Tarix: 19-03-2022 | Saat: 20:47
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu gün Şamaxıda Heydər Əliyev Fondu tərəfindən Sabir qəsəbəsində inşa olunan körpələr evi-uşaq bağçasının və Ovçulu kəndində tikilən yeni təhsil ocağının açılışı olub. Sabir qəsəbəsindəki körpələr evi-uşaq bağçası 1970-ci ildən fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisəsi 1968-ci ildə inşa olunmuş uşaq bağçasına uyğunlaşdırılmış yaşayış binasında yerləşirdi. Bina ötən illər ərzində fiziki cəhətdən köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü.
Qarabaginfo.az xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən qəsəbədə körpələr evi-uşaq bağçası üçün yeni bina inşa edilib.
160 yerlik körpələr evi-uşaq bağçasında balacalar üçün yataq və oyun otaqları, idman və musiqi zalları, tibb otağı və digər inzibati və texniki otaqlar mövcuddur. Məktəbəqədər təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları, qruplar üçün söhbətgahlar quraşdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədovun, Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanovun, valideynlərin, ziyalıların iştirakı ilə keçirilən açılış mərasimindəki çıxışlarda ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə diqqət və qayğısından danışıblar. Vurğulanıb ki, Şamaxının iri yaşayış məntəqələrində olan Sabir qəsəbəsində Novruz bayramı ərəfəsində istifadəyə verilən körpələr evi-uşaq bağçası üçün yeni bina Fondun uşaqlar üçün ən gözəl hədiyyəsidir.
Ovçulu kəndində Birinci Qarabağ müharibəsi şəhidi Babacan Alıyevin adını daşıyan tam orta məktəb üçün tikilən yeni bina da məktəblilərə gözəl bayram hədiyyəsi olub.
Kənd orta məktəbi 1975-ci ildə inşa olunan 200 şagird yerlik binada fəaliyyət göstərib. Ötən müddət ərzində məktəbin binası fiziki cəhətdən köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən məktəb üçün 280 şagird yerlik yeni məktəb binası tikilib. Müasir arxitektura üslubunda 2 mərtəbəli, 5 korpusdan ibarət məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. Yeni tədris ocağında 14 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Açılış mərasimində iştirak edən qonaqlar vaxtilə bu məktəbdə təhsil almış dörd nəfər Qarabağ müharibəsi şəhidinin barelyefi qarşısında onların valideynləri ilə görüşüblər. Sonra təhsil ocağı ilə tanışlıq olub, idman zalında məktəblilərin voleybol yarışı izlənilib.
Yeni tədris ocağının akt zalında müəllimlər və kənd sakinləri ilə görüş keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı T.Məmmədov və Heydər Əliyev Fondunun şöbə müdiri E.Aslanov respublikamızda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, o cümlədən təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi və bu sahədə Fondun gördüyü işlər barədə danışıblar.
Kənd sakini İnqilab Rəcəbov çıxış edərək, rayonun ucqar kəndlərindən olan Ovçuluda məktəb üçün yaxşı şəraiti olan yeni binanın tikilməsinə görə ictimaiyyət adından Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığını bildirib.
Digər xəbərlər