Tarix: 23-02-2022 | Saat: 18:21
Bölmə:Karusel / Siyasət | çapa göndər
Milli Məclisin deputatları Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaginfo.az-a verilən məlumata görə, Milli Məclisin deputatı Əziz Ələkbərli Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş tədbirdə iştirak etmək üçün fevralın 24-də Türkiyənin İğdır şəhərinə səfər edəcək.
Tədbir Azərbaycanın Qarsdakı Baş Konsulluğu və İğdır Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşkilatçılığı ilə keçiriləcək. Toplantıda Xocalıda baş vermiş qətliamda həlak olan dinc insanların xatirəsi anılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş faciə barədə geniş məlumat veriləcək. Səfər fevralın 26-da başa çatacaq.
Milli Məclisin deputatı, Moldova ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sabir Hacıyev Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə Moldovada Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirlərdə iştirak etmək üçün fevralın 25-də Moldovanın paytaxtı Kişinyov şəhərinə yola düşəcək. Anım tədbirlərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq, insanlığa qarşı törədilmiş bu cinayət barədə ətraflı məlumat veriləcək, faciəni əks etdirən sənədlər nümayiş etdiriləcək. Səfər fevralın 28-də başa çatacaq.
Milli Məclisin deputatı Ramil Həsən isə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Bir insanlıq cinayəti: Xocalı soyqırımı” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün fevralın 25-də Şimali Kiprin Lefkoşa şəhərinə səfər edəcək. Şimali Kipr Türk Respublikasında (ŞKTR) fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfransda deputatımızın çıxışı nəzərdə tutulub. Tədbirdə Xocalıda baş vermiş qətliamda həlak olan dinc insanların xatirəsi anılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımı barədə geniş məlumat veriləcək. Səfər martın 1-də başa çatacaq.
Digər xəbərlər