Tarix: 04-02-2022 | Saat: 13:29
Bölmə:Karusel / Dünya | çapa göndər
Türkiyənin yerləşdiyi coğrafiya ayıq və aktiv siyasət yürütməyə vadar edir. Onun qonşuluğundakı Suriya və İraqda vəziyyət hələ də gərgin olaraq qalır. Regionda terror qruplaşmalarının fəaliyyəti Türkiyənin təhlükəsizliyi və ərazi bütövlüyünü təhdid edir. Başqa sözlə, Yaxın və Orta Şərqdə baş verənlər bu ölkəyə birbaşa təsir göstərir. Azərbaycan, Gürcüstan və Ermənistanla qonşuluğu onun Cənubi Qafqazda baş verən hadisələrlə bağlı regionun əsas aktorlarından olmasını şərtləndirir. Balkanlarda, Aralıq dənizi, Qara dəniz hövzələrində cərəyan edən proseslərə də Türkiyənin müdaxiləsinin zəruriliyi meydana çıxır. Bütün bunlardan başqa NATO üzvü olması da Türkyənin məsuliyyətini artırır.
Son illər Rusiya-Ukrayna münasibətlərində yaranan gərginlik rəsmi Ankaranın bu məsələyə diqqətini artırıb. Bəziləri sadaladığımız məsələlərdən Türkiyənin kənarda qalmasını iddia edir. Yaxud bunların ölkə sərhədlərindən xaricdə baş verdiyini əsas götürərək rəsmi Ankaranı yerli-yersiz tənqid edirlər. Ancaq baş verənlər hələ ki onların yanlış iddialarla çıxış etdiyini təsdiqləməkdədir. Fevralın 3-də Prezident Rəcəb Tayyib Ərdoğan iki ildən sonra Kiyevə səfər etdiyi üçün Türkiyə-Ukrayna münasibətlərinə və bu ölkə ilə Rusiya arasında yaranan gərginliyin aradan qaldırılmasında Türkiyənin rolundan bəhs edəcəyik. Səfər zamanı iki ölkə arasında iqtisadi, ticarət, maliyyə, elm və müdafiə sahələri üzrə müqavilələr imzalanıb. Azad Ticarət Zonasının yaradılması barədə razılaşma uyğun nazirlər tərəfindən təsdiqlənib. Türkiyə Ukrayna ilə ticarət dövriyyəsinin həcmini 20 milyard dollara çatdırmağı hədəfləyir. Hazırda bu rəqəm 7,4 milyard dolardır. İndiki halda Azad Ticarət Zonası vasitəsilə bu əlaqələr 10 milyard dollara çatdırmaq istəyirlər. Türkiyənin Lvov və Xarkovda Baş Konsulluq açması ilə bağlı razılıq əldə edilib. Ukrayna Türkiyədən pilotsuz uçuş aparatları almağı və onu birgə istehsal etməyi planlaşdırır. Azərbaycan torpaqlarının işğaldan azad olunmasının əvəzsiz rolu olmuş “Bayrakdar”ı Ukrayna da əldə etmək istəyir. Bu baxımdan, Türkiyə silah satan ölkələrdən biri kimi Ukrayna bazarını qaçırmaq istəmir. Bunun Rusiya ilə münasibətlərə elə də ciddi təsiri yoxdur. Müqayisə üçün qeyd edək ki, 44 günlük müharibə zaman Rusiya, Fransa və başqaları Ermənistana hərbi texnika, silah-sursat və raketlərlə yardım etmişdi. Hətta Rusiya istehsalı olan raketlər müharibə bölgəsindən çox uzaqlara düşmüşdü. Bu baxımdan istənilən dövlətin öz müdafiə qabiliyyətini gücləndirmək kimi suveren hüququ var. Ukrayna da bu hüququndan istifadə edir.
Ukrayna NATO-ya üzv olmaq istiqamətində fəaliyyət göstərir. Türkiyə isə Alyansın nüfuzlu və güclü dövlətlərindəndir. Bu baxımdan Ankara və Kiyevin bu istiqamətdə ortaq maraqları var. Ukrayna ərazisində, hazırda Rusiya tərəfindən ilhaq edilən Krımda türklər var. Onlar yarımadanın yerli sakinləridir. Ukrayna-Rusiya münasibətləri səbəbindən çoxlu sayda Krım tatarı, türkü yarımadanı tərk edib. Bölgədəki ictimai fəal tatarlar isə təqib və təzyiqə məruz qalır. İnsan haqlarının bir dövlətin daxili işi olmadığını əsas götürsək, onda Türkiyənin soydaşlarının hüquqlarını müdafiə etməsi təbii qarşılanmalıdır. Ona görə də Rəcəb Tayyib Ərdoğanın səfərinin gündəliyində duran məsələlərdən biri də Krım türklərinin vəziyyəti ilə tanış olmaq idi. Türkiyə və Ukrayna Qara dəniz vasitəsilə həmsərhəddir. Başqa sözlə, bu su hövzəsinin təhlükəsizliyinə onlar da cavabdehlik daşıyırlar. Bu baxımdan Qara dənizin və sahillərinin təhlükəsizliyinin təmin edilməsində hər iki dövlət maraqlıdır. Ukrayna ilə Türkiyə arasında turizm sahəsində çox geniş əməkdaşlıq mövcuddur və tərəflər bunu inkişaf etdirməyi planlaşdırırlar. Türkiyə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini taniyır. Bu, qonşu dövlətin pozulan hüquqlarının bərpasını dəstəkləyir. Bu da iki ölkənin bir-birinə yaxınlaşdıran amillərdəndir. Ukrayna ilə Türkiyənin ortaq mənafelərindən bəzilərini sadalamaqla rəsmi Ankaranın bu istiqamətdə fəallığının səbəblərini göstərməyə çalışdıq.
