Saytımızı qiymətləndirin


 
 

Sabiq baş memar: "Rasim Quliyevin bu işdə heç bir günahı yoxdur"
Tarix: 23-02-2022 | Saat: 18:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rasim Quliyev, BŞİH keçmiş Aparat rəhbəri

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Qarabaginfo.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə Bakı şəhərinin sabiq baş memarı Akif Abdullayev ifadə verib.

A.Abdullayev bildirib ki, Rasim Quliyev vəzifəyə təyin olunana qədər İcra Hakimiyyətində bütün layihələr hazır olub: "Rasim Quliyevin bu işdə heç bir günahı yoxdur. Onda möhür olması barədə isə məlumatım yoxdur. Onu deyə bilərəm ki, o bizim işimizə heç bir halda nəzarət etmək səlahiyyətində deyildi".

Məhkəmədə ifadə verən "FF-2011" şirkətinin rəhbəri Tamella İbrahimova isə bildirib ki, ərazidə tikinti aparmaq üçün Rasim Quliyevin sərəncamına qədər tikinti sənədlərini həll edib: "Rasim Quliyevin sərəncamına qədər bütün işləri həll etmişdim. Tikintiyə sərəncamı da almışdım, tikinti nişanını da. Rasim Quliyevin sərəncamının mənə heç bir aidiyyəti yox idi. Rasim Quliyev sərəncam verənə qədər biz binanın 4 mərtəbəsini tikmişdik".

Prosesdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Bərpası, İnkişafı və Qorunması üzrə Dövlət Xidmətində çalışmış Feyzi Rzayev də ifadə verib.

Proses martın 16-da davam etdiriləcək.

Xatırladaq ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs edilib. Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Qeyd edilən faktla bağlı Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Quliyev 3 il müddətinə azadlıqdan məhrum olunub.



Xəbəri paylaş

1234 dəfə oxunub.

Digər xəbərlər