Saytımızı qiymətləndirin


 
 

Energetika naziri: “Rumıniya BRUA kəmərini SGC-in genişləndirilmə planına daxil edilməsini təklif edib”
Tarix: 04-02-2022 | Saat: 18:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Energetika naziri: “Rumıniya BRUA kəmərini SGC-in genişləndirilmə planına daxil edilməsini təklif edib”

“Rumıniya lap əvvəldən Cənub Qaz Dəhlizini (SGC) qətiyyətlə dəsləkləyib. SGC Avropanın qaz təchizatı təhlükəsizliyinə əhəmiyyətli təsir göstərib”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku bildirib.

Nazirin sözlərinə görə, Rumıniya artıq 5-ci dəfədir ki, hər il Bakıda keçirilən SGC Məşvərət Şurasının toplantılarında iştirak edir.

“Rumıniya Cənub Qaz Dəhlizinin ikinci mərhələsinin həyata keçirilməsində iştirak etməkdə maraqlıdır. SGC Məşvərət Şurasının 8-ci toplantısında bir daha Rumıniya və Bolqarıstan arasında interkonnektorun və BRUA (Bolqarıstan – Rumıniya – Macarıstan – Avstriya) qaz kəmərinin SGC-in Balkan yarımadası və Mərkəzi Avropa istiqamətində genişlənməsi planlarına daxil edilməsi ilə bağlı konkret təkliflə çıxış edirik”, - o bildirib.

Rumıniyanın energetika nazirinin sözlərinə görə, SGC-in genişləndirilməsi planları xüsusi əhəmiyyətə malikdir, belə ki, hələ də bir tədarükçüdən asılı qalan Balkan yarımadası və Cənub-Şərqi Avropa ölkələri üçün yeni qaz tədarükçülərinə ehtiyac var. Nazirin fikrincə, Avropa İttifaqının enerji sektorunda müəyyən etdiyi dəqiq istiqaməti nəzərə alaraq, bu inkişaf planları Avropa qaz bazarının imkan və ehtiyaclarından mümkün qədər tez istifadə etməlidir.

“Əminik ki, bu təklif SGC-in inkişaf strategiyasına uyğundur və bununla bağlı müsbət rəyə, həmçinin IGB və BRUA qaz kəmərinin təmin edə biləcəyi variantların bütün maraqlı tərəflərlə müzakirənin başlanması üçün dəstək və açıqlığa ümid edirik”, - nazir deyib.

Xatırladaq ki, BRUA Macarıstana ildə 4,4 milyard kubmetr, Bolqarıstana 1,5 milyard kubmetr qaz nəql etməyə imkan verəcək.

Uzunluğu 1 318 km olan qaz kəmərinin Rumıniya ərazisindəki tikintisinin ümumi dəyəri 480 milyon avro təşkil edib. Qaz kəmərinin inşasına Avropa Birliyi 179 milyon avro, Avropa İnvestisiya Bankı 50 milyon avro kredit ayırıb. "Transqaz" şirkəti isə layihəyə 149 milyon avro vəsait xərcləyib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatic Pipeline (TAP) Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib. Ötən ildə bu kəmər ilə 8,1 milyard kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər