Tarix: 02-02-2022 | Saat: 18:28
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu gün Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu çərçivəsində panel keçirilib.
Qarabaginfo.az-ın məlumatına görə, Forumda “Qarabağa Dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyev, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin baş məsləhətçisi Sultan Hacıyev, Vətən müharibəsi qazisi Vasif Dilavərzadə, Beynəlxalq Alpinizm Federasiyanın (UIAA) buzadırmanma komissiyanın baş katibi İsrafil Aşurlu çıxış ediblər.
“Qarabağa Dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyev 30 il məcburi köçkün həyatı yaşadıqlarını bildirib. T. Gəncəliyev deyib ki, həm Şuşanın düşmən atəşi altında olduğu, həm də məcburi köçkün həyatı yaşadıqları dövrlərdə hər zaman təhsilə, öyrənməyə xüsusi diqqət yetirib: “Xarici İşlər Nazirliyində 15 il çalışdım, daha sonra Dağlıq Qarabağın Azərbaycanlı İcmasına rəhbərlik etdim. Şükür ki, Prezident İlham Əliyevin ətrafında birləşən gənclərimiz torpaqlarımızı azad etdi”.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin baş məsləhətçisi Sultan Hacıyev bildirib ki, bütün xalqımız yumruq şəklində birləşərək torpaqlarımızı azad edib: “Ancaq torpaqlarımızın azad edilməsində gənclərimiz xüsusi rol oynayıb. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının əməkdaşı kimi postmünaqişə dövründə quruculuq işlərində iştirak edirəm və buna görə çox xoşbəxtəm. BMT-nin əməkdaşı kimi Əfqanıstan, Yəmən, İraq və Somalidə postmünaqişə dövründə quruculuq işlərində çalışmışam, Azərbaycanda bu sahədə görülən işlərin analoqu yoxdur. Azərbaycan bu quruculuq işlərini məhz öz resursları hesabına həyata keçirilir”.
S. Hacıyev qeyd edib ki, əsas insanın Vətən üçün nə etməsidir: “Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Siz gənclərin hər birinə uğurlar arzulayıram”.
Vətən müharibəsi qazisi Vasif Dilavərzadə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücünü döyüş meydanında sübut etdiyini söyləyib: “O torpağı Qarabağı görməmiş gənclər azad etdi, o torpaqları görməyən biz gəncləri bu ruhda yetişdirdilər. Mən xüsusi təyinatlılar sırasında olmuşam, hər zaman verilən tapşırıqlara vicdanla yanaşmışam. Təlimlərdə üzləşdiyimiz çətinliklər sonra döyüş meydanında bizə lazım oldu. Gənclərə daim üzərlərində yorulmadan çalışmağı tövsiyə edirəm. Hər kəs vicdanla dövlətinə, millətinə xidmət edərsə, bu, vətənpərvərlikdir. Bir məqamı qeyd edim. Yaralı idim, maşınla hospitala gətiriləndə uzun yol keçdik. O yola baxanda deyirdim ki, işğaldan azad etdiyimiz torpaqlar nə qədər böyük imiş. Bu torpaqlar bizim üçün çox dəyərlidir”.
Beynəlxalq Alpinizm Federasiyanın (UIAA) buzadırmanma komissiyanın baş katibi İsrafil Aşurlu bildirib ki, Everesti fəth etmiş ilk azərbaycanlı alpinistdir: “Antraktikada, Everestdə Azərbaycan bayrağını qaldırmışam. Mən hər ekspedisiyadan əvvəl bu Azərbaycan bayrağını götürürəm, ekspedisiyadan sonra o bayrağı qaytarıram. İnşallah, yaxın 3 ildə dünyanın ən yüksək – 8 km-dən yüksəkdə olan 14 zirvəsindən qalan zirvələrinə də çıxmaq istəyirəm. Bu zirvələri “Dünya Tacı” adlandırırlar. Mən bu zirvələrdən indiyə qədər çıxmadığım zirvələrə də 2022-2025-ci ildə çıxmaq, bununla da “Dünya Tacı” layihəsini icra etmək istəyirəm”.
Fərid Novruzlu isə iş həyatında qazandığı uğurlardan və dünya ölkələrinə səyahətdən danışıb: “44 günlük Vətən müharibəsindən sonra dünyanın hər yerinə başımız uca gedirik. Mən dünya ölkələrinə səfərlər zamanı ölkələrimizlə bağlı həqiqətləri çatdırmağa çalışmışam. Gənclərimizi də həqiqətlərimizi dünyaya çatdırmağa çağırıram”.
Paneldə çıxışçılar gəncləri maraqlandıran sualları cavablandırıblar. (apa.az)
Digər xəbərlər