“Paşinyan Moskvaya gedib, Putin də ona deyib ki, Dağlıq Qarabağ məsələsinə siz qarışmayın, o, bizlikdir”.
Qarabaginfo.az-ın bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün hökumətin iclasında səsləndiriyi fikirlərə münasibət bildirib.
Xatırladaq ki, Paşinyan ötəngünkü iclasda deyib: “9 noyabr 2020-ci il bəyanatından sonra masa üstündə Dağlıq Qarabağ tənzimləməsinə aid olan və ya dövriyyəyə buraxılan bir dənə də layihə və ya qaralama olmayıb və yoxdur”.
Öz növbəsində Z. Əlizadə vurğulayıb: “Ona görə də Paşinyan indi elə çıxışlar edir. Amma, əslində, o, erməni cəmiyyətinə hər zaman mütəmadi olaraq deyir ki, Dağlıq Qarabağ məsələsi həllini tapmalıdır.
Bizim dövlət deyir ki, Qarabağ məsələsi həll olunub, Paşinyan isə deyir ki, Dağlıq Qarabağ məsələsinin həlli üçün status məsələsi öz həllini tapmalıdır. İndi Rusiyaya gedib, Putin də ona deyib ki, “sən denən, Dağlıq Qarabağ məsələsi tənzimləmədə yoxdur”. Bu da o deməkdir ki, bu, olmalıdır, tənzimlənməyə salınmalıdır.
İndiki tənzimlənmə modelində bu yoxdur və Paşinyan da demək istəyir ki, bu məsələ öz həllini tapmalıdır, tərəflər oturub danışmalıdır”.
Ekspertin sözlərinə görə, bu məsələdə perspektiv sadəcə güc nisbətindən asıdılır:
“Bir də ondan asılıdır ki, bundan sonra görəsən, Azərbaycan hakimiyyəti Qarabağ erməniləri ilə danışmağa başlayacaqlarmı? Onları çalışıb tərəfimizə çəkə biləcəklərmi? Onlara təqaüd, müavinət verəcəklərmi?
Ona görə də Qarabağ məsələsi hələlik Ermənistanın səlahiyyətləri çərçivəsində deyil. Rusiyadır hazırda orada yeganə güc və söz sahibi. Sonrasını isə zaman göstərəcək”.