Son 10 ildə Rusiya-Türkiyə əlaqələri də inkişaf edib. Türkiyənin iş adamları Rusiyada tikinti, yüngül sənaye sahələrinə sərmayə qoyurlar. Bu ölkənin vətəndaşları Türkiyədə dincəlməyə üstünlük verirlər. İki ölkə arasında hərbi texnika və atom-nüvə texnologiyası sahələrində əməkdaşlıqlar da əlaqələrin genişliyindən xəbər verir. Rusiya istehsalı olan “S-400” zenit-raket kompleksini aldığı üçün Türkiyə ABŞ və NATO-dakı başqa müttəfiqlərindən məhdudlaşdırıcı tədbirlərə məruz qalıb. Rəsmi Ankara Moskvaya etibarlı tərəfkeş olduğunu bu addımı ilə sübut edib. Türkiyə və Rusiyanın Suriya məsələsində bir sıra ortaq mövqeləri var. Xüsusilə İdlibdə tərəflər addımlarını uzlaşdırmağa çalışırlar. Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının tikintisini Rusiya mütəxəssislərinə etibar etməsi də tərəflər arasındakı etimaddan irəli gəlir. İki dövləti birləşdirən ortaq xətlərdən biri də “Türk axını” qaz layihəsidir. Bu xətt Rusiyadan başlayıb Qara dəniz üzərindən Türkiyəyə ötürülür. Türkiyə ilə Rusiya Cənubi Qafqazda da ortaq mənafelər güdür. Zəngəzur dəhlizinin reallaşmasının, “3+3” formatında əməkdaşlıq edilməsinin, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin Moskva tərəfindən dətəklənməsi bunu təsdiqləyir. Türkiyə Rusiyadan neft alır. 2021-ci ilin fevralında Türkiyə ən çox bu ölkələrdən “qara qızıl” idxal edib: İraqdan 737 593 ton, Rusiyadan 537 194 ton, Qazaxıstandan isə 433 456 ton. Türkiyə-Ukrayna, Türkiyə-Rusiya münasibətlərindən göründüyü kimi, hər iki ölkə Türkiyəyə yaxın məsafədədir. Burada əsas məsələ Ukraynanın ərazi bütövlüyünün pozulmasına rəsmi Ankaranın yanaşmasıdır. Elə bu problem münaqişənin əsas nəticəsidir. Türkiyə bunu aradan qaldırmaq üçün tərəflərlə ayrı-ayrılıqda görüşməyə və sonra onların görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirir.
Düzdür, ABŞ və müttəfiqləri ilə müqayisədə Türkiyənin Rusiyaya təsir etmək imkanı elə də böyük deyil. Ancaq Ankara ilə Moskvanın bir-birinə etimadı o birilərindən daha fərqlidir. Bu baxımdan, Rusiya Türkiyənin təkliflərini qəbul edə bilər. Moskva bu addımı ilə həm də regional münaqişələrin bölgə dövlətlərinin əməkdaşlığı ilə həllinin daha faydalı olduğunu göstərər. Ancaq hələ ki Rusiyanın Ukraynanın ərazi bütövlüyünə münasibəti beynəlxalq normalara uyğun görünmür. Moskvanı tutduğu mövqedən geri çəkilməməsi isə Qara dəniz hövzəsinə daxil başqa ölkələrin də təhlükəsizliklərinin qayğısına qalmasını zəruri edir.
Nəhayət, Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçilik cəhdi bölgədə müharibə təhlükəsinin azaltmağa xidmət edər. NATO ölkəsi olan Türkiyə bu məsələdə hər iki dövlətə və bütün tərəflərə yaxındır. Nə NATO-da, nə də Avropa İttifaqında Rusiya və Ukraynaya bu qədər yaxın, obyektiv başqa dövlət çətin tapılar. Odur ki, Rusiyanın yaranmış bu şansı daha real qiymətləndirməsi bütün tərəflərin xeyrinə olar. Rəcəb Tayyib Ərdoğanın səfəri regional sülh və təhlükəsizliyin təmin olunmasına xidmət baxımından əhəmiyyətli idi. NATO ölkəsi olan Türkiyə barışdırıcı mövqeyi ilə Rusiya və Ukraynanın, habelə Qərblə Şərqin maraqlarını qoruyur.
Digər xəbərlər