Tarix: 14-02-2022 | Saat: 18:48
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanan Heydər Əliyev Fondu milli məqsədlərin reallaşdırılmasına müstəsna töhfələr verir".
Qarabaginfo.az bildirir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, xeyirxahlıq və humanizm Heydər Əliyev Fondunun istər ölkə daxilində, istərsə də xaricdə həyata keçirdiyi layihələrin əsas qayəsini təşkil edir: "Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin çox vacib istiqamətlərindən biri məhz Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanması, təbliğ edilməsi və dünya ictimaiyyətinə tanıdılmasıdır. Fondun dəstəyi ilə Azərbaycanın müxtəlif regionlarında onlarla tarixi-memarlıq, dini abidələr, Bakıda məscidlər, kilsələr, sinaqoqlar təmir və bərpa olunub".
Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə mədəni və dini abidələrin bərpasında Heydər Əliyev Fondunun rolu xüsusi vurğulanmalıdır: “Bu məqamda xatırlatmaq yerinə düşər ki, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-yenidənqurma işləri görülür. Fevralın 13-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-yenidənqurma işlərinin gedişi ilə tanış olublar.
Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir. Hazırda Heydər Əliyev Fondu məscidin bərpasına başlayıb. Layihənin icrası üçün Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti ilə müqavilə imzalanıb”.
V.İskəndərov söyləyib ki, azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi həyata keçirilir: “Bütün bu istiqamətlər üzrə işlər gedir. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi başlayıb. Dövlət başçısının da bəyan etdiyi kimi, bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir”.
Digər xəbərlər