Tarix: 22-02-2022 | Saat: 16:40
Bölmə:Karusel / Siyasət | çapa göndər
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Moldova Respublikası Parlamentinin sədri İqor Qrosu ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaginfo.az-a verilən xəbərə görə, Sahibə Qafarova qonağın Azərbaycana ilk rəsmi səfərinin uğurlu olacağına inamını ifadə edib.
Milli Məclisin sədri iki ölkənin müstəqillik yolu və tarixinə nəzər salaraq, müstəqillik dövründə Azərbaycanla Moldova arasında diplomatik əlaqələrin qurulmasından, hökumətlərarası birgə komissiyanın fəaliyyətindən, siyasi və iqtisadi münasibətlərin inkişafından söz açıb. Spiker bildirib ki, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız uğurla davam edir və bu qurumlarda deputatlarımız bir-birinə qarşılıqlı dəstək verirlər.
Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər barədə geniş məlumat verib. O, Moldova parlament sədrinin başçılıq etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərimizə səfər edəcəyini xatırladaraq qeyd edib ki, nümayəndə heyəti səfər zamanı həm Ermənistanın işğalçılıq siyasətinin faciəvi nəticələrini, həm də Azərbaycan tərəfindən həyata keçirilən böyük quruculuq və yenidənqurma işlərini öz gözləri ilə görəcək. Söhbət zamanı Milli Məclisin sədri Qarabağın tezliklə Azərbaycanın ən çiçəklənən guşələrindən birinə çevriləcəyinə əminliyini ifadə edib.
Görüşdə Moldova Parlamentinin sədri İqor Qrosu ötən il Afinada Avropa Parlament Sədrlərinin Konfransı çərçivəsində Milli Məclisin sədri ilə görüşünü xatırlayaraq, Moldovanın Azərbaycanla çoxtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu il iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 30 ili tamam olur və bu amil münasibətlərimizdə yeni yüksəliş üçün yaxşı platformadır.
O, ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcəyini vurğulayıb. İqor Qrosu ölkəmizin işğaldan azad olunmuş ərazilərimizdə apardığı bərpa və quruculuq işləri barədə məlumatlı olduğunu vurğulayaraq, həmin ərazilərə nəzərdə tutulan səfərin həyata keçirilən layihələrlə tanış olmaq üçün yaxşı imkan yaradacağını bildirib. Moldova parlamentinin sədri həmçinin Azərbaycanın qlobal pandemiyaya qarşı mübarizədə ölkəsinə göstərdiyi yardıma görə minnətdarlığını ifadə edib.
İqor Qrosu ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin vacibliyindən danışıb, Moldovadakı Azərbaycan diasporunun fəallığını təqdir edib. Bildirib ki, Moldova Avropa İttifaqı sərhədində yerləşən dövlət kimi əlverişli mövqeyə malikdir və ölkədə birgə layihələri reallaşdırmaq üçün yaxşı imkanlar var.
Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.
Digər xəbərlər