Saytımızı qiymətləndirin


 
 

Deputat: “Bakı-Quba yolunda briqadalar artıq işləməyə başlayıb”
Tarix: 29-04-2022 | Saat: 19:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

Vahid Ahmadov - Wikipedia

“Qubadan Bakıya gələn beton yolun bərpasına başlanılması ilə bağlı qərar qəbul etdiyi üçün həm Prezident İlham Əliyevə, həm də Baş nazir Əli Əsədova təşəkkür edirəm”.

Qarabaginfo.az bildirir ki, bunu APA-ya açıqlamasında 52 saylı Quba seçki dairəsinin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat bildirib ki, yolun bərpası ilə bağlı Milli Məclisdə məsələ qaldırıb, Baş nazirdən də xahiş edib: “Baş nazir də cənab Prezidentə məruzə edib. Prezident İlham Əliyev hər zaman sosial sahəyə diqqətli olduğu üçün bu məsələnin həlli üçün göstəriş verib. Mən bu gün Qubada idim. Gələndə gördüm artıq yolda 3 briqada işləyir. Prezidentə və Baş nazirə minnətdarlığımı bildirirəm ki, həm obyektiv, həm də operativ bu məsələnin həlli üçün qərar veriblər”.

Qeyd edək ki, Milli Məclisin bu il aprelin 5-də keçirilən iclasında 52 saylı Quba seçki dairəsinin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Bakı-Quba yolu ilə bağlı məsələ qaldırmışdı. O, parlamentdə bir daha Baş nazirə müraciət etmişdi ki, ya yolun təmiri, ya da alternativ yolun çəkilməsini təmin etsin. V. Əhmədov nəzərə çatdırmışdı ki, Quba sakinləri artıq bu yoldan istifadə edə bilmirlər. O, istər Baş nazirin, istər də Baş nazirin müavinlərinin, digər nazirlərin Qubada, Qusarda, Xaçmazda villaları olduğunu demişdi.

“Onlar gedəndə o yolu görmürlər” deyə sual edən V. Əhmədov vurğulamışdı ki, ümumiyyətlə, Azərbaycanda bir sıra məsələləri Prezidentə çıxmadan həll etmək mümkün deyil. Deputat demişdi ki, dövlətin Baş naziri, onun birinci müavini məsələni bilir, lakin həll etmirsə, məcbur qalıb Prezidentə müraciət edir ki, yol problemi həllini tapsın.

Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) bu gün yaydığı məlumatda bildirilib ki, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə AAYDA tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda əsaslı təmir-bərpa işlərinə başlanılır. Təmir-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində aparılacaq.



Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər