Tarix: 19-02-2022 | Saat: 21:59
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiya Prezidenti Vladimir Putin ballistik raketlərin iştirakı ilə strateji qüvvələrin təlimlərinin başlanılmasına göstəriş verib.
Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə birlikdə vəziyyət mərkəzindən ballistik raketlərin buraxılışını izləyir.
Kremlin saytında yerləşdirilən məlumatda bildirilir ki, Hərbi Aerokosmik Qüvvələri “Kinjal” hipersəs aeroballistik raketlərini, Şimal və Qara dəniz donanmasının gəmi və sualtı qayıqlarını – “Kalibr” qanadlı raketlərini və “Zirkon” hipersəs raketlərini buraxıb.
“İsgəndər” yerüstü qanadlı raketi “Kapustin Yar” poliqonundan, “Yars” qitələrarası ballistik raketi isə Plesetskdən buraxılıb. Tu-95MS strateji raket daşıyıcıları Pemboy və Kura poliqonlarındakı hədəfləri vura bilən havadan atılan qanadlı raketləri, “Kareliya” sualtı nüvə qayığı isə “Sineva” ballistik raketini atıb.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, bu manevrlər planlı xarakter daşıyır:
“Təlimlər hərbi komandanlıq və idarəetmə orqanlarının, buraxılış heyətlərinin, hərbi gəmilərin və strateji raketdaşıyıcıların ekipajlarının qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmə hazırlığının, o cümlədən strateji nüvə və qeyri-nüvə qüvvələrinin silahlarının etibarlılığının, müdafiə qabiliyyətinin yoxlanılması məqsədilə keçirilir”.
Digər xəbərlər