Türkiyənin İstanbul (Bosfor) və Çanaqqala (Dardanel) boğazları bütün dövrlərdə nəhəng ölkələrin ələ keçirmək istədiyi əsas strateji su nəqliyyatı yolları olub. Qara dənizi Mərmərə dənizi ilə, Mərmərə dənizini isə Egey dənizi ilə birləşdirən bu boğazlar bu gün də strateji əhəmiyyətini qoruyub saxlamaqdadır və il ərzində 90 mindən çox gəminin hərəkətini təmin edir.
Odur ki, beynəlxalq ticarət əlaqələrinin möhkəmlənməsində xüsusi yol oynayan boğazlar dünya ölkələri üçün əsas nəqliyyat yolları hesab olunur. Asiyadan Avropaya qədər ticarət yolunun üzərində yerləşən İstanbul isə tarixi ticarət məkanı olmaqla yanaşı, Qara dənizdən Aralıq dənizinə mühüm keçid nöqtəsi hesab olunur.
Bəs Azərbaycan bu beynəlxalq nəqliyyat yollarından necə istifadə edir?
İstanbul boğazından keçən gəmilərin rəsmi qeydiyyatını və statsistikasını aparan, eləcə də lazımi texniki və logistik dəstəyi verən “İstanbul 34 Gəmi və Dənizçilik şirkəti”nin rəhbəri, gəmiçi Mehmet Suat Dinçelek "Report"un Türkiyə bürosuna açıqlamasında bu mövzuda bilinən və bilinməyən məqamlara aydınlıq gətirib.
İstanbul boğazının, sadəcə, Türkiyə üçün deyil, dünya üçün çox əhəmiyyətli su nəqliyyatı yolu olduğunu deyən M.S.Dinçələk Qara dənizdən gələn gəmilərin buradan Aralıq dənizinə rahatlıqla keçdiyini deyir: “İstanbul boğazı dünyanın ən işlək su yolu hesab olunur. Buradan gün ərzində, təxminən, 2 500 səfər reallaşır. Eyni zamanda, təxminən, 1 milyon sərnişin hər gün bu su yolundan istifadə edir. Gecələr İstanbul boğazında gəmi gəzintiləri reallaşdırılır ki, bununla da dünyanın hər tərəfindən gələn turistlər boğazı gəzib izləyə bilirlər”.
Dünyadakı boğazların yerləşdikləri ölkələrin strateji əhəmiyyətini artırdığını deyən gəmiçi bu baxımdan İstanbul boğazının xüsusilə vacib yer olduğu qənaətindədir: “Bu boğazın geostrateji və geosiyasi əhəmiyyəti olduqca böyükdür. Dünyada bir çox müharibələrin əsas səbəbi məhz İstanbul boğazını ələ keçirmək olub. Xüsusilə də tarixdəki Truva savaşı, I və II Dünya müharibələri boğazları ələ keçirmək istəyi nəticəsində baş verib. 1936-cı il iyulun 20-də uzun müzakirə və mübarizədən sonra Türkiyə İsveçrədə imzalanmış “Montrö” (Montreux) müqaviləsi ilə boğazlara nəzarəti ələ keçirib”.
Onun sözlərinə görə, boğaza girən hər bir gəmi beynəlxalq hüquq qaydalarına uyğun olaraq və Türkiyə qanunları ilə müəyyən prosedurlardan keçdikdən sonra yola davam edə bilir: “Gəmilər boğazdan keçməzdən 2 gün əvvəl SP1 adlı forma doldurularaq bizim keçid nəzarət mərkəzinə göndərilməlidir. Mərkəz gəminin böyüklüyünü və kiçikliyini, eləcə də yükün ölçüsünü nəzərə alaraq onun müəyyən rejimdə boğazdan keçməsini təmin edir. Əgər hansısa ölkədən bura gələn gəminin dayanacağı Türkiyə limanlarından biridirsə, burada gəmini türk kapitanının idarə etməsi zərururidir”.
İstanbul boğazı ilə ildə 6 min ton yük daşınır. M.S.Dinçelek deyir ki, son illər yük daşıyan gəmilərin ölçüsü artıb, sayı azalıb: “Əvvəllər yüklər 3-4 tonluq gəmilərlə daşınırdısa, son illərdə yük sahibləri daha çox yük daşıyıb, daha az xərc çəkmək üçün daha büyük tonajlı gəmilərdən istifadə etməyə başlayıbar. Bununla da illik 50 000 olan gəmi sayı 42-45 minə düşüb. Ancaq yük həcmi artıb”.
Report.az
Onun sözlərinə görə, Azərbaycan İstanbul boğazından aktiv istifadə edən ölkələrdəndir: “Hər gün Azərbaycandan yola çıxan onlarla gəmi boğazdan keçir. Bakı-Supsa neft kəməri (Qərb İxrac boru kəməri) ilə nəql olunan neft müxtəlif ölkələrə buradan daşınır. Bundan başqa, xeyli sayda azərbaycanlı iş adamı buğda, kömür, yağ, dəmir və s. kimi müxtəlif çeşidli yükləri kirayəyə götürdükləri gəmilərlə müxtəlif ölkələrə apararaq ticarətini həyata keçirirlər. Xüsusilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) həyata keçirdiyi böyük enerji layihələri – STAR və “Petkim” üçün gündəlik 10-12 gəmi İstanbul boğazından keçməkdədir”.
Ekspert azərbaycanlı gəmiçilərin peşəkarlığından da danışır: “Bu günə qədər heç bir qəzada azərbaycanlı gəmiçinin adı hallanmayıb. Xəzər dənizi qapalı su hövzəsi kimi görünsə də, əslində çox büyükdür, Qara dənizin iki mislidir. Oradakı fırtınalar və çətin hava şərtləri azərbaycanlı gəmiçiləri çox təcrübəli edir. SSRİ dövründə də hərbi gəmilərdə azərbaycanlılar işləyirdilər və onların peşəkarlığı hər kəsə bəlli idi. İndi də azərbaycanlı gəmiçilər peşəkarlıqları ilə seçilirlər”.