Saytımızı qiymətləndirin


 
 

Separatçılar səfərbərlik elan etdi
Tarix: 19-02-2022 | Saat: 12:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

Separatçı “Donetsk və Luqansk Xalq Respublikaları”nın 1,1 mindən çox sakini Rusiyanın Rostov vilayətinə gəlib. Rostov vilayətinin qubernatorunun birinci müavini İqor Quskov vilayətin təxminən 12 min nəfəri qəbul etməyə hazır olduğunu bildirib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə "TASS" informasiya agentliyi məlumat yayıb.

 

“Yeddi avtomobil, iki dəmir yolu və yeddi piyada keçid məntəqəmiz var. Fevralın 19-u saat 01:30-da buraxılış məntəqələrindən 1 157 nəfər, o cümlədən 363 uşaq keçib”, - vitse-qubernator deyib.

 

Quskov həmçinin qeyd edib ki, rəqəmlər ildırım sürəti ilə dəyişir: “Biz 11 829 nəfəri qəbul etməyə hazırıq. Bu gün Rostov vilayətinin ərazisində 549 nəfər, o cümlədən 182 uşaq hərəkət edir. Biz nəzarət-buraxılış məntəqələrində nəqliyyat vasitələrini müəyyən etmişik, onların sayı 48-dir. Müvəqqəti yaşayış məntəqələrinə ümumilikdə 373 nəfər yerləşdirilib, onlardan 177-si uşaqdır".

 

Donbasdan olan qaçqınlar Rostov vilayətindən başqa daha 7 rayona göndərilə bilər. Bu barədə bu gün Rusiya fövqəladə hallar nazirinin müavini Viktor Yatsutsenko bildirib.

 

“Rusiyanın 7 regionu qaçqınları qəbul etməyə hazırdır. Bunlar Krasnodar diyarı, Kursk, Voronej, Belqorod, Oryol, Bryansk, Moskva vilayətləridir”, - o vurğulayıb.

 

Beləliklə, Moskva vilayəti 10 minə qədər, Krasnodar diyarı 20 minə qədər insanı qəbul edə bilər.

 

Donbasda vəziyyətin ciddi şəkildə gərginləşməsi fonunda cümə günü separatçı “DXR” və “LXR” əhalinin Rusiyaya getməsini təşkil etdiklərini elan ediblər. Rostov vilayətinin qubernatoru Vasili Qolubev federal mərkəzdən kömək istəyib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin tapşırığı ilə bölgəyə gələn qaçqınların hər birinə 10 min rubl ödəniləcək, fövqəladə hallar naziri vəzifəsini icra edən Aleksandr Çupriyayan və "Rospotrebnadzor"un rəhbəri Anna Popova bölgəyə gəliblər.

 

Onu da qeyd edək ki, separatçı “DXR” rəhbəri Denis Puşilin və separatçı “LXR” rəhbəri Leonid Paseçnik ümumi səfərbərlik haqqında fərman imzalayıblar.

 

Səfərbərlik Ukrayna hökuməti tərəfindən separatçı “LXR”-ə qarşı təcavüzün dəf edilməsinə şərait yaratmaq məqsədilə elan edilib. Fərman “LXR” Xalq Milis hissələrinin, digər hərbi və xüsusi təyinatlı birləşmələrin tam döyüş hazırlığına gətirilməsini, habelə onların döyüş vaxtı heyətinə uyğun kadr təminatının təmin edilməsini nəzərdə tutur. Separatçı “LXR” rəhbəri həmçinin 18 yaşdan 55 yaşa qədər kişilərin respublikadan kənara çıxmasına qadağa qoyub.

 

Ukrayna mətbuatının Birləşmiş Qüvvələrin Baş Qərargahının mətbuat mərkəzinə istinadən verdiyi məlumatına görə, son sutka ərzində separatçı “LXR” və “DXR” tərəfindən Ukrayna Silahlı Qüvvələrinin mövqeləri 66 dəfə atəşə tutulub.

 

“Son sutka ərzində, fevralın 18-də Rusiya Federasiyasının silahlı birləşmələri tərəfindən 66 qanun pozuntusu qeydə alınıb, onlardan 52-si Minsk razılaşmaları ilə qadağan edilmiş silahlardan istifadə etməklə olub”, - məlumatda deyilir.



Xəbəri paylaş

285 dəfə oxunub.

Digər xəbərlər