Saytımızı qiymətləndirin


 
 

Bakı-Quba-Rusiya yolunda əsaslı təmir-bərpa işlərinə başlanılıb
Tarix: 04-05-2022 | Saat: 13:14
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Bakı-Quba-Rusiya yolunda əsaslı təmir-bərpa işlərinə başlanılıb - FOTO - VİDEO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda əsaslı təmir-bərpa işlərinə başlanılıb.

AAYDA-dan Qarabaginfo.az-a verilən məlumata görə, təmir-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində aparılır.

Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, həmçinin yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra isə yararlı qrunt tökülərək yenidən kipləşdiriləcək qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi aparılacaq. Bu işlər yekunlaşdıqdan sonra yola yeni asfalt-beton örtüyü döşənəcək.

Təmir-bərpa işləri ilə sözügedən yolboyu avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılacaq.

Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılır. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.

Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb.

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.



Xəbəri paylaş

1284 dəfə oxunub.

Digər xəbərlər