Saytımızı qiymətləndirin


 
 

Deputat: “Aİ Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirir”
Tarix: 23-03-2022 | Saat: 15:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Fatma Yıldırım, Milli Məclisin deputatı

“Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional oyunçuya çevirib. Hazırda dünyada və yaxın regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanın Avropa üçün önəmi xeyli dərəcədə artıb”.
Qarabaginfo.az bildirir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.
Deputat bildirib ki, hazırkı mürəkkəb proseslər Avropanın enerji təhlükəsizliyi üçün yeni çağırışlar yaradır. Enerji problemi ilə üzləşən Avropa ölkələri problemin aradan qaldırılması üçün müxtəlif yollar axtarır, bu istiqamətdə Azərbaycanla geniş müzakirələr aparır: “Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirməyə çalışır. Xatırlatmaq lazımdır ki, fevralın 4-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin VIII toplantısında iştirak edən dövlətlərin sayı və coğrafi baxımdan fərqli mövqeləri qarşıya qoyulan məqsədin nə qədər böyük olduğunu göstərir. Belə ki, iclasda 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı iştirak etmişdi”.
Millət vəkilinin sözlərinə görə, iclasda Prezident İlham Əliyevin çıxışı zamanı sadaladığı faktlar neft-qaz siyasətinin uğurla həyata keçirildiyini göstərir: “Həmçinin maraqlı dövlətlərin sayı və layihəyə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı kimi beynəlxalq maliyyə qurumları tərəfindən vəsaitin ayrılması da bunu sübut edir. Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir”.
F. Yıldırım qeyd edib ki, qarşıdakı dövrlərdə də Azərbaycanın Avropa ölkələrinə elektrik enerjisi və təbii qaz ixracını artırmaq üçün böyük potensialı var: “VIII iclasda cənab Prezident bu barədə də fikirlərini açıqladı. Dövlətimizin bu yöndə uğurlu siyasəti perspektivdə mühüm nəticələrin əldə olunacağını deməyə əsas verir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və imzaladığı bütün müqavilələri yerinə yetirir. Bütün bu amillər ölkəmizin dünyada nüfuzunu daha da artırır”.
Deputat diqqətə çatdırıb ki, Ukrayna böhranı fonunda Qərblə Rusiya arasında yaranmış gərginlik Avropa dövlətlərini təbii qazla bağlı yeni imkanlar axtarışına zərurət yaradıb. Burada isə ən önəmli ölkələrdən biri Azərbaycandır: “Təsadüfi deyil ki, Avropa İttifaqının Genişlənmə və Qonşuluq üzrə Komissarı Oliver Vahreli Azərbaycanın enerji sahəsində Aİ-nin güclü tərəfdaşı olduğunu bəyan edib. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson isə Cənub Qaz Dəhlizinin Avropa İttifaqı və region üçün əhəmiyyətini qeyd edib, Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına nəql edilən qazın artırılmasında Azərbaycanın göstərdiyi səyləri yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır, Cənub Qaz Dəhlizi isə qitənin qaz təchizatının təhlükəsizliyi baxımından çox vacib layihədir. Bir sözlə, Avropa İttifaqı Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirir Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsinə və Avropaya Azərbaycan qazının tədarükünün artırılmasına çalışır. “EU Reporter” və digər Avropa nəşrləri artıq İspaniya və digər Avropa ölkələrinin Cənub Qaz Dəhlizinə çıxış əldə etmək üçün yeni qaz kəmərləri çəkməyə hazırlaşdığını yazır. Bütün bunlar isə Azərbaycanın beynəlxalq müstəvidə rolunun daha da artdığını göstərir”.



Xəbəri paylaş

1264 dəfə oxunub.

Digər xəbərlər