Saytımızı qiymətləndirin


 
 

Mən atamla fəxr edirəm!
Tarix: 01-04-2022 | Saat: 21:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

 Mən atamla fəxr edirəm! - Video

2020-ci il sentyabrın 27-si hamının üzündə nigaranlıq, narahatlıq var idi. Çünki müharibə başlamışdı. Xalqımızın haqq savaşı, illərdir erməni tapdağında inləyən vətən torpağı azadlığın astanasına gəlmişdi. Mən və dostlarım qəribə bir sevinc hiss edirdik, bəlkə də uşaq olduğumuz üçün “müharibə” kəlməsinin fərqinə varmırdıq. Müharibə filmlərdə gördüyümüz səhnələr idi. Hamımız hərbçi övladı idik, hamımız istəyirdik ki, atamız döyüşə getsin və qəhrəman olsun. Günlər keçir, müharibə alovlanır, ordumuz erməniləri əzərək ard-arda torpaqlarımızı azad edirdi. Cəbhədən həm sevinc dolu, həm də kədər dolu xəbərlər gəlirdi. Şəhid xəbərləri hamını dərindən sarsıdırdı. Atam yorğun və fikirli, anam isə daima gözü yaşlı idi. Anam, müəllimlərim hər şəhid xəbəri eşitdikcə ağlayır, ah çəkirdilər.

Biz daha əvvəlki kimi sevincli deyildik. “Müharibə” sözünün mənasını anlamağa başlayırdıq. Atam xüsusi təyinatlı hərbçi idi, yoldaşları ilə birgə döyüşə getmək üçün əmr gözləyirdi. Nəhayət həmin gün gəldi. Atamla birgə həm qonşumuz, həm də yaxın ailə dostumuz Anar əmim də döyüşə getməyə hazrlaşırdılar. Atam bu xəbəri bizə deyəndə hiss etdiklərimi dilə gətirə bilmərəm. Atamgilin hazırlığı bir neçə gün çəkdi.

Məktəbdə idim, zəng vuruldu. Müəllim yenicə dərsə başlamışdı ki, qapı döyüldü. Atamın məni məktəb həyətində gözlədiyini söylədilər. Cəld sinif otağını tərk edib iri addımlarla məktəbin həyətinə doğru yollandım. Həyətə çıxanda gördüm ki, atam vidalaşmağa gəlib. Ona elə sarıldım ki, buraxmaq istəmirdim, onu müharibə adlı vəhşinin əlinə verməyə qorxurdum. Atam isə hey qulağıma pıçıldayırdı: Canavarım, ağlama, evin kişisi artıq sənsən, bacın və anan sənə əmanətdir, güclü ol, sənə inanıram. Hönkürmək istəyirdim, amma atam pis olmasın deyə dözürdüm. Çiynində ağır döyüş çantası gedən atamın arxasınca baxa bilmədim, uşaq olsam da, başa düşürdüm ki, bu gedişin dönüşü olmaya bilər. Sinfə necə girdiyimi xatırlamıram. Müəllim halımın pis olduğunu görüb nə olduğunu soruşdu. Artıq özümü saxlaya bilmədim, qəhərdən boğulurdum, hönkürtü ilə ağladım. Hamı başıma yığışdı, mənə təsəlli verirdilər, “darıxma, qayıdacaq” deyirdilər.

Günlər, saatlar çox ağır keçirdi. İçim içimi yeyirdi, ağlıma qorxunc fikirlər gəlirdi, amma anam üçün, bacım üçün özümü şən göstərirdim. 11 yaşım olmasına baxmayaraq mən hər şeyi dərk edirdim. Anamın qəmli baxışları, tez-tez ah çəkməsi gözümdən qaçmırdı.

Müharibə isə lap şiddətlənmişdi. Atam ara-sıra bizimlə danışır, hər şeyin əla olduğunu deyirdi. Onun ruh yüksəkliyi bizi daha da sevindirirdi. ətrafımdakı hər kəs mənə dayaq olur, hər şey yaxşı olacaq deyirdilər. Məktəbdə müəllimlər başımı sığallayır, tez-tez atamı soruşurdular.

Torpaqlarımız bir-bir alınır, Ali Baş Komandanımız televizorda bu xəbəri xalqa verəndə, sevincdən əl çalır, “ura” deyə qışqırırdıq. Amma dərhal da torpaqlar üçün can verən əsgərlərimizi düşünüb kədərlənirdik. Hər gün şəhid xəbərləri, Naxçıvana gələn şəhid karvanı...

