Saytımızı qiymətləndirin


 
 

Deputat: “İrəvanda təhlükəsizlik tədbirləri yüksək peşəkarlıqla həyata keçirildi”
Tarix: 25-02-2022 | Saat: 18:32
Bölmə:Karusel / Siyasət | çapa göndər

Soltan Məmmədov, Tahir Mirkişili

“İclaslarda Ermənistan nümayəndələrinin bir çox əsassız ittihamlarına cavab olaraq bir daha vurğuladıq ki, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi beynəlxalq hüquq və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilib”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu bu gün keçirilən mətbuat konfransında Avronest Parlament Assambleyasının (PA) İrəvanda keçirilən komitə iclaslarında iştirak etmiş Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov bildirib.

Soltan Məmmədov qeyd edib ki, eyni zamanda, hərbi əsirlərlə bağlı Azərbaycanın açıq, beynəlxalq hüquqa söykənən mövqeyini ifadə ediblər: “Müharibədən sonra saxlanılan şəxslərin hərbi əsir kimi təqdim olunmasının heç bir əsası olmadığını söylədik. Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın azərbaycanlının itkin düşdüyünü və onlardan heç bir məlumat olmadığını nümayəndələrin diqqətinə çatdırdıq. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində yaşayan erməni əsillil vətəndaşların reinteqrasiyası üçün Azərbaycanın malik olduğu multikultural dəyərlərin ən yaxşı zəmanət olduğunu bildirdik. Azərbaycanın Ermənistanla sülh sazişi imzalamağa, sərhədlərinin delimitasiya və demarkasiyasına hazır olduğunu ifadə etdik”.

O, Ermənistan nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərdəki mədəni irs abidələri ilə bağlı ittihamlarına faktlar və konkret sənədlər əsasında cavab verdiklərini də vurğulayıb.

S. Məmmədov qeyd edib ki, “Səmərəliliyi və inzibati potensialı artırmaq üçün siyasi dialoq və institusional əməkdaşlıq əsasında dövlət qurumlarında idarəetmənin təşviqi” adlı sənədə təklif etdikləri əlavə, enerji məsələləri ilə bağlı müzakirələrdə Cənub Qaz Dəhlizinin əsas stimullaşdırıcısı kimi ölkəmizin strateji rolu, Avropanın enerji təhlükəsizliyinə töhfəsi, ölkəmizin “COVİD-19” infeksiyası ilə mübarizə sahəsində uğurları, eləcə də pandemiya ilə qlobal mübarizəyə verdiyi töhfələr, ölkəmizin regionda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edən təşəbbüsləri Avronest Parlament Assambleyasının üzvləri tərəfindən yüksək qiymətləndirilir:
“Səfərdən öncə və səfər zamanı biz hər an Azərbaycan dövlətinin güclü dəstəyini hiss etdik. Müvafiq dövlət orqanları zəruri məsləhətlərini, tövsiyələrini verdilər, eyni zamanda, təşkilati, texniki, təhlükəsizliklə bağlı bütün zəruri tədbirlər ən yüksək peşəkarlıqla həyata keçirildi. Bu faktın özü bir daha dövlətimizin gücünü nümayiş etdirir. Milli Məclisin rəhbərliyinin bu səfəri bilavasitə nəzarətdə saxlamasını da vurğulamağı vacib bilirəm. Azərbaycan kütləvi informasiya vasitələrinin səmərəli və son dərəcə təəssübkeş fəaliyyətini qeyd etmək istərdim. Fürsətdən istifadə edərək onların hər birinə təşəkkürümü çatdırıram”. (report.az)



Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər