Saytımızı qiymətləndirin


 
 

"Azərbaycan inkişaf etmiş ölkələr sırasında layiqli yerini daha da möhkəmləndirəcək" - Anar Məmmədov
Tarix: 15-02-2022 | Saat: 16:14
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Azərbaycan inkişaf etmiş ölkələr sırasında layiqli yerini daha da möhkəmləndirəcək” – Anar Məmmədov
Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında həyata keçirdiyi cinayətlər və onların miqyası heyrət doğurmaya bilmir. Düşmən xalqımızın mədəniyyətinə, irsinə, respublikamızın təbiətinə qarşı tarixdə görünməmiş vandallıq törədib. Hələ müharibə davam edərkən ölkə başçısı qeyd etmişdi ki, hərbi əməliyyatların ardından bu ərazilərdə başlanacaq işlər üçün yerli və xarici şirkətlərin təcrübəsindən istifadə ediləcək. Müharibənin ardın¬dan biz bunun şahidi oluruq. Tezliklə öz sahələri üzrə peşəkarlaşmış xarici şirkətlər yenidənqurma işlərinə cəlb edildi, bununla da Qarabağın bərpa prosesi başlandı. Məlumdur ki, böyük bir ərazini yenidən müasir dünyanın axarına uyğun hala gətirmək, bütün bir bölgəni yenidən qurmaq asan məsələ deyil. Lakin bu gün davam edən proseslər onu göstərir ki, Azərbaycan bu işlərin öhdəsindən gəlməyə qadirdir.

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərə ilk səfəri “Zəfər yolu”nun təməlinin qoyulması ilə yadda qaldı. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi.
Fevralın 13-də növbəti dəfə daha dəqiq desək, sayca üçüncü dəfə ölkə başçısının işğaldan azad olunmuş Ağdam rayonuna səfəri burada həyata keçirilən geniş tikinti-quruculuq işlərinin vüsətinin daha da artmasından, müasir infrastruktur layihələrinin reallaşması üçün lazımi addımların mümkün olan ən sürətli şəkildə davam etməsindən xəbər verir. Ağdam səfəri zamanı Prezident İlham Əliyevin öz çıxışında ”Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!” deməsi Ermənistana növbəti dəfə xəbərdarlıq xarakterli mesaj idi.
Dövlətimizin başçısının ötən il Ağdama səfəri zamanı Ağdam Sənaye Parkının təməli qoyulmuşdu. Bu dəfə isə artıq Ağdam Sənaye Parkında iki müəssisənin təməli qoyuldu. Yeni yaradılan sənaye zonaları, həmçinin Ağdam Sənaye Parkında yaradılan müəssisələr yerli istehsalın inkişafına geniş imkanlar yaratmaqla yanaşı, sərmayələrin cəlb edilməsinə, Qarabağı yenidən cənnətməkana çevrilməsinə mühüm töhfə verəcək.
Göründüyü kimi, bu gün Prezidentimizin bütün tapşırıqları uğurla icra olunur. İşğaldan azad olunmuş ərazilərin böyük iqtisadi potensiala malik olması ölkəmizin bu potensialdan maksimum yararlana bilməsindən xəbər verir. Bunların icrası da onu deməyə əsas verir ki, tezliklə Qarabağın iqtisadi imkanlarından əldə ediləcək dividendlər ölkənin qüdrətinin daha da yüksəlişi üçün real zəmin yarada bilər. Çünki Qarabağda dağ-mədən sənayesi, metallurgiya, yeyinti sənayesi, trikotaj, turizm, aqrar və “yaşıl enerji” kimi sahələrin böyük inkişaf potensialı var. Yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması isə ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına da əhəmiyyətli təkan verəcək. Dövlət büdcəsi hesabına Qarabağda 2,2 milyard manatlıq sərmayənin qoyuluşu da təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərdə yaradılacaq iqtisadi infrastrukturlar dayanıqlı inkişafa böyük imkan yaradacaq. Eyni zamanda xarici dövlətlərin iri şirkətləri də bu gün işğaldan azad edilmiş torpaqlarda investisiya yatırımına böyük maraq göstərirlər. Artıq Türkiyə, İtaliya, Böyük Britaniya, Pakistan, İsrail kimi dövlətlərdən Qarabağın bərpasına sərmayə axını başlayıb.
Davam edən işlər onu deməyə əsas verir ki, insanlar öz doğma ata-baba yurdlarına tezliklə qayıda biləcəklər. Əminliklə deyə bilərik ki, İlham Əliyevin müəyyən etdiyi Milli Prioritetlər qarşıdakı 10 il ərzində ölkəmizdə müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə və keyfiyyətcə yeni mərhələyə yüksəldəcək və Azərbaycan inkişaf etmiş ölkələr sırasında layiqli yerini daha da möhkəmləndirəcək.


Xəbəri paylaş

351 dəfə oxunub.

Digər xəbərlər
4-08-2022, 10:51 MN məlumat yaydı