Tarix: 08-02-2022 | Saat: 19:17
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Mükafatçılar sırasında olub-olmayacağımızı deyə bilmərəm, lakin ruhdan düşməmişik və iddiamızı davam etdirəcəyik".
Qarabaginfo.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Sabah"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra deyib.
42 yaşlı mütəxəssis azarkeşlərin qarşıdakı matçlarda "Qəbələ"nin ifasında daha məzmunlu oyun görəcəklərini bildirib: "Oyuna yaxşı başladıq, çoxsaylı epizodlara girdik. Sadəcə, dəyərləndirə bilmədik. Futbolun qanunu var ki, vurmayan vururlar. Rəqib də təzyiq edirdi. Aparıcı futbolçumuz Ruan Renatonun olmaması da öz sözünü dedi. Toparlanacağımızı düşünürəm".
Onun sözlərinə görə, komanda hücuma keçəndə arxa xətdə boşluqların olması normaldır: "Futbolun gözəlliyi ondadır ki, epizodları daha yaxşı dəyərləndirən komanda qalib gəlir. Təəssüf ki, biz bunu edə bilmədik. Rəqib isə şanslardan maksimum yararlandı".
Baş məşqçi transfer işlərinin yekunlaşdığını söyləyib: "Bununla bağlı edə biləcəyimiz böyük bir şey yoxdur. İnanıram ki, bu heyətlə də davam edə bilərik".
Baxşıyev çox vaxt əvəzetmədən meydana daxil olan Ülvi İskəndərliyə güvəndiklərini vurğulayıb: "Bəzən start heyətində də meydana çıxacaq. Ondan maksimum istifadə etməyə çalışacağıq".
Digər xəbərlər