Tarix: 31-01-2022 | Saat: 19:02
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Prezident İlham Əliyev hər zaman Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə xüsusi diqqət ayırıb. İlham Əliyevin Prezident olduğu 18 il ərzində Gəncəyə 18 dəfə səfər etməsi də bunun bir göstəricisidir”.
Qarabaginfo.az bildirir ki, bunu APA-ya açıqlamasında 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin deputatı Naqif Həmzəyev bildirib.
N. Həmzəyev deyib ki, yanvarın 30-da Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri gəncəlilər tərəfindən çox böyük rəğbətlə qarşılanıb: “Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 18 il ərzində Gəncənin elektrik enerjisi ilə təchizatı tam öz həllini tapıb. Qazlaşdırma da tam həyata keçirilib. Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunması üçün həyata keçirilən layihənin isə 42 faizi icra olunub. Dövlət başçısı Gəncədə olarkən bu layihənin icrasının sürətləndirilməsi üçün də müvafiq tapşırıq verdi. Gəncəyə gedən avtomobil yolları da tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. Hazırda Gəncə-Qazax-Gürcüstan sərhədi yolu iki zolaqdan dörd zolağa genişləndirilir. Eyni zamanda, Gəncədən digər şəhərlərə - Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılıb. Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksəksürətli qatarlar işləyir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl yenidən qurulub. Digər tərəfdən, şəhərdə həm səhiyyə, həm təhsil sahəsində bütün sosial infrastruktur yenilənib”.
Deputat qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Gəncə eyni zamanda Kəlbəcər və Laçın rayonlarının inkişafında xüsusi yer tutur və tutacaq: “Çünki hazırda bizim Kəlbəcərə yeganə gedə biləcəyimiz yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərədir. Murov aşrımından keçən bu yol faktiki olaraq sovet vaxtında olmayıb, bir cığır idi. Dövlət başçısının tapşırığı ilə qısa müddət ərzində o cığırı genişləndirilib. Hazırda qış aylarında da bu yoldan rahat istifadə edilməsi üçün hazırda Murov dağının altından böyük - uzunluğu təqribən 12 kilometr olan tunel çəkilir. Yəni, Kəlbəcərin gələcək inkişafı, vətəndaşların oraya qayıtmaları və Kəlbəcər rayonunun, eyni zamanda, Laçın rayonunun təchizatı böyük dərəcədə bu bölgədən təşkil ediləcək. Ona görə də Prezident İlham Əliyevin vurğuladığı kimi, Gəncə və bu zona azad edilmiş torpaqların bərpası, vətəndaşların rahat yaşaması üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda bizim hərbi postlarımıza, bizim sərhəd boyunca yerləşən postlara da əsas təchizat buradan gedir. Ona görə Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaq. Digər tərəfdən, Daşkəsən rayonunda dağ-mədən sənayesinin uğurla inkişafı da böyük dərəcədə Gəncədəki infrastrukturla bağlı olacaq. Çünki orada həm qızıl yataqları, həm də dəmir filizi yataqları mövcuddur. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarında Gəncə şəhəri həmişə xüsusi yerə malik olub. Bu gün də belədir, sabah da belə olacaq”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Gəncəyə son səfəri zamanı çox vacib infrastruktur layihələrinin açılışı, təməlqoyma mərasimləri oldu: “Məsələn, hazırda tikilən Gəncə İdman Sarayı Azərbaycanda ən böyük belə idman kompleksi olacaq. Bütün bunlar bir daha onu göstərir ki, Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim dövlət başçısının diqqət mərkəzindədir”.
N. Həmzəyev dövlət başçısının Gəncəyə səfəri zamanı Vətən müharibəsi ərzində erməni faşist ordusu tərəfindən dağıdılmış ərazidə Memorial Kompleksin təməlini qoyduğunu qeyd edib: “İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu Memorial Kompleks sayəsində bu dinc sakinlərin yaxınları təskinlik tapacaq. Bu kompleks erməni terrorunun, erməni vəhşiliyinin, erməni hərbi cinayətlərini ifşa etmək və dünya ictimaiyyətinə çatdırmaq üçün bu kompleks çox mühüm rol oynayacaq. Bu kompleks erməni terrorunun, erməni vəhşiliyinin, erməni hərbi cinayətlərini ifşa etmək və dünya ictimaiyyətinə çatdırmaq istiqamətində çox mühüm rol oynayacaq”.
Digər xəbərlər