Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda tikinti şirkətlərinin işini ləngidən səbəblər açıqlanıb
Tarix: 31-01-2022 | Saat: 18:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda tikinti şirkətlərinin işini ləngidən səbəblər açıqlanıb

Bu gün bütün Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş torpaqlarımızda quruculuq işləri sürətlə davam edir. Bu isə tikinti şirkətlərinin öhdəsinə ciddi vəzifələr qoyur. Yeni infrastrukturun qurulması, tikinti şirkətləri üçün də böyük imkanlar açır. Bəs onlar yaranmış tələbə nə dərəcədə cavab verə biləcəklər? Öhdələrinə düşən bu vəzifəni icra edən zaman qarşılarına hansı problemlər çıxır?

Qarabaginfo.az bildirir ki, "Report"a bu sualların Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası Kommersiya Hüquqi Şəxslərinin İttifaqının sədri Ramiz İsayev cavablayıb..

O bildirdi ki, hər bir ölkənin iqtisadi durumunu və imkanını göstərən sahələrdən biri tikinti sektorudur. Əgər bu sektorda canlanma varsa, deməli, həmin ölkə iqtisadi cəhətdən inkişaf edir:

“Ölkə başçısının tikinti-quruculuq və abadlıq işlərinin zövqlə, günün tələbləri səviyyəsində aparılmasına dair tapşırıq və tövsiyələri təsərrüfat subyektlərinin üzərinə böyük məsuliyyət qoyur. Ümumiyyətlə, son 10 il ərzində ölkədə istehsal və sosial infrastruktur sahələrinin, eləcə də yaşayış binalarının tikintisi sürətlə davam etdirilib. Tikinti sektorunun real həcmində hər il orta hesabla 5,1 % artım qeydə alınıb, sahə üzrə yerinə yetirilən işlərin ümumi həcminin 35 %-ə qədəri yaşayış və qeyri-yaşayış binalarının tikintisinin payına düşüb”.

R.İsayev qeyd etdi ki, tikinti sahəsində idarəetmənin institusional strukturu, mənzil inşaatının idarə edilməsi sistemi təkmilləşdirilib, bütün əhali qrupları üçün əlçatanlığı artırılıb. Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi, mövcud obyektlər üzrə məlumatların reyestri sistemi qurularaq, istifadəyə verilib.

“Bakı şəhəri üzrə ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin inşasına və istismarına icazənin alınmasının “bir pəncərə” prinsipi əsasında elektron formada müraciət qaydası sistemi qurulub, tələb olunan prosedurların sayı, vaxt və xərclər azaldılıb.

Tikinti sektorunda bütün bu həyata keçirilən tədbirlərin nəticəsində mövcud sahədə yüksək göstəricilər əldə edilib. Belə ki, 2021-ci il ərzində Azərbaycanda investisiyaların 1 milyard 029,5 milyon manatı (6,4 %-i) yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitlərin 11 milyard 015,7 milyon manatı və ya 68,3 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənib”.

R.İsayev pandemiya dövründə bütün dünyanı əhatə edən durğunluğun tikinti şirkətlərinin işinə təsirindən də söz açdı. O bildirdi ki, bu mənfi təsirin öhdəsindən tezliklə gəlmək mümkün olub:

2020-ci ilin ikinci rübündən başlayaraq Prezident İlham Əliyevin göstərişi ilə digər dövlət əhəmiyyətli sektorlar kimi, tikinti sektoru üçün də müəyyən təxirəsalınmaz layihələr hazırlanaraq tətbiq edilməyə başlanıb və bu minvalla təkcə 2020-ci ilin ikinci yarımili üçün İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 100 milyonlarla manat məbləğində yeni ipoteka kreditlərinin verilməsi qərara alınıb. Elə bu qərarla tikinti sektorunda yeni canlanma başlayıb və pandemiya zamanı ən az itki ilə çıxan sahələrdən biri də məhz tikinti sektoru olub”, - İttifaqının sədri bildirib.

Tikinti sektoru subyektlərinin öz fəaliyyətləri ilə əlaqədar ödədikləri vergilərlə bağlı son dövrlər Vergi Məcəlləsinə çox mühüm dəyişikliklər edilib ki, bu da sektor iştirakçılarının fəaliyyətinin daha da genişləndirilməsinə kömək etdiyini bildirən R.İsayev sektorda olan çatışmazlıqlardan da söz açdı:

“Tikintisinə icazə tələb edilən sahələr üzrə icazələrin verilməsi proseduru bəzi hallarda tikinti subyektlərinin fəaliyyətində ləngiməyə səbəb olur. Buna görə də bu proses sadələşdirilməli və müəyyən müddətlə məhdudlaşdırılmalıdır. Belə olacağı təqdirdə tikinti sektorunda şəffaflıq artmaqla yanaşı, bu sektorun inkişafı əhəmiyyətli dərəcədə artacaq. Nəticədə bu da ölkə iqtisadiyyatına öz müsbət töhfəsini verəcək”.

Azərbaycanda tikinti materiallarının bahalaşma səbəbini şərh edərkən “Report”a Azərbaycan Tikinti Materiallarının İstehsalı Assosiasiyasından bildirilib ki, dünya bazarında bir çox inşaat materiallarının qiymətlərinin artımı müşahidə olunur:

"İnşaat materiallarının qiymətinin qalxmasının başlıca səbəbi yalnız xüsusi növ məhsulların xammalının (sement və s.) qiymətinin artımı ilə əlaqəlidir. Qiymət artımının digər bir səbəbi isə gips-karton lövhələri üçün istifadə edilən kağız və digər tikinti materiallarının qablaşdırılması üçün istifadə olunan kağız torbaların idxalında gömrük rüsumunun tətbiq edilməsidir".

Assosiasiyada hesab edirlər ki, son ildə yerin təkindən olan tikinti materiallarının istehsalında əsas xammal kimi istifadə olunan faydalı qazıntıların hərrac yolu ilə verilməsi qiymət artımına səbəb olan amillərdən biridir: "Türkiyə təcrübəsində bu cür xammalar üçün hərrac keçirilmir. Bu kimi amillər də hazırda tikinti materiallarının qiymət artımına səbəb olur. Hazırda inşaat materialları bazarında xüsusi qiymət artımı müxtəlif faiz aralığında dəyişir. Bu artım isə mütəmadi və yaxud müntəzəm xarakter daşımır”.



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər