“Bugünkü Rusiya Puşkinin, Lermantovun, Tolstoyun Rusiyası deyil, Putinin və KQB-nın Rusiyasıdır!”
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a yazıçı Əkrəm Əylisli deyib. Rusiya ilə Ukrayna arasında gedən müharibə haqqında danışan yazıçı bunu arxasında Putinin patriotizminin dayandığını deyib:
“Mənim “Yəmən” adlı bir povestim var. Keçən əsrin 90-cı illərində Sovet hökumətinin yıxılmaslı ərəfəsində yazılıb. Povestin bir yerində ölkədə hər şeyin bahalaşmağından və bu fonda insanın ucuzlaşmasından söhbət gedir. Bu gün hər kəsin gözü önündə insan durmadan dəyərdən düşür. Dəhşət burasındadır ki, biz buna artıq alışırıq.
Rusların Ukraynaya qarşı savaşında hər gün minlərlə insanın taleyi məhv olur, onlar ölür, şikəst olur, qaçqın düşür. Putinin bundan sonrakı planları hələlik heç kəsə məlum deyil. Hamıya məlum olan budur ki, Putinin bu müsibətlərinin arxasında adına “patriotizm” deyilən maskalanmış müdhiş bir şər dayanır. İnsanın qəlbindəki patriotizm gözəl şeydir, ancaq o boğazdan yuxarı olanda dəhşətli fəlakətlər törədir. Rusiya ilə Ukrayna arasında baş verənlər Putinin Rusiyada neçə illərdən bəri həyata keçirdiyi patriotizminin faciəvi nəticəsidir”.
Onun sözlərinə görə, bu gün Rusiyada bir çox ciddi yaradıcı şəxlər Putinin siyasətinin əleyhinədir:
“Bu Rusiya Puşkinin, Lermantovun, Tolstoyun Rusiyası deyil, Putinin və KQB-nın Rusiyasıdır! Təəssüf ki, bu gün Amerika da Folknerin, Selincerin, Steynberkin deyil, Baydenin Amerikasıdır.
Rus ziyalılarının bir qismi Putinin siyasətinin əleyhinədir. Həm də onlar ciddi yaradıcı şəxslərdir. Amma təbliğat mexanizminə işləyən adamlar var, onlar istər-istəməz Putini dəstəkləməlidirlər, yəqin ki, onlardan bunu tələb edirlər. Ona görə müharibəyə bəraət qazandırmağa çalışırlar.
Fikrimcə, bu müharibə əxlaqsız, mənəviyyatsız və son dərəcə zalım müharibədir. Bu müharibənin gələcəyini, qalib gələn tərəfi görmək mümkün deyil! İki qardaş xalq savaşır, kim qalib gələ bilər?! İki qardaş birdən-birə bir-birinə qənim kəsilir. Bunun sonu ölümdür, nəticəsi olmayacaq. Guya, Rusiya qalib gəlsə nə olacaq? İnsanların dəyəri düşüb, belə müharibələr tamamilə mənasızdır. Bu gün antibəşəri dünya yaranıb və biz də o dünyada yaşayırıq”.