Tarix: 02-02-2022 | Saat: 14:26
Bölmə:Karusel / Gündəm | çapa göndər
Şəhid Milli Qəhrəmanımızın həyat yoldaşı kimi Şahvələdova Mətanət Ziyəddin qızına, eləcə də onların tək övladına (23 yaşadək) uzun illər Prezidentin aylıq təqaüdü ödənilib.
Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili bildirib.
R.Mehdili qeyd edib ki, sosial ödənişlərin təyinatında şəffaflığın təminatı vəziyyətinin yoxlanılması üçün keçirilən monitorinq zamanı Mətanət Şahvələdovanın şəhidin həyat yoldaşı olduğunu təsdiq edən nigah haqqında şəhadətnamə olmadığı müəyyən edildiyindən qanunvericiliyin tələbi ilə həmin təqaüdün ödənişi saxlanılıb:
"Lakin Vətənimizin ərazi bütövlüyü uğrunda igidlik göstərmiş Milli Qəhrəmanımızın ailəsinin üzləşdiyi bu vəziyyətin aradan qaldırılması, ailənin xeyrinə hüquqi addımların atılması ilə bağlı işlərə başlanılıb.
Bu səbəbdən, habelə ailənin uzun illər müvafiq sosial ödənişlə təmin edildiyi nəzərə alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həmin təqaüdün bərpası və ödənişinin davam etdirilməsi məsələsinin məhkəmə qaydasında həll edilməsi nəzərdə tutulub".
Qurum rəsmisinin sözlərinə görə, artıq bunun üçün Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının hüquqşünasları tərəfindən müvafiq işlərə başlanıb:
"Filialın əməkdaşları ailəni evində ziyarət edərək, məhkəməyə müraciət edilməsi üçün müvafiq sənədləşdirmə, habelə nigahı təsdiq edən məlumatları toplayıblar. Məsələnin müsbət həlli üçün işlər davam edir".
Qeyd edək ki, Milli Qəhrəman P. Səmədov 5 may 1970-ci ildə Gəncə şəhərində anadan olub. O, könüllü olaraq 1992-ci ildə Ağdam cəbhəsində döyüşlərə qatılıb və komandir təyin edilib. Elə həmin ilin mayında Ağdam rayonunda şəhid olub. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə ona Milli Qəhrəman adı verilib. Gəncə şəhərində dəfn edilən qəhrəmanın adına orada bir neçə küçə də var.
Digər xəbərlər