Tarix: 15-04-2022 | Saat: 16:49
Bölmə:Karusel / Region | çapa göndər
Rusiyanın dünən Qara dənizdə batan "Moskva" kreyserində nüvə raketlərinə məxsus başlıqların olmasına dair iddialar yayılıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Defence Express” nəşri mütəxəssislərin, o cümlədən konstruktorlar və dəniz zabitlərinin qiymətləndirmələrinə istinadən yazıb.
Xarici mətbuatda müzakirə olunan ehtimalı azərbaycanlı politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da bölüşür.
Eks-nazir güman edir ki, "Moskva" kreyseri ilə birlikdə onun göyərtəsində olan nüvə silahları batıb...
T.Zülfüqarov Ukrayna və Rusiyada bundan danışılmamasından təəccüblənib,
“Görəsən niyə hamı buna susur?”,- deyə o, sual edib.
T.Zülfüqarovun sözlərinə görə, "Moskva" kreyserinin hərbi təyinatı aviadaşıyıcı qrupa aiddir:
“Bu sinfin gəmilərinin vəzifəsi düşmənin təyyarə qruplarını taktiki nüvə başlıqları olan qanadlı raketlərlə məhv etməkdir”.
Sabiq nazir onu da bildirib ki, nüvə başlıqları gəmidə yanğın olarsa detonasiya vermir və Kreml kreyserdə bu cür silahın olduğunu gizlətməkdə maraqlıdır.
Rusiyanın Qara dənizdəki "Moskva" raket kreyseri iki gün öncə vurulmuşdu.
Ukrayna tərəfi kreyseri özünün istehsal etdiyi "Neptun" raketləri ilə vurduğunu bildirib. Bir çox ekspertlər isə “Moskva”nın Böyük Britaniyanın Kiyevə verdiyi "Harpoon" raketləri ilə məhv edildiyini deyirlər.
Kreml isə hələ ki gəminin vurulduğunu etiraf etmir. Rusiya Müdafiə Nazirliyi kreyserin “səbəbi araşdırılan yanğın" üzündən döyüş sursatının detonasiya etməsi nəticəsində ciddi xəsarətlər aldığını və sahilə çəkilərkən batdığını iddia edir.
İlk adı “Slava” olan raket kreyserinin əsası 1976-cı ildə Nikolayev şəhərindəki gəmiqayırma zavodunda qoyulub. "Moskva" kreyserinin uzunluğu 186,5 metr, eni 20,8 metr, hündürlüyü 42,5 metr, su tutumu 11490 ton olan gəmi 1983-cü ilin yanvarında istifadəyə verilib. Bu gəmi Rusiyanın Qara dənmizdəki flaqmanı sayılırdı.(modern.az)
Digər xəbərlər