: 05-05-2022 | Saat: 21:12
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Azərbaycan Ukraynanı dəstəkləyir. Belə olmasaydı, ürəyim buna dözməzdi".
Qarabaginfo.az-ın məlumatına görə, bunu Azərbaycanın əslən ukraynalı cüdoçusu, Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanmış İrina Kindzerska deyib.
31 yaşlı idmançı Azərbaycanın ölkəsinə humanitar yardım göndərdiyini bildirib: "Onlar da başa düşürlər ki, suveren ölkəyə hücum etmək olmaz. Azərbaycan Ukraynanı dəstəkləməsəydi, bu ölkənin adından çıxış edə, orada yaşaya bilməzdim. Söhbət etdiyim bütün azərbaycanlılar hər cür köməkliyi göstərməyə hazır olduqlarını deyirlər".
Rusiya ilə müharibə başladıqdan sonra karyerasını bitirdiyini açıqlayan təcrübəli cüdoçu hələlik yekun qərarını vermədiyini söyləyib: "Çox yorulmuşdum. Anladım ki, karyeramı hələ davam etdirə bilmərəm. uzun müddətdir məşq etmiəm. Şahidi olduğum hadisələrdən sonra davam etməyə gücüm belə yoxdur. Ona görə də təqaüdə çıxmaqla bağlı paylaşım etdim. Bəlkə də gələcəkdə özümü toparlayıb məşqlərə davam edəcəyəm. İdman üçün darıxıram. Ola bilər ki, qayıdım. Amma hələ bu fikirdə deyiləm".
Kindzerska idmansız qalmağın çətin olduğunu vurğulayıb: "Tez-tez itimlə gəzir, müxtəlif məşqlər edirəm. 20 ildən sonra hər şeyə dərhal son qoya bilməzsən. Sərf etməli olduğun çoxlu enerjin var. Buna görə də daim özümə hansısa iş axtarıram. Amma çox çətindir. Hər zaman insanların idmansız necə yaşamaları ilə maraqlanmışam. İndi isə özüm məşq etmirəm və bu, mənim üçün ağırdır".
Digər xəbərlər