Saytımızı qiymətləndirin


 
 

Müdafiə Nazirliyi MAXE-lərin növbəti qəbulunu elan edib
Tarix: 04-04-2022 | Saat: 17:12
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Müdafiə Nazirliyi MAXE-lərin növbəti qəbulunu ELAN ETDİ | KONKRET

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin növbəti qəbulunu elan edib.

Bu barədə Qarabaginfo.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, qəbul komissiyaları fəaliyyət göstərən yerlərdə müraciət edənlərin rahat və qısa müddətdə tibbi müayinədən keçmələri üçün səyyar hərbi həkim komissiyaları yaradılıb.
Görülən uğurlu işlərin nəticəsidir ki, əvvəlki illər ilə müqayisədə bu il hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan gənclərin sayı xeyli artıb. Namizədlərin sayının çoxluğu nəzərə alınaraq Müdafiə Nazirliyinin rəhbərliyi yenidən növbəti qəbul prosesininin başlanması ilə bağlı göstəriş verib.
Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər aprelin 4-dən cari ilin sonunadək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.
Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
- doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda, 1 nüsxədə);
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda, 1 nüsxədə);
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış (1 nüsxədə);
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
- hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1 nüsxədə).
Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).
Müraciət etmə vaxtı: 2022-ci il aprelin 4-dən cari ilin sonunadək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.
Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər