Son illər ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda geniş struktur islahatlarına start verilib. Məqsəd iqtisadi idarəetmə mexanizmini təkmilləşdirmək, ölkəmizin hərtərəfli inkişaf və tərəqqisini sürətləndirməkdir. Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində islahatların yeni dalğasını anons etmiş, ölkənin ictimai-siyasi-mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlanmışdır. Dövlətimizin başçısı islahatlar modelini yığcam olaraq belə ifadə etmişdir: “Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”.
Qarabaginfo.az-ın xəbərinə görə, bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputat Anar Məmmədov deyib.
Bu gün hakimiyyətin bütün qollarında-qanunverici, icraedici və məhkəmə hakimiyyətlərində islahatlar gedir, prosesi asanlaşdırmaq məqsədilə yeni hüquqi aktlar qəbul edilir, heç bir dövlət orqanı yenilənmə, islahat kursundan kənarda qalmır. Ölkənin ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirən bu siyasi-hüquqi, institusional və kadr islahatları 2019-cu ilin son aylarından etibarən daha da intensivləşmişdir. Nazirlər Kabinetində, Milli Məclisin Aparatında, hüquq-mühafizə orqanlarında struktur və kadr dəyişiklikləri aparılmış, 2019-cu ilin noyabrında Prezident Administrasiyasının yeni strukturu təsdiqlənmiş, ilk dəfə olaraq Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılmışdır. Bu, ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlıq qurulması, habelə Milli Məclis ilə daha müntəzəm əlaqələrin təşkilinə verdiyi əhəmiyyətdən irəli gəlirdi.
Aydındır ki, ölkəmizdə həyata keçirilən köklü islahatlar qanunvericilik hakimiyyətindən də yan ötə bilməzdi. 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərində bütün siyasi qüvvələrin, siyasi partiyaların maneəsiz iştirakına şərait yaradılması sayəsində Milli Məclisin yeni tərkibdə, çoxpartiyalılığa əsaslanmaqla yenidən formalaşması islahatlara çox mühüm bir töhfədir. Həmin vaxt ölkədə rəsmən mövcud olan 55 siyasi partiyadan 20-si seçkilərdə iştirak etmişdir. Seçkilərin yekunu olaraq parlamentə seçilmiş 121 nəfərdən 70-i YAP, 10-u müxalif partiya nümayəndəsi, 41-i isə bitərəf olmuşdur.
İstər 2020-ci il, istər ötən il, istərsə də cari il ərzində Altıncı çağırış Milli Məclis yeni tərkibdə və yeni müstəvidə uğurla fəaliyyət göstərib və dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına öz töhfəsini verib. Milli Məclisdə aparılan kadr islahatları çərçivəsində gənc və savadlı kadrlar, o cümlədən, Milli Məclisin Aparatında uzun illər fəaliyyət göstərən təcrübəli dövlət qulluqçuları qabaqcıl vəzifələrə irəli çəkilib. Vətən müharibəsi qazisinin ailə üzvünə Milli Məclisdə yüksək vəzifə verilib.
Ötən dövr ərzində parlament, xüsusilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun işini qurub və normativ hüquqi bazanın formalaşdırılması istiqamətində mühüm addımlar atılmasında yaxından iştirak edib. Birmənalı şəkildə demək olar ki, Milli Məclis ötən dövr ərzində ölkədə həyata keçirilən islahatlara cavab verən bir ali qanunverici orqan kimi özünü təsdiqlədi.
Beləliklə, Milli Məclisdə aparılan islahatlar, həmçinin ölkədə mövcud olan siyasi partiyalarla qurulan konstruktiv əməkdaşlıq, iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində müzakirələr vasitəsilə inkişaf etdirilməsi daxili siyasi mühitdə yeni mərhələnin başlandığından xəbər verir.