İki gün idi, atamdan xəbər yox idi, çox narahat idik. Məktəbdə hamının mənə şübhəli baxdığını hiss etdim, sən demə atam yaralanıbmış. Bizə demək istəmirdilər. Evdə anamla hər an zəng gözləyirdik, zəng gəldi...

Atamın səsini eşidəndə sevincdən ağladım, yüngül yaralanmışdı. Müalicə alıb döyüşə qayıtmışdı. Sevincimiz uzun sürmədi. Dostum Əlinin atası Anar əmi də atamla birgə vuruşurdu.

Anar əmi Zəngilanın azad olunma xəbərini televizordan Ali Baş Komandana məruzə edəndə necə qürur duymuşduq.  Amma bir neçə gün sonra isə onun şəhid xəbəri gəldi. Biz onlarla qonşu idik, xəbəri ailəsindən gizlədirdilər. Əlinin üzünə baxa bilmirdim, anası evdə çox pis vəziyyətdə idi. Onlara yaralı xəbəri vermişdilər, həqiqəti heç kəs deməyə cürət etmirdi. Anam gizli-gizli ağlayır, xəbərin doğruluğunu qəbul edə bilmirdi. Ətrafdakı hər kəs bu cəsur döyüşçü üçün ağlayırdı. Mən Əlinin başını qatmağa çalışırdım. O da atasının çox güclü olduğunu, tezliklə zəng edəcəyini söyləyirdi. Amma etmədi...

Bütün hərbi şəhərcik onları göz yaşı ilə Bakı şəhərinə yola saldı. Anar əmi Bakıdakı Fəxri xiyabanda dəfn olundu.

Müharibə isə davam edir, şanlı ordumuz Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlını mənfur düşməndən azad edirdi. Atam fürsət tapdıqca zəng edirdi.

Məktəbdə şagirdlərin “Əsgərə məktub” adı altında yazdığı məktublar birbaşa cəbhəyə gedirdi. Mən də parta arxasında əyləşib hisslərimi yazdım. Yazdıqlarım atam haqqında idi. Bəlkə atam oxudu...

Şuşa uğrunda qızğın döyüşlər gedirdi. Bilirdim ki, atam da orada döyüşür. Şuşanın azad olma xəbərini eşitdik. Bütün xalqımız sevincdən bayram edirdi. Nəhayət müharibə başa çatdı. Sevincimizin həddi-hüdudu yox idi. Atam sağ qayıdacaqdı. Müharibədən sonra da atam uzun müddət qayıtmadı. Get-gedə çox darıxırdım, səbirsizliklə onun yolunu gözləyirdim. Dekabrda atam gəldi, sevincimi təsvir etməyə söz tapa bilmədim. Atamı öpməkdən doya bilmirdim, bəzən mənə elə gəlirdi ki, bu bir yuxudur. Ona müharibə barədə çoxlu suallar verir, cavabını isə diqqətlə dinləyirdim. Müharibədən çoxlu əhvalatlar danışırdı. Atam danışdıqca qürurla, sevinclə gözümü ona dikirdim, heç susmasını istəmirdim. Atam mənim qəhrəmanım idi, nəinki mənim, xalqın qəhrəmanına çevrilmişdi. Müharibədə iştirakına görə bir neçə medala layiq görülmüşdü, heyrətlə bu medallara baxır, gözümü ayıra bilmirdim. Atam nəinki döyüşmüşdü, həm də bir çox yaralı yoldaşlarını ölümdən xilas etmişdi. Hətta bir yaralı döyüşçü varmış ki, artıq hər kəs onun şəhid olacağını düşünsə də, atam onu vaxtında həkimlərə çatdırıb həyatını xilas etmişdi. Hal-hazırda Leytenant Əhmədov Elgün əmi sağalıb və atamla möhkəm dostluq edir.

Bəli, atam müharibə qəhrəmanı, veteran polkovnik-leytenant Səid Əhmədovdur!

Mən atamla fəxr edirəm!         

 Naxçıvan Qarnizonu Tam orta məktəbinin VI sinif şagirdi Fərhadlı Furqan Səid oğlu

Qeyd edək ki, Furqanın Vətən müharibəsi iştirakçısı atası haqqında  yazdığı bu yazı  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən  “Gənc istedadlar” müsabiqəsində nəsr əsərləri üzrə I yerin qalibi olub.



Xəbəri paylaş

1219 dəfə oxunub.

Digər xəbərlər