Tarix: 19-03-2022 | Saat: 14:15
Bölmə:Karusel / Sosial | çapa göndər
Fövqəladə Hallar Nazirliyi bu gün gecə saatlarından başlayaraq cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqınlarla bağlı məlumat yayıb.
Nazirlikdən Qarabaginfo.az-a verilən məlumata görə, Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.
Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikaları Masallı rayonunun Mollaoba, Bədəlan, Təzə Alvadı, Cəlilabad şəhəri və rayonunun Bəcirəvan kəndində xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlərlə 39 nəfərin təxliyəsi həyata keçirilib. Hazırda əməliyyat davam edir.
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək havaların yağmurlu keçməsi, bəzi ərazilərdə intensiv xarakter alması ilə əlaqədar zəruri təhlükəsizlik qaydalarına riayət etməyi, o cümlədən daşqın və sel təhlükəli ərazilərdən uzaq durmağı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı tövsiyə edir.
Həmçinin, xüsusilə dağlıq ərazilərdə müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar həmin ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara müraciət edərək şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edir.
Digər xəbərlər