"Məncə, bu, Üçüncü Dünya müharibəsinin başlanğıcı deyil. Sadəcə olaraq Qərbin Rusiyanı məğlub etmək məqsədindən doğan bir nəticədir".
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.
O, Qərbin rəsmi Kiyevi silahlandırması və Ukraynanın sadəcə Üçüncü Dünya müharibəsinin döyüş meydanı olması barədə iddialara münasibət bildirib:
“Onlar Rusiyanı tamamilə məğlub bir vəziyyətə salmaq istəyir. Məqsəd bundan ibarətdir. Aydın məsələdir ki, Rusiya da hələ müharibəni dayandırmaq haqqında fikirləşmir. Heç Qərbin özü də müharibənin dayanmağında maraqlı deyil.
Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, Rusiya ordusunun Ukraynada məğlub olmasını görmək istəyirik. Həmçinin, Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrell deyib ki, Rusiya döyüş meydanında məğlub olmalıdır. Yəni Qərbin əsas arzusu buna şahidlik etmədir”.
Siyasi şərhçi əmindir ki, Rusiya arzuladığı nəticəni əldə edə bilməyib:
“Ruslar Kiyevi tuta bilmədi və belə görünür ki, Moskva Ukraynada rejim dəyişikliyinə nail ola bilməyəcək. Üstəgəl Rusiya çox ciddi bir müqavimətlə üzləşdiyindən Ukrayna xalqını da itirmiş oldu.
Əgər bundan sonra Donbasın inzibati sərhədləri bərpa olunsa, bəlkə də Rusiya bunu xalqına qələbə kimi təqdim edəcək. Çox güman ki, belə də olacaq. Amma ümumilikdə Rusiya dövləti özünün əsas məqsədinə nail ola bilmədi”.
Ceyhun Əhmədli Rusiyanın 9 Mayda müharibəni yekunlaşdırıcağı ilə bağlı iddialara da münasibət bildirib:
“Fikrimcə, Rusiya istənilən hərbi zəfərlə 9 Mayda qələbə paradı keçirəcək. Həm də Donbasın inzibati sərhədlərinin bərpa olunmasından o tərəfə keçməyəcək. Amma bütövlükdə bu əməliyyatların uğurla yekunlaşacağını deyə bilmərik".