Saytımızı qiymətləndirin


 
 

Bakı-Quba yolu yenidən qurulacaq - Deputatın şikayətinə REAKSİYA
Tarix: 06-04-2022 | Saat: 13:56
Bölmə:Karusel / Sosial | çapa göndər

Ötən gün Milli Məclisin plenar iclasında deputat Vahid Əhmədov Bakı-Quba yolunun təmir edilməsi üçün müraciət ünvanlayıb. Deputat bununla əlaqədar Baş nazir Əli Əsədova şəxsən müraciət etdiyini xatırladıb və heç bir tədbirin görülməməsindən şikayətlənib: 

 

"Nazirlər Kabinetinin hesabatının Milli Məclisdə müzakirəsindən sonra Baş nazirlə və müavini ilə görüşdüm. Baş nazirin müavininin, eləcə də Nazirlər Kabineti üzvlərinin - nazirlərin Qubada, Xaçmazda villaları var. Onlar gedib gəlirlər. Ona görə, yoldakı problemləri bilirlər. Prezidentə çıxmadan Azərbaycanda bəzi məsələlər həll edilə bilmir. Mən bir daha müraciət edirəm ki, bu məsələyə baxılsın".

 

 

Deputatın qaldırdığı məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözügedən yolun sıradan çıxmış vəziyyəti agentliyi də narahat edir:

 

“Agentlik əməkdaşları tərəfindən bu yolda mütəmadi təmir işləri icra olunur. Görülən tədbirlər müvəqqəti olaraq hərəkətin normallaşmasına gətirib çıxarır. Amma bir müddət sonra təmir yenidən köhnəlir, əhəmiyyətini itirir. Ona görə, bu yolun əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var. Bununla əlaqədar məsələ aidiyyəti üzrə təqdim edilib. Bakı-Quba yolunun 30 kilometr uzunluğunda, Sumqayıtdan keçən hissəsi əsaslı təmir edilib. Hazırda yolun Tağıyev qəsəbəsi hissəsində əsaslı yenidənqurma icra olunur. Mərhələli şəkildə proses davam etdiriləcək”.

 

 

Bakıdan Qubaya qədər Rusiya sərhədi boyunca avtomobil yolunun inşa edildiyini xatırladan qurum rəsmisi prosesinin bu ilin sonuna qədər yekunlaşdırılacağını söyləyib:

 

“Planda nəzərdə tutulduğu kimi yeni yol istifadəyə veriləndə Bakı-Quba yolunda hərəkət intensivliyi nisbətən yüngülləşəcək. Bununla da həmin yolda əsaslı yenidənqurmanın aparılmasına şərait yaranacaq. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissədə aparılan təmir işləri yekunlaşdıqdan sonra mövcud Bakı-Quba yolunda da hissə-hissə yenidənqurma işləri başlaya bilər”.



Xəbəri paylaş

1307 dəfə oxunub.

Digər xəbərlər