Saytımızı qiymətləndirin


 
 

Azərbaycandakı Çernobıl əlillərinin sayı AÇIQLANIB
Tarix: 26-04-2022 | Saat: 11:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

36 il bundan əvvəl, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında Azərbaycandan da xeyli sayda insan iştirak edib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Qarabaqinfo.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı sosial müdafiə tədbirlərinin də ildən-ilə güclənməsinə imkan verib.

 

Bildirilib ki, əlilliklərinin səbəblərinə münasibətdə, Çernobıl əlilləri  "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” (2 500 nəfər) və "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” (3 000 nəfər) əlilliyi olanlar kimi iki qrup  üzrə müəyyən olunublar:

 

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşların mənzillə və avtomobillə təminatı həyata keçirilir.

 

Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, müharibə əlilləri və şəhid ailələri ilə bərabər, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin də 2021–2025-ci illərdə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub ki, bu da onlara xüsusi qayğının daha bir təzahürüdür.

 

Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü (I dərəcə üçün 400 manat,  II dərəcə üçün 350 manat, III dərəcə üçün 300 manat) ödənilir. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslər də Prezidentin aylıq təqaüdü (130 manat) ilə təmin olunur.

 

Həmçinin, hər iki qrupdan olan əlilliyi olan şəxslərin böyük əksəriyyətinə əlilliyə görə pensiya, bir qisminə isə əlilliyə görə aylıq müavinət, bütün I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü (bu ilin əvvəlindən 50 manatdan 80 manata çatdırılıb) verilir".

 

Qeyd edilib ki, aparılan ardıcıl islahatlar çərçivəsində son 3 ildə pensiyaların orta aylıq məbləği 75 faiz, müavinət və təqaüd ödənişləri isə 3,7 dəfə artıb:

 

"Yeni islahat paketi çərçivəsində bu ilin əvvəlindən əlilliyə görə müavinətlər növbəti dəfə artırılaraq I dərəcə əlilliyə görə 150 manatdan 220 manata,  II dərəcə əlilliyə görə 130 manatdan 180 manata, 3-cü dərəcə əlilliyə görə 110 manatdan 120 manata çatdırılıb.

Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına aylıq sosial müavinət verilir.

Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslər hər il birdəfəlik müavinətlə də təmin olunur, onların tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. də həyata keçirilir". 



Xəbəri paylaş

1227 dəfə oxunub.

Digər xəbərlər